14 iyun 2024 02:15
304

Türk dünyası iqtisadi gücə çevrilir

Bu gün TDT-yə daxil olan dövlətlərdə ÜDM-in həcmi 1,5 trilyon, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dolları təşkil edir

İşğal­dan azad olunan Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-qu­ruculuq işlərində türdilli dövlətlərin də xüsusi payı var. Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə bununla bağlı deyib: «Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Tür­kiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezideinti, Qırğızıstan Prezi­denti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir».

Xatırladaq ki, düşmən işğalından xilas edilən ərazilərimizdə dost Özbəkis­tan və Qazaxıstanın maliyyə dəstəyi iləbir məktəb və bir incəsənət mərkəzi tikilib istifadəyə verilib. Qırğızıstanın  maliyyəsi ilə inşa ediləcək daha bir məktəbin təməli bu yaxınlarda Qırğı­z Respublikasının Prezidenti ilə dövlətimizin başçısı tərəfindən Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə bir məntəqənin inşasının Macarıstanın maliyyə dəstəyi ilə gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng la­yihələr türk şirkətləri tərəfin­dən icra edilir. Eyni zamanda, dəmir yo­lunun bərpası prosesi də sürətlə aparılır. Horadiz-Ağbənd dəmir yolunun podratçı­sı isə Türkiyə şirkətləridir. 

Artıq işğaldan azad edilmiş 4 şəhər və 4 kənd bərpa edi­lməklə həmin ərazilərdə məskunlaşma həyata keçirilib. Yeddi mindən çox keçmiş köçkünün öz dədə-baba torpaqlarında yaşayışı təmin olunub və bu ilin sonuna qədər həmin göstəricinin təqribən  20 minə çatacağı palanlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda türk dövlətləri ilə birgə aparılan geniş quru­culuq, abadlıq işləri bu bölgənin tezliklə dünyanın ən inkişaf etmiş coğrafiyala­rından birinə çevriləcəyindən xəbər ve­rir. Bütün bunlar həm də onu göstərir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sıx bağlılıq, möhkəm bir­lik var. 

Xüsusi vurğulamaq lazımdır ki, TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr gerçəkləşib. Belə ki,  Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında «Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqın­da» 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Yəni, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlu­matların elektron şəkildə mübadiləsi ger­çəkləşib. Nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq artıma nail olmaq reallaşıb. 

Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən illərdə  Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azər­baycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışın­da TDT-yə üzv bütün ölkələr arasında qardaşlıq münasibətləri olduğunu və dövlət siyasə­timizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Ölkəmizin başçısı daha sonra bildirib: «Türk Dövlətlə­ri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, bö­yük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəq­liyyat yollarıdır, gənc əhalidir, artan əhali­dir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etmə­liyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.» 

Bu birliyin parlaq ifadəsi statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, 2024-cü ilin ilk rübündə TDT-yə üzv və müşahidəçi statusa malik ölkələrlə ti­carət dövriyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərəbərdir. Gömrük Komitəsinin məlumatına görə, həmin dövrdə Azərbaycan Türkiyə ilə 1 milyard 469,1 milyon dollar, Türkmənistanla 96 milyon 926 min dollar, Qazaxıstanla 70 milyon 829 min dollar, Özbəkistanla 35 milyon 814 min dolar, Qırğızıstanla 23 milyon 382 min dollar, Macarıstanla isə 13 milyon dollar məb­ləğində idxal-ixrac əməliyyatları həyata keçirib. Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 150 milyon 291 min dollar, Qırğızıstana 20 milyon 815 min dollar, Türkmənistana 16 milyon 861 min dollar, Qazaxıstana isə 11 mil­yon 731 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Ötən ildə Azərbay­canın TDT-yə üzv ölkələrlə ticarət döv­riyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon dol­lar çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliy­yatları Azərbaycanın ümumi ticarət döv­riyəsinin 16 faizinə bərabər olub.

Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, böyük türk dünyası hazırda beynəlxalq mü­nasibətlərin yeni bir güc mərkəzinə çevrilməkdədir. Bu gün TDT-yə üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Bu isə o deməkdir ki,  dünyadakı  ticarət dövriy­yəsinin  2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür. 

Elçin Zaman, "İki sahil"