06 iyul 2024 13:45
375

Xalqlarımızın və ölkələrimizin mənafeləri naminə - ŞƏRH

Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidentini ölkəmizə  səfərə dəvət edib

İran İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslaminin verdiyi məlumata görə, prezident seçkilərinin ikinci turunda islahatçı keçmiş səhiyyə naziri, islahatçı, vaxtilə İran parlamentində Türk Fraksiyasının üzvü olan Məsud Pezeşkian qalib gəlib. Bütün 30,530 milyon bülletenlərin hesablanmasının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb - ümumi səsin ən azı 53,6 faizi. İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3 faiz səs toplayıb. Eslami qeyd edib ki, seçici fəallığı 49,8 faiz təşkil edib. Onun sözlərinə görə, səsvermənin ikinci turunda ümumilikdə 30,530 milyon seçici iştirak edib.

İranda keçirilən növbədənkənar prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian 10,4 milyon, mühafizəkar, Səid Cəlili isə 9,5 milyon səs toplamışdı. Digər namizədlər - parlamentin sədri Məhəmməd Baqir Qalibaf Məhəmməd Bagir Qalibaf 2 676 512 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 158 314 səslə dördüncü sırada qərarlaşmışdı. Nəticələrə əsasən, iyulun 5-i seçkilərin ikinci turunun keçirilməsi nəzərdə tutulmuşdu.
İslahatçı Məsud Pezeşkyanın birinci turun lideri olması hayları yaman təşvişə salmışdı.  Hətta iranşünas Vardan Voskanyan bildirmişdi ki, İranda heç bir prezident Tehran-İrəvan münasibətlərini köklü şəkildə dəyişmək səlahiyyətinə malik deyil, çünki dövlətin siyasətini ali dini lider müəyyən edir. Buna baxmayaraq o, Ermənistanla İranın yaxınlaşması və “çoxəsrlik dostluq münasibətləri”nin dərinləşməsi baxımından Səid Cəlilinin prezident seçilməsinin “daha münasib” olduğunu bildirmişdi. Elə iranlı ekspert Janna Vardanyan da onunla eyni fikirdə olmuşdu.

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir ki, Azərbaycan ilə İran İslam Respublikası arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir: “Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir”. Təbrik məktubunda, həmçinin xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olunacağı da vurğulanıb: “İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm”.

Qeyd edək ki, İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”