08 iyul 2024 14:29
362

Şuşa Türk birliyinin və həmrəyliyinin rəmzidir

Azərbaycan Respublikasının xarici siyasətinin təməlini dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi təşkil edir. Şübhəsiz ki, Türk dövlətləri ilə olan mehriban əlaqələrimiz və dostluq münasibətlərimizin inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılması bu siyasi kursda xüsusi əhəmiyyət kəsb edir. Tarixə qısa bir nəzər saldığımız zaman dövlətimizin bu xarici siyasi strategiyasının bizə dahi Ulu Öndər Heydər Əliyevdən miras qaldığını aydın şəkildə görə bilərik. Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri hər zaman prioritet hesab etmiş və türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə şəxsən töhfələr vermişdir. Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərmiş, bütün bunları dövlətimizin xarici  siyasətinin başlıca prioriteti kimi diqqət mərkəzində saxlamışdır.

Hazırda Türk dövlətlərinin birliyini, bərabərliyini, qardaşlığını beynəlxalq arenada təmsil edən ən mühüm təşkilat “Türk Dövlətləri Təşkilatı” dır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılmışdır. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olmuş, daha sonra  2021-ci ildə təşkilatın adına dəyişiklik edilmişdir. Hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirməkdədir. Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Dövlətlər Təşkilatı ildə bir dəfə qeyri – rəsmi Zirvə görüşü keçirməkdədir.

 Cari ilin 6 iyul tarixində, Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə  Türk Dövlətlər  Təşkilatının növbəti Zirvə görüşü  Vətənimizin dilbər guşəsi Şuşa şəhərində keçirilmişdir. Təşkilatın növbəti Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etmişdirlər . Zirvə görüşü çərçivəsində dövlət başçımız İlham Əliyev qonaqlar qarşısında çıxış etmişdir.

Cənab Prezident çıxışına Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsinin əhəmiyyətini vurğulayaraq başlamışdır. Böyük coğrafi məkanı  əhatə edən Türk dünyası zəngin təbii resursları, Mərkəzi Asiyanı, Qafqazı, Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərini, zəngin və qədim tarixi, mədəniyyəti özündə cəmləşdirir. Cənab Prezident XXI əsrin Türk dünyasının inkişaf əsri olmasının önəmini vurğulamış, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi, eyni etnik köklərə malik olmalarının bizi sıx birləşdirən əsas amillərdən olduğunu söyləmişdir.

 Dövlət başçıcı İlham Əliyev çıxışında Qarabağın tacı Şuşa şəhərinin Azərbaycanın mədəni, ictimai – siyasi həyatının mərkəzlərindən biri olması ilə yanaşı, Türk dövlətlərinin həmrəyliyinin təzahürü yolunda da  mühüm rol oynadığını xüsusilə qeyd etmişdir.  Cənab Prezident çıxışında mədəniyyət beşiyimiz Şuşa şəhərinin keşməkeşli dövrlərdən keçərək böyük Zəfər ilə nəticələnən şanlı tarixindən geniş şəkildə  danışmışdır.

1992 – ci ildə doğma yurdumuz Şuşanın Ermənistan tərəfindən işğalı Azərbaycan xalqı üçün böyük faciəyə çevrilmiş, əhali bu işğalla heç vaxt barışmamış, daima Şuşanın və işğal altında olan digər ərazilərin öz sahibinə qayıtmasını arzulamışdır. 2020 – ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanımızın rəhbərliyi ilə  Azərbaycan Ordusu 300- də çox şəhəri və kəndi, 2020 – ci ilin 8 noyabr tarixində isə Şuşanı işğaldan azad edərək xalqımızın 30 illik hərsətinə  son qoymuşdur.  Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuş, beləliklə İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Zəfəri ilə başa çatmışdır.

Prezident İlham Əliyev çıxışı zamanı işğaldan azad olunduqdan sonra Şuşa şəhərində baş verən əlamətdar hadisələri qonaqlara xatırlatmışdır.

