09 sentyabr 2026 19:55
86

COP29-dan Bakı İqlim Həftəsinə uğurlarla

"Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu, ildə 6 mindən çox ağacın qorunması deməkdir”.

 Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən COP29-dan İqlim Həftəsində "Yaşıl Dünya” üçün Rəqəmsal Fəaliyyət Yolu” adlı paneldə Azərbaycan təmsilçisi tərəfindən səsləndirilən bu fikir iştirakçıların dərin marağına səbəb olub.

Bildirlib ki, peyklər, məsafədən zondlama və coğrafi informasiya sistemləri vasitəsilə Azərbaycanda quraqlıq, torpaqların şoranlaşması, səhralaşma və su ehtiyatları monitorinq edilir, su səviyyəsi və çaylarda suyun səviyyəsinin artıb-azalması, keyfiyyəti izlənilir.

Məlumdur ki, Azərbaycanda telekommunikasiya sektorunda da ətraf mühitə təsirin azaldılması istiqamətində işlər aparılır. Tədbirdə çıxış edən nümayəndəmiz söyləyib ki, yuxarıda göstərilən əngəllərin aradan qaldırılması və ya zəiflədilməsi üçün Bərpa olunan enerji ilə işləyən Günəş enerjili baza stansiyalarının quraşdırılmasına başlanılıb. Ölkəmizin bir çox rayonlarında Günəş enerjisi alınması üçün stansiyalar quraşdırılıb. Bu stansiyalar fəaliyyət müddətinin 60 faizindən çoxunda bərpaolunan enerjidən istifadə edir. Yalnız Qarabağda belə stansiyaların sayı 75-dən çoxdur. Qarabağ bölgəsinə aid olan ərazilərin böyük hissəsi isti olduğundan o yerlərdə daha çox enerji stansiyaları qurmaq mümkündür.  Azərbaycanın təcrübəsi rəqəmsal fəaliyyətin ölçülə bilən nəticələr verdiyini göstərir. Bu, daha az kağız sənədlərə, daha aşağı enerji istehlakına, meşələrin qorunmasına, insan səhhətinin daha da yaxşılaşdırlmasına və  digər müsbət ekoloji nəticələrə gətirib çıxarır.

Burada ən başlıcası odur ki, kağız istehsalı üçün çoxillik ağaclar qırılmırsa, deməli, “yaşıl çətirimizin” ömrü uzanır və bununla da atmosferimiz oksigenlə zənginləşir. Bildiyimiz kimi, ətrafımızda və dünyada gedən dağıdıcı müharibələr eyni zamanda atmosferi də dağıdır və çirkləndirir. Belə mühitdə ucuz və ekoloji təmiz enerji istehsalı son dərəcə vacibdir.

Azərbaycan hökuməti belə bəşəri tədbirlərin nəinki iştirakçısı, həm də ona ev sahibliyi ilə tanınır və onun bu addımları bütün dünyada təqdir edilir. COP29-dan Bakı İqlim Həftəsi adlanan tədbir bunun nümunəsidir.

Ölkəmizin iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə fəal iştirakı və bu prosesə verdiyi töhfələr hələ 2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbirində bir daha öz təsdiqini tapmışdı.  Bakıda yüksək səviyyədə təşkil olunan COP29 konfransı Azərbaycana həm qlobal miqyasda böyük diplomatik nüfuz, həm də iqtisadi və strateji dividendlər qazandırdı. Xatırladaq ki, bu, ucuz və asan başa gəlmədi. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar şaiyə yayırdılar ki, belə nəhəng tədbiri keçirməyə Azərbaycanın imkanları çatmaz. Ancaq ölkəmiz öz iradəsini ortaya qoyub dünya miqyaslı nəhəng tədbiri layiqincə keçirdi. Yetmiş mindən artıq tədbir iştirakçısı Bakıdan xoş təəssüratlarla getdi. Bu, ölkəmizi gözü götürməyənlərə ağır zərbə olmaqla bərabər, dostlarımızın qəlbini qürur hissi ilə doldurdu.

Vəli İlyasov, “İki sahil”