12 iyun 2024 11:58
267

AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi

AXCP və Müsavatın partiyaları bir dəfə Azərbaycanda hakimiyyətə gəlmişdilər. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəziyyət o həddə çatmışdı ki, mərhum Əbülfəz Əliyev 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini bildirmişdi. Onun xəbərdarlıq xarakterli çıxışına iclas iştirakçılarının istehzalı reaksiyası da müşavirəni izləyənlərin diqqətindən yayınmamışdı. O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı yuvanın quşu olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldu. Çünki xalq yaxşı bilirdi ki, bu iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq "yox" dedi.

Siyasətdə təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa, qətiyyətsizliyə yer yoxdur. Bütün bu mənfi keyfiyyətlər isə AXC-Müsavat cütlüyündə özünü qabarıq göstərmişdi. Gəncədə baş verən hadisələr zamanı müxalifətin Ulu Öndər Heydər Əliyevə yalvararaq onu Bakıya dəvət etməsi də onların öz canlarının hayına qalması səbəbindən idi. Halbuki, məhz AXC-Müsavat hakimiyyəti 1992-ci ilin oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən Ali Məclisin Sədri seçilən Ümummilli Liderimiz Heydər Əliyevi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və AXC-Müsavat ünsürlərinə tutarlı cavab verdi.

 AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə ərazilərimizin itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi faktı oldu. Hələ 1991-92-ci illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələri yıxmaq, hakimiyyəti ələ keçirmək üçün Dağlıq Qarabağ “kart”ından istifadə etməyi planlaşdıran AXC təmsilçiləri regionlarda olan strukturların fəaliyyətini iflic hala salır, cəbhə bölgələrində döyüşən silahlı dəstələri öz nəzarətləri altına alır, lazımi anda isə həmin dəstələri məhz özlərinin maraqlarına uyğun davranmağa istiqamətləndirirdilər. Bir sıra rayonlarda hətta xalqın üstünə silah çəkərək qarşıdurmalar yaradır, həmin bölgələrdə siyasi hakimiyyəti əldə etmək üçün vətəndaş qarşıdurmasına belə rəvac verirdilər. Şuşanın, Laçının xəyanət əsasında işğal edilməsi birmənalı şəkildə AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. AXC rəhbərlərinin birdən-birə “səhra komandiri” cildinə girərək öz ətraflarında silahlı dəstələr yaratması, bu faktı bir daha təsdiqləyir. Mərkəzi hakimiyyəti zəbt etmək üçün yerlərdə bu planı həyata keçirən AXC rəhbərliyi sonradan, yəni 1992-ci ilin may ayından etibarən həmin silahlı dəstələri Bakıya gətirərək Dağlıq Qarabağı müdafiəsiz qoydular. Bakıya gətirilən həmin silahlı dəstələr isə Ali Sovetin AXC təmsilçiləri tərəfindən zəbt olunmasına, öz istəklərinə uyğun şəkildə davranış sərgiləmələrinə rəvac verdi.

1993-cü ildə Gəncədə baş verən hadisələr zamanı xalq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Yuxarıda qeyd etdiyimiz kimi, AXC-Müsavat cütlüyü də özlərinin təhlükəsizliyi xatirinə ümummilli liderimizi Bakıya dəvət etdilər. 1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya gəldi, ölkəmizi xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etmək üçün gərgin fəaliyyətə başladı. Azərbaycanda siyasi sabitlik yarandı. Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz böyük sürətlə inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik sosial proqramların reallaşdırılması nəticəsində ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.

Rəna Novruzova,
Xətai rayonu, 48 nömrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü