13 iyun 2024 10:50
279

Şuşa Bəyannaməsi  Azərbaycan- Türkiyə  münasibətlərində yeni bir mərhələnin əsasını qoydu

Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqq-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, parlaq  zəfəri ilə heç zaman unudulmayacaq tarix yazdı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr, Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu.

Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurlu davamı xüsusi qeyd edilir. Dünyaya birlik, həmrəylik nümunəsi olan Azərbaycan- Türkiyə  münasibətlərində  yeni bir mərhələnin əsasını qoydu.   Bu yeni mərhələnin başlanğıcı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 iyun tarixində azad Qarabağa reallaşdırdığı ilk səfər çərçivəsində Şuşada dövlət başçısı İlham Əliyev ilə birgə imzaladığı Şuşa Bəyannaməsi oldu.  Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir. Bu sənəd Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu günlər bizlər bu tarixi sənədin imzalanmasının üçüncü ildönümünü böyük qürurla qeyd edirik. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Xatırladaq ki, XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Qars müqaviləsindən yüz il sonra – 15 iyun 2021-ci ildə iki qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi, siyasi  və hərbi-strateji əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Bəyannamə həmçinin Ermənistana və onun havadarlarına ciddi mesajdır: Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi şəraitində ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq birliyin diqqətinə çatdırır. 2020-ci ildə Zəfər paradını birlikdə qəbul edən, növbəti il isə Şuşa Bəyannaməsini imzalayan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan və Türkiyə təhdidlərin qarşısını birlikdə almağa qadirdir.

Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.

Ümumilikdə Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyəti baxımından qardaşlığın yeni tarixi mərhələsidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri