“İki sahil” xəbər verir ki, Bunu Milli Məclisin deputatı İltizam Yusifov mətbuata açıqlamasında deyib.
O qeyd edib ki, 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Prezident seçilməklə Azərbaycanda inkişafa, zəfərə aparan yola qədəm qoyuldu. Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdi: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
İltizam Yusifov xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə hərbi sahədə ciddi islahatlar həyata keçirildi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordunun formalaşdırılmasına start verildi. Ordu quruculuğuna xüsusi diqqət yetirən Ulu Öndər 1998-ci il mayın 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı.
“Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi güclü siyasi kurs, siyasi ideologiya dayanır. Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlində olduğu üçün xalqımız gələcəyə çox nikbin baxır və daha güclü olacağımıza şübhə etmirik. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyanın diqqət mərkəzindədir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafı xüsusilə qeyd edirlər. Təsadüfi deyil ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəri hesab olunur. Əminliklə söyləmək olar ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları altında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Azərbaycanın uğurlarının təməlində Ümummilli Liderin siyasəti və Prezident İlham Əliyevin səyləri dayanır. 1993-cü il iyunun 15-dən başlanan Qurtuluş yolu Azərbaycanı bundan sonra da daha güclü, daha qüdrətli edəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.