13 iyun 2024 02:58
313

Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək

Dövlət başçısı İlham Əliyev yeddi mindən çox keçmiş köçkünün artıq öz dədə-baba torpaqlarında yaşadığını önə çəkərək onu da bildirir ki, bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq

«Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.» Dövlət başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim diqqəti hazırkı dövrün əsas hədəfi olan işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldir. Bu günlərdə dövlət başçısı İlham Əliyev TÜRKPA-nın mümayəndə heyətini qəbul edərkən də diqqət yönəldilən məsələlərdən biri məhz bu ərazilərdə aparılan bərpa işləri, dost ölkələrin bu prosesə dəstəkləri oldu. «Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir» söyləyən Prezident İlham Əliyev onu da bildirdi ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu, həm bizi sevindirir, həm də bütün türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.

O da məlumdur ki, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər ediblər. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyuldu. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar bir daha birliyimizi göstərir.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlandığı andan belə bir çağırışı etdi ki, bərpa-quruculuq işlərində dost ölkələrin iştirakını istərdik. Ötən dörd ilə yaxın zamanda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-qurculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Qeyd edək ki, bu günədək Füzuli, Laçın, Şuşa və Xocalı şəhərləri, həmçinin Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşub. Cari ilin əsas hədəfləri sırasında Cəbrayıl, Kəlbəcər, Xankəndi şəhərləri də vardır. Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıdışı nəzərdə tutulub.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin hər biri bu torpaqlarda yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə işlərin sürətinə mənfi təsir göstərən amillərdən biri bu torpaqların Ermənistan tərəfindən minalanması, ən əsası minalanmış sahələrin xəritələrinin verilməməsidir. Bu baxımdan minaların təmizlənməsi xeyli vaxt itkisinə səbəb olur. Bu günlərdə ölkəmizdə keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xususi qeyd etdi ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alıb. Ermənistan işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaş mina qurbanı olub. Ümumilikdə Ermənistanın Azərbaycana hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Müraciətdə o da qeyd edildi ki, öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verildi. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün qədər ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir.

Qeyd edildiyi kimi, əsas hədəf Böyük Qayıdış Proqramının icrasını tez başa çatdırmaqdır. Tarixi Zəfərimizdən sonra Dövlət proqramlarının qəbulunda da yeniliklərə, təkmilləşməyə böyük zərurət duyuldu. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı oldu. Bu Fərmanın ardınca cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hər iki sənəd işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanların təqdimatında öz sözünü dedi. Belə ki, gələcəkdə bu torpaqlarımızın malik olduqdarı təbii resursların hesabına Azərbaycanın dayanıqlı inkişafına dəstək vermək üçün bu ərazilər arasında ixtisaslaşmanın aparılmasına, hansı resurslara malik olmalarının müəyyənləşdirilməsinə böyük zərurət duyuldu. İşğaldan azad edilmiş torpaqların malik oluqları potensialı da nəzərə alsaq gələcəkdə dayanıqlı inkişafa nail olmaq üçün böyük potensialı görürük. Belə ki, bu ərazilərimizin malik olduqları münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı xeyli artacaq. Ölkə Prezidenti İlham Əliyev bu istiqamətdə də yeni bazarların tapılması üçün müvafiq tapşırıqlarını verib. Dövlətimizin başçısının Sərəncamı əsasında təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq. O da məlumdur ki, ötən ay Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.

Əvvəldə də qeyd etdiyimiz kimi, azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, hər bir səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. İşğaldan azad edilmiş ərazilərdə avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən dörd ilə yaxın dövrdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının cari ilin sonunda 2025-ci ilin əvvəlində istismara verilməsinin nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır.

İşğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar inşa edilir. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

2022-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasında mühüm əhəmiyyətə malikdir. Bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə başlanan andan bu tapşırığı verdi ki, bütün ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulacaq, hər bir yenilik bu torpaqlarda öz əksini tapacaq. 30 illik işğal dövründə çətinlik şəraitində yaşayan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülməlidir. Hazırda vətəndaşlarımızın qayıtdıqları ünvanlarda yaradılan şərait məhz bu məqsədə xidmət edir. Cənab İlham Əliyev vurğulayır ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır. Sosial xidmətin təminatı üçün bu ərazilərdə də «ASAN xidmət», DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk «ASAN xidmət» Şuşa şəhərində tikilib. Növbəti mərkəzin isə Füzulidə tikiləcəyi bildirilir. Tarixi sahibinə qayıdan torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihələri üzrə yenidən qurulur. Daim ilklərə imza atan Azərbaycan bu gün «ASAN xidmət», DOST layihələrinin davamı olaraq «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası ilə diqqətdədir. Cənab İlham Əliyev bu hədəfi də açıqlayır ki, gələcəkdə digər bölgələrimizdə də bu layihələr tətbiq edilə bilər.  

Tarixi Zəfərimizdən ötən dörd ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin hamısını tam şəkildə qeyd etmək mümkün deyil. Çünki görülən işlərin miqyası olduqca genişdir. Bunun üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən ay işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin andan olmasının 101-ci ildönümü günündə Füzuli və Laçın rayonlarında, Şuşa şəhərində oldular. Xeyli sayda sosial obyektlərin açılışı, bəzilərində görülən işlərlə tanışlıq oldu, kəndlərin təməli qoyuldu. Cənab İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuliyə və Şuşaya səfər etdilər. Belarus Prezidenti 30 ilik işğal dövründə ermənilərin törətdikləri dağıntıların şahidi oldu, həmçinin Azərbaycanı öz tarixi torpaqlarına qovuşduqdan sonra apardığı genişmiqyaslı bərpa-quruculuq işlərindən böyük sevinc hissi keçirdi.

Mayın 18-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Səfər çərçivəsində Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin təməli qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda «Ağalı» hotelinin, Zəngilan məscidinin açılışında iştirak etdilər. Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməli qoyuldu. «AzərEnerji» ASC-nin «Zəngilan» və «Sayıflı» Su Elektrik Stansiyaları istifadəyə verildi. Həmçinin Zəngilan şəhərinin daxili yol- kommunikasiya şəbəkəsinin təməli qoyuldu. Təkcə bir səfər çərçivəsində atılan addımlar ümumilikdə görülən işlər barədə aydın təsəvvür yaradır. 

Arxada qalan hər gün bizi Böyük Qayıdış Proqramının icrasının vaxtından əvvəl başa çatdırılmasına yaxınlaşdırır. Dost ölkələrin bu prosesə dəstəyi diqqətdən kənarda qalmır. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirdi. Cənab İlham Əliyev qeyd etdi ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. Aleksandr Lukaşenko bildirdi ki, azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq.

Mayın 28-də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalıda şəhərə köçmüş sakinlərlə görüşdülər. Cənab İlham Əliyev görüşdə qeyd etdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı.

Suverenliyimizin tam bərpa edilməsindən ötən qısa zamanda Xankəndidə, Xocalıda görülən işlərin miqyasına diqqət yetirməklə son 4 ildə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə atılan addımların miqyası barədə aydın təsəvvür yaratmaq mümkündür. Cənab İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə qeyd etdiyi kimi, bu gün bax, burada - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır: «Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.» Cənab İlham Əliyev həmin görüşdə bu müjdəni də verdi ki, sentyabr ayından Xankəndi şəhərinə köç başlayır. Dövlət başçısı görülən işlərin fonunda belə bir əminliyi də ifadə etdi ki, mən demişdim biz Qarabağı cənnətə çevirəcəyik. Yavaş-yavaş çeviririk.

Yeganə Əliyeva, «İki sahil»