2021 –ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilmiş, Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulmasının 270 – ci ildönümü ilə əlaqədar 2022 – ci il Azərbaycanda “ Şuşa ili” elan edilmişdir. TÜRKSOY tərəfində 2023 – cü ildə Şuşa şəhəri “ Türk dünyasının mədəniyyət paytaxtı” ICESCO tərəfindən isə 2024 – cü ildə “ İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.  2021-ci ilin məhz  Milli Qurtuluş Günündə həm dövlətimizin, həm də Şuşa şəhərinin tarixinə qızıl hərflərlə yazılmış  digər mühüm tarix-siyasi hadisə baş vermiş: Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən  Şuşa Bəyyannaməsi imzalanmışdır.

Ermənistan işğalı dövründə yerlə - yeksan edilmiş Qarabağ və Şərqi Zəngəzurda hal –hazırda “ Böyük Qayıdış” Proqramı icra edilir və beləliklə bu torpaqlarda həyat qayıdır.  “ Böyük Qayıdış”  Programını icrası çərçivəsində bu günə qədər artıq 8 minə yaxın keçmiş məcburi köçkün  Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıtmış, cari ilin sonuna qədər isə 20 min insanın azad olunmuş torpaqlara qayıtması planlaşdırılmışdır.

Cənab Prezident çıxışında Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş toraqlarının səfərlərinin  qardaşlığımızın həmrəyliyinin təzahürü olduğunu vurğulamış bu təşəbbüsləri üçün qonaqlara bir daha təşəkkür etmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan Prezidenti  Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Sadır Japarov isə Füzuli və Ağdama səfərlər etmişdirlər.

Dövlət başçısı çıxışında Türk Dövlətlər Təşkilatının cari büdcəsinin nəzərdə tutulan hədəfləri reallaşdırmaq üçün yetərsizliyi qeyd etmiş, bu günlərdə Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü söyləmişdir.

İlham Əliyevin çıxışında vurğuladığı digər önəmli məsələ isə Şərq – Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin qarşımızda  duran başlıca prioritetlərdən biri olmasıyla bağlıdır. Belə ki Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı – Tbilisi – Qars  dəmir yolunun illik yükdaşıma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tonadək çatdırılmışdır. Digər tərəfdən Xəzər dənizində 50 – dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli transit xidmətləri göstərir. Belə ki, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilməkdədir. Gələn ildən ölkəmizin 9 – cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək, Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti isə 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəkdir.

Cənab Prezident yeni əməkdaşlıq perspektivlərindən də bəhs edərək,  enerji sahəsində strateji tərəfdaşlığımızı, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımızı xüsusilə vurğulamışdır.  Xəzər dənizi vasitəsiylə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber – optik telekommunkasiya marşurutunun yaradılması məqsədi daşıyan “ Rəqəmsal İpək Yolu” layihəsi dövlətimizin mühüm təşəbbüslərində biridir.  Belə ki, “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilmişdir.

Dövlət başçıcı çıxışında cari ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Azərbaycanın   ev sahibliyi edəcəyini xatırlatmışdır. Hər il keçirilən konfransa rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu  təmsil edən 200 ə yaxın ölkənin səsverməsi ilə seçilir. Bu səsvermə çərçivəsində 200 – ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyü etimadın bariz nümunəsidir.  Azərbaycan COP29 konfransı çərçivəsində Qoşulmama Hərəkatında 4 il sədrlik dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsinə çalışacaq,  konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.

Cənab Prezident çıxışını Şuşada keçirilən Zirvə görüşü çərçivəsində imzalanmış “Qarabağ Bəyannaməsi”nin önəmindən  bəhs edərək tamamlamışdır. Sözsüz ki,  “ Qarabağ Bəyannaməsi” Türk Dövlətlər Təşkilatının beynəlxalq nüfusunu daha da genişləndirilərək  Türk xalqlarının qardaşlığının, həmrəyliyinin artmasına xidmət edəcək.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri