09 iyul 2024 00:10
304

Əli Kərimlidən acı etiraf

Yaxud AXCP sədrini elə onun özünün müavini Fuad Qəhrəmanlı ifşa edir

Son illər partiya sədrliyindən bloger səviyyəsinə düşən, öz inkarçı fəaliyyəti ilə cəmiyyətdən uzaq düşüb marginallaşaraq özünü cəmiyyətdən təcrid edən AXCP sədri Əli Kərimli sosial şəbəkələrdəki siyasi demoqogiyası ilə anti-Azərbaycan fəaliyyətini daha genişləndirib. Birmənalı demək olar ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimizin yaratdığı reallıqlarla barışa bilməyən bədxahlarımızın ölkəmizin əleyhinə olan “yol xəritələri”nə uyğun hərəkət edən radikal müxalifət düşərgəsinin bu başabəla “başbiləni” öz dəstəsi ilə antimilli bir gücə çevrilərək hazırda hakimiyyətə, iqtidara deyil dövlətə, dövlətçiliyə qarşı müxalifətçilik edir.

Bütün sosial dayaqlarını itirən, yalnız beş-on trolun ümidinə qalan AXCP sədri  bir siyasi partiyanın rəhbəri olaraq ölkəmizdə sentyabrın 1-nə təyin olunmuş parlament seçkilərində iştirak etmək üçün hazırlıq işlərinə başlmaq əvəzinə sosial şəbəkələr vasitəsilə cəmiyyətdə süni gərginliyin yaradılması istiqamətində, necə deyərlər, “əzmlə” çalışmaqdadır”. Uzun illərdən bəri antmilli fəaliyyətinə görə cəmiyyətdən uzaq düşən Ə.Kərimli avtoritar idarəçiliyi ilə, eləcə də korporativ maraqları naminə Ə.Elçibəydən qalma bir partiyanı iflic etdiyini ört-basdır etmək üçün həmişə olduğu kimi, yenə də müxtəlif bəhanələrlə, əsassız iddialarla növbəti parlament seçkilərini “boykot” etmək yolunu seçir. AXCP sədri bu qərarını əsaslandırmaq üçün guya seçkilərə hazırlıqsız yaxalandıqlarını bəhanə edərək sivil mübarizədən, intellektual rəqabətdən qaçmaq istiqamətində atdığı addımlara bəraət qazandırmaq üçün ağ yalanlar  uydurur.

Ə.Kərimli sosial şəbəkələrdəki çıxışlarında həqiqətləri gizlətməyə çalışsa da buna nail ola bilmir, əksinə təmsil olunduğu dağıdıcı düşərgənin paxırını açır, özünü  və “əqidədaşlarını” ifşa edir. Siyasi bioqrafiyası yalanlarla, xəyanətlərlə dolu olan Ə.Kərimli bir müddət əvvəl xidmət etdiyi anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edərək 2024-cü il 7 fevral növbədənkənar prezident seçkiləri ətrafında yerli-yersiz hay-küy qaldıraraq, şou düzəldərək gündəmdə qalmağa çalışırdı. İctimai rəyi çaşdırmaq məqsədi güdən yalan və iftiralardan istifadə edən AXCP sədri beynəlxlaq müşahidəçilərə və təşkilatlara seçki prosesi ilə bağlı yanlış məlumatlar ötürərək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu mühüm siyasi kampaniyalara xələl gətirərək özü barədə saxta “demokratiya təəssübkeşi” obrazı yatarmaq üçün gecə-gündüz tər töksə də, heç nəyə nail ola bilmir.

Əslində bütün bunlar çoxdan sınanılmış üsullardır. Taleyin ironiyasına bax. Ə.Kərimlini seçki kələkbazlığını elə onun özünün müavini Fuad Qəhrəmanlı ifşa etmişdi. O zaman F.Qəhrəmanlı belə demişdi: ...“Reallıq bundan ibarətdir ki, bu seçki prosesində hansısa yeni situasiya yaratmaq imkanımız yoxdur”...İndiki mərhələdə bizim şansımız fevralın 7-də olan seçki ilə bağlı deyil, bizim şansımız sonrakı mərhələ ilə bağlıdır”. Sonrakı mərhələ isə hamımıza bəllidir.

AXCP-nin boykot qərarı ilə bağlı daha maraqlı bir məqama diqqət edək. Seçiklərdə iştirakla bağlı jurnalistin verdiyi suala Ə.Kərimli etirafedici cavab verir: “Bilirsiz, boykot nəyisə dəyişməkdən ötrü olmur. Boykot özü bir çarəsizlikdir”...” Acı və tarixi bir etirafdır, deyilmi?...

 Bütün bunların fonunda bütün siyasi kapitalı tükənən, müxalifətçiliyi dağıdıcılıq, pozuculuq, inkarçılıq kimi qavrayan, antimilli görüşlərinin, şəxsi ambisiyalarının və siyasi hirsinin-hikkəsinin əsirinə çevrilən, absurd teatrındakı rolunu uğursuzcasına oynayan, marginallaşaraq xalqdan uzaq düşən Ə.Kərimli və onun kimilər “boykot” deyə-deyə siyasi səhnədən silinərək tarixin tozlu arxivində itib-batacaqlar.

 Zahid Rza, “İki sahil”