08 iyul 2024 15:36
432

Azərbaycan Türk Birliyini reallığa çevirir

Qədim və dərin köklərə malik, zəngin mədəniyyətə sahib olan türk ölkələri… Əsrlər boyu bir-birindən uzaq düşən kökü bir, tarixi bir qardaş ölkələr bu gün heç zaman olmadığı kimi böyük birlik nümayiş etdirirlər. Bəli, bu günlərdə hamımız Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Bu gün bütün türkdilli və türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə nümayiş etdirirlər.

Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında olduqca önəmli fikirlər səsləndirib. Dövlətimizin başçısı bildirib ki,  XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. SİTAT: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.”

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmiş və göstərməkdə davam edir.

 Türk dünyasının mədəniyyət paytaxtından verilən mesajlardan aydın oldu ki, təşkilata üzv ölkələr TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin zirvə görüşündə bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün dəyərləndirmək və konkret addımlar atmaq niyyətini bir daha ortaya qoydu.

«Xarıbülbül» festivallarının,  Vaqif Poeziya günlərinin sevincini yaşayan bu qədim diyar türk dünyasının siyasi, mədəni irsinə şahidlik edir.  Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsü,  onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyətləri birləşdirən müxtəlif tədbirlərə ev sahibliyi edən  Şuşa yenə də bütün dünyanın diqqət mərkəzindədir.  2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşanın  önəmi təkcə bu dəyərlə  məhdudlaşmır.  Beynəlxalq əhəmiyyətli  tədbirlərə ev sahibliyi edən,  Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə TDT-in kollektiv təhlükəsizliyinin əsası qoyulan Şuşa türk dünyasının alınmaz qalasıdır. Prezident İlham Əliyevin bu təşkilatla bağlı apardığı iş, irəli sürdüyü ideyalar qurumun gələcək inkişaf trayektoriyasının etibarlı bələdçisidir.

Bu gün Azərbaycan türkdilli ölkələr arasına siyasi, mədəni və iqtisadi birlik üçün, inteqrasiya üçün vacib platformaya çevrilib. Gəlin Azərbaycanın bu birliyin yaranması üçün atdığı mühüm addımlara nəzər yetirək. Hələ 2009-cu ildə  Türkdilli  Ölkələrin Dövlət Başçılarının Naxçıvanda keçirilən  IX Zirvə toplantısında  təməli qoyulan,  strateji tərəfdaşlığın  faydasını “Biz bilirik ki,  beynəlxalq müstəvidə  öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də  asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə  möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü  olacaqdır” ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri  artıq perspektiv deyil, reallıqdır.  Dünyanın siyasi arenasında artıq Türk Dövlətləri Təşkilatı (TDT) kimi fəaliyyətini davam etdirən,  mövqeyi möhkəmlənən, beynəlxalq  münasibətlər sistemində baş verən qlobal proseslərə təsir imkanları artan  bu qurum qarşısıalınmaz güc mərkəzi kimi  tanınır.  Bu mərkəzin aparıcı gücü, düşünən beyni Türkiyə - Azərbaycan qardaşlığıdır.

 İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanla bir olduğunu siyasi, hərbi, mənəvi dəstəyi ilə bildirən, torpaqlarımızın işğaldan azad olunmasında, Ermənistan üzərində Zəfərimizin qazanılmasında Türkiyənin yardımını yüksək dəyərləndirən dövlət başçımızın vurğuladığı kimi, bu dəstək Azərbaycan xalqına əlavə güc verdi. Bəli, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bu birliyin, qardaşlığın dünyaya növbəti təqdimatı oldu.

Seyfəddin Əliyev,

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri