14 iyun 2024 01:14
288

Bu birlik əbədidir!

Azərbaycan Türkiyə münasibətləri, tarixi, mədəni və strateji bağlarla möhkəmlənmiş dostluq və qardaşlığa söykənir. Bu münasibətlər hər iki ölkənin xalqları arasında dərin köklərə malikdir və tarixin müxtəlif mərhələlərində dəfələrlə sübut olunmuşdur. Azərbaycan və Türkiyə xalqları eyni dil ailəsinə, mədəniyyətə və tarixə malikdirlər. Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr son dərəcə güclüdür. Ortaq dil, ədəbiyyat, musiqi və ənənələr iki xalq arasındakı bağları daha da möhkəmləndirir. Hər iki ölkədə də ortaq tədbirlər, festivallar və mədəni layihələr həyata keçirilir. Bütün bunlar xalqların bir-birini daha yaxşı tanımasına və yaxınlaşmasına kömək edir.

İki qardaş ölkə arasındakı münasibətlər yalnız tarixi və mədəni bağlarla məhdudlaşmır. Hər iki ölkə arasında strateji tərəfdaşlıq da mövcuddur. Bu tərəfdaşlıq, siyasi, iqtisadi və hərbi sahələrdə güclü əməkdaşlıq əsasında qurulmuşdur. Azərbaycanın enerji resursları və Türkiyənin strateji mövqeyi hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) kimi layihələr, bu əməkdaşlığın simvoludur. Bu layihələr, yalnız iki ölkənin deyil, həm də regional sabitlik və iqtisadi inkişaf üçün vacibdir. Azərbaycan və Türkiyə liderlərinin bir-birinə olan güvən və etibarı, regiona, ümumən dünyaya sülh və rifah arzusu ölkələrimiz arasındakı münasibətləri hər kəs üçün örnək səviyyəyə yetirib. Fakt ondan ibarətdir ki, bu gün bütün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur və belə birgəliyi təsəvvür etmək də mümkün deyil. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün də önəmli amilə çevrilib.

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq da diqqətəlayiqdir. İki ölkə arasında bir çox hərbi təlimlər və ortaq layihələr həyata keçirilmişdir. Bu əməkdaşlıq Azərbaycanın 2020-ci ildə İkinci  Qarabağ müharibəsindəki qələbəsində də əhəmiyyətli rol oynamışdır. Türkiyə Azərbaycanın hərbi potensialının gücləndirilməsinə dəstək vermiş və bu prosesdə mühüm tərəfdaş olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi. Qardaş Türkiyə haqq savaşımızın hər anında Azərbaycanın yanında idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən özünün hərbi əməliyyatların ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyini ifadə etməsi xalqımıza böyük ruh verdi, əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi, işğalçı Ermənistanın havadarlarına da yerlərini göstərdi. Belə bir birgəlik "dəmir yumruq"a çevrildi. Bu tarixi Qələbəmizin rəmzi kimi tarixə yazılan Zəfər paradında da Azərbaycan və Türkiyə Prezidentləri yanaşı durdular. Öz çıxışlarında xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı barədə çox əhəmiyyətli və aydın bəyanatlar səsləndirdilər. Bu, bütün dünyaya dəqiq mesajlar idi. Azərbaycan və Türkiyə Prezidentlərinin Zəfər paradındakı tarixi çıxışları qələbəmizə daha da möhtəşəmlik gətirdi.

Nəhayət hərbi əməkdaşlıq, siyasi, iqtisadi, mədəni sahələr üzrə faktiki olaraq xeyli dərinləşmiş münasibətlər iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Bəyannamə ölkələrimizin hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm bir sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Şuşa Bəyannaməsi imzalanarkən ölkə Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Şuşa Bəyannaməsinin 15 İyun - Milli Qurtuluş Günündə imzalanması xüsusilə rəmzi məna daşıyır. Artıq üç ildir Azərbaycan xalqı iki əlamətdar bayramı birlikdə böyük təntənə ilə qeyd edir. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapmışdır. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev söyləmişdir ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir".

Haqqında bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Belə ki, Bəyannamə hərbi sahədə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Bu çərçivədə birgə təlimlər, hərbi təhsil və müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi vurğulanır. Bu tədbirlər iki ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətlərini artırmağa xidmət edir.

Bəyannamədə iqtisadi əlaqələrin inkişaf etdirilməsi də mühüm yer tutur. Ticarət, investisiyalar və infrastruktur layihələri sahəsində əməkdaşlıq nəzərdə tutulur. Xüsusilə enerji sektorunda əməkdaşlıq və Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində birgə işlər xüsusi əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsi mədəni və təhsil sahəsində əməkdaşlığı da əhatə edir. İki ölkə arasında tələbə mübadiləsi, mədəni layihələr və təhsil proqramları həyata keçirilməsi planlaşdırılır.

Bəyannamə, həmçinin nəqliyyat və infrastruktur layihələrində birgə işlərin aparılmasını nəzərdə tutur. Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli layihələr bu sahədə əməkdaşlığın əsas nümunələrindəndir.

Şuşa Bəyannaməsi, həmçinin regional və qlobal səviyyədə Azərbaycanın və Türkiyənin mövqelərini gücləndirir. İki ölkə arasında hərbi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın dərinləşməsi, onların regional liderlik rollarını daha da möhkəmləndirir.

Nigar Orucova, “İki sahil”