08 iyul 2024 10:38
397

Uğurlu əməkdaşlıq təcrübəsi

Ölkəmizin artıq ikinci dəfə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunması üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının göstəricisidir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə ölkəmiz arasında əməkdaşlığın əsasını Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət sahəsi təşkil edir.

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı Prezident İlham Əliyev perspektiv əməkdaşlıq əlaqələrindən geniş bəhs etdi. Ölkə başçısı diqqətə çatdırdı ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Ölkəmizin nəqliyyat-logistika qovşağına çevrilməsi üçün düşünülmüş strategiya həyata keçirilmiş, regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri reallaşdırılmışdır.

“ŞƏT plyus” formatında keçirilmiş görüşdə Prezident İlham Əliyev öz çıxışında bir növ qalib və hərtərəfli inkişaf edən, eləcə də istənilən səmərəli əməkdaşlığa hazır olan Azərbaycan dövlətinin siyasi-iqtisadi xəritəsini canlandırmış oldu. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı hazırda 26 ölkəni bir araya gətirməklə dünya əhalisinin 40 faizini əhatə edir, deməli, ölkə başçısın məqsədi yeni tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulmasına nail olmaqdır.

Ölkə başçısı Azərbaycan həqiqətlərinə diqqət çəkməklə xatırlatdı ki, 2023-cü ilin sentyabrında ölkəmiz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Azərbaycan Ermənistanın işğalına son qoyaraq  BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu.

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilmiş görüşdə  Azərbaycanın beynəlxalq aləmin birliyi naminə əməli səyləri, eləcə də ölkələr arasında uğurlu əməkdaşlıq təcrübəsindən də söz açdı. Belə ki, ölkə başçısı vurğuladı ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirib, Hərəkatın institusional inkişafına töhfə verib, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis edib, habelə Qadın Platformasının əsasını qoyub.

Görüşdə Prezident İlham Əliyev ölkəmizdə keçiriləcək COP29-a da diqqət çəkərək Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcəyini bəyan etdi.  

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı