08 iyul 2024 13:58
477

Əlaqələrimiz uğurla inkişaf edəcək

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət kursunun şaxələndirilməsi ölkəmizə dünyanın aparıcı beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa imkan yaradır. Bu da öz növbəsində dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsini və dünya birliyində özünə daha da layiqli yer tutmasını təmin edir. Ölkəmiz bütün beynəlxalq toplantılarda və Forumlarda bu istiqamətdə planlı, məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Azərbaycan Avropa dövlətləri ilə qarşılıqlı əlaqələrini inkişaf etdirməklə yanaşı, Asiya qitəsini əhatə edən nüfuzlu təşkilatlar ilə də əməkdaşlığını genişləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə qurulan əlaqələr söylədiklərimizə əyani misaldır.

4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş bu baxımdan təqdirəlayiqdir. Görüşdə BMT-nin Baş katibi Antonio Quterreşin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun, İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən Məhəmməd Moxberin, Çin Xalq Respublikasının Sədri Si Cinpinin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarın, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxun iştirakları və çıxışları tədbirin mühüm əhəmiyyət daşımasının bariz göstəricisidir.

Qürurvericidir ki, “ŞƏT plyus” formatında keçirilən bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı çox böyük maraqla qarşılandı. Dövlət başçımız bildirdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirib, Hərəkatın institusional inkişafına töhfələr verib.

Azərbaycan Respublikası təxminən 200 ölkənin yekdil dəstəyi ilə bu il COP29-a ev sahibliyi edəcək. Bu, sözsüz ki, ölkəmiz adına çox əlamətdar bir hadisədir və dövlətimizin beynəlxalq nüfuzunun bariz göstəricisidir. COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün bir fürsətdir. Dövlətimiz bu istiqamətdə səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Azərbaycan artıq inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Azərbaycanın bütün sahələri əhatə edən davamlı inkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişli təbii-coğrafi mövqeyi və təşəbbüskarı olduğu nəhəng layihələrin əhəmiyyəti ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinə ciddi təsir edir. Biz tam əminik ki, Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasınada əlaqələr bundan sonra da uğurla inkişaf edəcək.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri