13 iyun 2024 23:58
367

Sülhməramlıların xoşməramlı gedişi

Milli Qurtuluş Günü ərəfəsində Azərbaycanın zəfərlərlə dolu çağdaş tarixinə daha bir parlaq səhifə əlavə edildi

Zəfəri­mizlə başa çatmış İkinci Qarabağ savaşından sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizdən çıxarılması prosesi iyunun 12-də başa çatdı. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tamamilə tərk etdi. Özü də həmin sənəddə əksini tapmış müddətdən əvvəl. Bütün dünya da bu xoşməramlı gedişi heyrətlə izlədi. Belə ki, əldə olunan razılaşmaya əsasən, Rusiya sülhməramlıları Qarabağ bölgəsində beş il müddətinə yerləşdirilmişdi. Bəyanatın bu maddəsinin tətbiqinə xitam veril­məsi niyyəti ilə bağlı tərəflərdən hər han­sı biri çıxış etmədiyi təqdirdə,  müddət avtomatik olaraq daha 5 il artırılmalı idi. 

Belə bir bəndin Bəyanata daxil edilməsi heç də asan olmamışdır. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda  keçirilən beynəlxalq forumda bu məsələyə toxunan Prezident İlham Əliyev bildirmişdi ki, Ermənistanın mövqeyi ondan ibarət idi ki, onlar üçün vaxt məhdudiyyəti olmamalıdır. Yəni, sülhməramlılar orada həmişəlik qalmalıdırlar: “Biz bununla razılaşa bilməzdik və israr etdik ki, vaxt məhdudiyyəti olmalıdır. Bu, hər iki tərəfin razılaşa bilmədiyi ən çətin hissələrdən biri idi. Bizim üçün bu, Bəyanatın ən prinsipial hissələrindən biri idi və bizim mövqeyimiz ondan ibarət idi ki, əgər biz buna razılaşmasaq, Bəyanat olmayacaq və müharibə davam edəcək”.

2023-cü ilin sentyabr ayında Qarabağda uğurlu lokal antiterror tədbiri keçirməklə ərazilərində separatizmin kökünü kəsən, separatçıları ağ bayraq qaldırmağa məcbur edən rəsmi Bakı bölgədə yeni reallıqlar yaratmaqla yanaşı, sülh müqaviləsinin təşəbbüskarı kimi çıxış etdi. Eyni zamanda, Azərbaycan işğaldan və separatizmin hərbi təzahürlərindən xilas edilən ərazilərində genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri həyata keçirməyə başladı.  Butün bunlar da sülhməramlıların  fəaliyyətinə daha heç bir zərurət olmadığı faktını ortaya qoydu. Yəni, onların fəaliyyəti formal xarakter aldı. Hətta bəzi ermənipərəstlər, o cümldən Rusiya Dövlət Dumasının qatı ermənipərəst deputatı Konstantin Zatulin də bildirmişdi ki, Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu üçün heç bir səbəb yoxdur. Nəticədə elə bu kimi səbəblərdən Rusiya sülhməramlılarının ərazilərimizdən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin, yəni Rusiyanın və Azərbaycanın liderləri tərəfindən qərar qəbul edildi. Şübhəsiz, bu qərar regiondakı mövcud reallıqlara tam  uyğun  idi.

Aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanıldı. Bu addımı eyni zamanda iki ölkə arasındakı əlaqələrin qarşılıqlı hörmətə və etimada söykəndiyinin göstəricisi kimi xarakterizə etmək olar.  Şübhəsiz, bu,  hər şeydən əvvəl nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən, ölkəmizi ərazi bütövlüyünə və suverenliyinə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Belə ki, dövlətimizin başçısı Rusiya ilə ikitərəfli münasibətlərə zərrə qədər xələl gətir­mədən, qarşılıqlı hörmət və razılaşma əsasın­da bu problemi həll etməyi bacardı. Bununla da dövlətimizin başçısı 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Azərbaycanın zəfərlərlə dolu çağdaş tarixinə  daha bir parlaq səhifə əlavə etdi. Hazırda Azərbaycan Ermənistandan fərqli olaraq ərazisində heç bir ölkənin hərbi qüvvəsi olmayan dövlətdir.

Yeri gəlmişkən qeyd edək ki, anti-Azərbaycan dairələr, o cümlədən xaricdə oturub döv­lətimizin ünvanına ermənisayaq hədyanlar yağdıran “sapı özümüzdən olan baltalar”, daxildəki qaragüruhçu  radikal müxalifət bu missiyanı “işğalçı rus qoşunu” kimi qələmə verərək onların Qarabağdan çıxma­yacaqları, həmçinin bu hərbi kontingentin “Rusiyanın Azərbaycandakı hərbi bazasına” çevriləcəyi barədə vay-şivən qoparırdılar. Sülhməramlıların gedişi, Xocalı aeroportunda da Dövlət Bayrağımızın qaldırılması ilə bu anti-Azərbaycanı şəbəkənin cəfəng fikirləri, uydurma iddiaları da tam iflasa uğradı.

Bəli, hazırda işğaldan azad edilmiş ərazilərimizdə sabitliyin, əmin-amanlığın təminatçısı Azərbaycan Ordusu və ölkəmizin hüquq-mühafizə orqanlarıdır. Onlar da öz işlərinin öhdəsindən yüksək peşəkarlıqla gəlirlər. Bu isə o deməkdir ki, Azərbaycan həqiqətən ərazisində özü sülhməramlı, həm də xoşməramlı funksiyasını yerinə yetirməyə qadirdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”