14 iyun 2024 01:58
332

Vur, Paşinyan, vur!

“Demokratiya”, “söz və ifadə azadlığı” kimi tezisləri əllərində bayraq edən bəzi Qərb dairələri bəs İrəvan küçələrində baş verənlərə niyə münasibət bildirmirlər?

Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə paytaxt İrəvanda keçirilən növbəti etiraz aksiyaları da revanşistlərin uğursuzluğu ilə nəticələndi. Doğrudur, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı hələ də vəziyyəti gərginləşdirməyə davam edir və buna görə də proseslərin sonrakı inkişafı haqqında dəqiq proqnoz vermək mümkün deyil. Ancaq əvvəlkilərdən fərqli olaraq iyunun 12-də parlamentin binası yaxınlığında polislə etirazçılar arasında toqquşmaların baş verməsi, nəticədə yüzdən çox insanın xəsarət alması hazırda Ermənistanda iki reallığın mövcudluğunu göstərir.

Birincisi, bəzi analitiklərin də öncədən ehtimal etdikləri kimi, Qalstanyanın timsalında revanşizmi dəstəkləyən qüvvələr Paşinyanı devirmək üçün bütün mümkün variantlardan istifadə etməyi, hətta təxribatlar törətməyi gözə alıblar. Çünki etiraz aksiyaları getdikcə daha aqressiv motivlərlə yadda qalır. Keşiş Baqratın son nümayişlər zamanı öz tərəfdarlarını parlamentin binasına daxil olmağa səsləməsi də göstərir ki, etirazlar iddia edilən qədər “dinc” xarakter daşımır, yaxud bundan sonra daşımayacaq. Ermənistan ictimaiyyətinin baş verənlərə münasibətinin birmənalı olmaması, aksiyaların proqnozlaşdırılan səviyyədə kütləvi xarakter almaması təşkilatçıları digər üsullara əl atmağa məcbur edə bilər. Yəni, birləşmiş müxalifət dinc etirazlarla nəticə əldə edə bilməyəcəyinin fərqindədir, bu isə növbəti təxribat cəhdlərinin mümkünlüyünü istisna etmir.

Revanşistlərin bu vaxta qədər uğur qazana bilməməsi, daha aqressiv üsullara əl atmaq məcburiyyətində qalması bir tərəfdən erməni xalqından lazımi dəstək ala bilməmələri ilə bağlıdırsa, digər tərəfdən “Vətən naminə Tavuş” hərəkatına uğursuz lider seçimi və kilsənin siyasi oyunlara alət edilməsi ilə əlaqədardır. Bəzi analitiklər Baqrat Qalstanyanın bir müddət əvvəl Tavuşdan İrəvana yürüşünü yanlış olaraq Nikol Paşinyanın 2018-ci ildəki hakimiyyəti ələ keçirmək uğrundakı mübarizəsi ilə müqayisə edirdilər. Ancaq birincisi, Qalstanyanın nəinki siyasi fiqur kimi heç bir ictimai nüfuzu və təcrübəsi yoxdur, din xadimi kimi isə qaranlıq keçmişə malikdir. Üstəlik, keşiş uzun illər Kanadada yaşayıb və hazırda həm də həmin ölkə vətəndaşlığını daşıyır. Ermənistan qanunvericiliyi isə ikili vətəndaşlığı olan şəxsin baş nazir seçilməsini qadağan edir. İkincisi isə erməni ictimaiyyəti din xadiminin siyasi proseslərdə iştirakını, bir keşişin hakimiyyətə gəlmək üçün etiraz aksiyalarına rəhbərlik etməsini birmənalı qəbul etmir. Əslində, bu, erməni kilsəsinin qanunlarına da ziddir. Ancaq son hadisələrdən sonra bütün bu arqumentlər ikinci plana keçib və indi etirazçılar-hökumət qarşıdurmasının hansı ssenari üzrə inkişaf edəcəyi daha çox maraq doğurur.

İkinci reallıq isə ondan ibarətdir ki, Paşinyan hökumətinin aksiyalara əvvəlki loyal münasibəti dəyişib. Ermənistanın baş naziri vəziyyətin nəzarətdən çıxmaq təhlükəsini hiss edir və qabaqlayıcı tədbir kimi, “polis dəyənəyini” işə salmağa qərar verib. 12 iyun toqquşmalarında Ermənistan hüquq-mühafizə orqanları əməkdaşlarının, müxtəlif beretli xüsusi təyinatlı qüvvələrin etirazçılara qarşı qəddar davranışları, səs bombalarından istifadə etmələri Nikolun öz postundan asanlıqla əl çəkmək fikrində olmadığını göstərir. Yeri gəlmişkən, “Hraparak” nəşri Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryana istinadən iddia edir ki, polis dinc nümayişi dağıdan zaman xüsusi əməliyyatlar zamanı istifadə üçün nəzərdə tutulmuş Zarya-3 və RGE-60SD səs bombalarından istifadə edib. Yaralananların çox olmasının da əsas səbəbi bu bombaların etirazçıların gur toplaşdığı yerlərdə partlaması olub.

Hələ ki, polis dəyənəyi vasitəsilə vəziyyətə nəzarəti əlində saxlasa da Nikol Paşinyanın öz təhlükəsizliyi üçün tədbirləri gücləndirməsi vəziyyətin onun üçün bir o qədər də ürəkaçan olmadığını göstərir. Belə ki, Ermənistan KİV-ində yayılan xəbərlərə görə, hökumət administrasiyası baş nazirin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni videoyazı sistemi tətbiq edib. Həmin sistemin qurulması üçün dövlət büdcəsindən 6 milyon dram (təqribən 16 min dollar) maliyyə vəsaiti ayrılıb.

Ermənistanda polis zorakılığı ilə müşayiət olunan son hadisələr bir məqama da diqqət çəkir: Hər zaman “demokratiya”, “söz və ifadə azadlığı” kimi tezisləri əllərində bayraq edən bəzi Qərb dövlətləri, beynəlxalq siyasi və hümanitar təşkilatlar, görəsən İrəvan küçələrində baş verənlərə niyə heç bir reaksiya vermir, etiraz etmirlər? Axı, öz maraqlarına xidmət edəndə başqa ölkələrdə bu kimi hallara görə haray-həşir salır, şivən qoparırlar. Ancaq öz kadrları olan Paşinyana “gözün üstə qaşın var” deyən yoxdur. Nəyə görə?

Görünür, ədalət tərəzisi həqiqətən öz tarazlığını itirib, dünya qanunlarla deyil, güclə, zorbalıqla idarə olunur...

Mahir Rəsuloğlu, “İki sahil”