13 iyun 2024 00:11
303

Niyə səsiniz çıxmır?

Künc zərbəsi

Radikal müxalifətin xalqa sırımağa çalışdığı “Qərb demokratiyası”nın görünən və görünməyən tərəfləri haqqında ...

Bizim heç bir Qərb dövlətinə, Avropa ölkəsinə qarşı qərəzimiz və düşmənçiliyimiz olmayıb. Heç indi də yoxdur. Baxmayaraq ki, onlardan bəziləri, məsələn, Fransa heç bir əsas olmadan Azərbaycana münasibətdə ədalətsiz mövqe sərgiləyir, məkrli planlar qurur, ölkəmizin gündən-günə artan siyasi nüfuzunu zədələməyə, iqtisadi-hərbi inkişafını zəiflətməyə çalışır. Fransanın ermənipərəst Prezidenti Emmanuel Makronun beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə hansısa sənədin və ya sanksiyaların tətbiq edilməsi üçün göstərdiyi çoxsaylı uğursuz cəhdlərin “demokratiya”, “insan haqları” ilə heç bir əlaqəsinin olmadığı dəqiq məlumdur. O da məlumdur ki, Azərbaycanda oturub, yaşayıb, bu torpağın çörəyini yeyib, suyunu içən, əvəzində Makron Fransasını tərifləyən, “Qərb demokratiyası”nı xalqa yaxşı nümunə kimi sırımağa çalışan radikal müxalifətin Avropada baş verən son hadisələrdən sonra səsi-sorağı gəlmir. Nələr olur, görəsən?

Başda AXCP sədri Əli Kərimli, müavini Fuad Qəhrəmanlı və digər dəstə üzvləri olmaqla bu bir qrup antimilli ünsür son günlərə qədər Fransanı, onun Azərbaycana qarşı açıq şəkildə düşmənçilik aparan ermənisifət Prezidenti Makronu tərifləməklə məşğul idilər. Təbii ki, el arasında deyilən kimi, dədələrinin ehsanına deyil, aldıqları pul və sifarişlər hesabına. Ancaq iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə Makronun rəhbəri olduğu hakim “İntibah” partiayası rüsvayçı mğlubiyyətlə üzləşdi. Özü də liderlərinin yarıtmaz daxili və xarici siyasəti nəticəsində. Makronun partiyadaşlarının və hökumətdəki komanda yoldaşlarının qəzəbinə səbəb olan Fransa Milli Assambleyasının buraxılması və yeni seçkilərin keçirilməsi haqqında fərmanından sonra isə ölkədə vəziyyət tamamilə qarışıb. Azərbaycanla düşmənçilik aparan, illərdir işğalçı Ermənistanı himayə edən bir dövlətin daxili işləri bizi o qədər də narahat etmir. Ancaq paytaxt Parisdə və digər iri şəhərlərdə hakimiyyətin yarıtmaz siyasətinə etiraz məqsədilə küçələrə axışan insanlara qarşı törədilən zorakılıq halları, dinc sakinlərin üstünə yürüyən əli dəyənəkli, yanlarında qarşısındakını parçalamağa hazır alman ovçarkaları olan polislərin qəddarlığı, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi iki istiqamətdə suallar yaradır: Birincisi, Fransanın timsalında Qərbin illərdir başqa ölkələrə sırımaq istədiyi “demokratiya”, “insan haqları” budurmu? Bəlkə, fransalı komediya aktyoru Qiyom Merisin İsrailin baş naziri Binyamin Netanyahuya qarşı tənqidi fikirlərinə görə “Radio France” milli yayımında işindən qovulması, yaxud Azərbaycanın dövlət informasiya agentliyi olan AZƏRTAC-ın müxbirinin Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün Şengen ərazisinə girişinin Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanması söz və ifadə azadlığıdır, bizim xəbərimiz yoxdur?

İkincisi, görəsən Əli Kərimli, Fuad Qəhrəmanlı, Qərbin ruporluğunu edən digər radikal müxalifət nümayəndələri, xaricə sığınıb öz Vətəni əleyhinə iş aparan “milli” satqınlar Paris küçələrində polislərin zorakılıqları ilə bağlı kadrları izləyəndə hansı hisslər keçirirlər? Onlar bundan sonra toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiq edən Makron hökumətini hansı üzlə tərifləyəcəklər, bizə “nümunə” göstərəcəklər?

Dünya dəyişir, texnologiya inkişaf edir, informasiya o qədər əlçatan olub ki, daha heç kimi Qərbin “demokratik dəyərləri”, Fransanın “humanizmi” kimi yalanlarla aldatmaq mümkün deyil. Belə getsə, radikal müxalifətin çörəyi kəsiləcək...

Mahir Rəsuloğlu, “İki sahil”