12 iyun 2024 11:49
275

Müstəqilliyin ilk illərinin xarakteristikası: xaos və anarxiya

Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi yetkililər arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hakimiyyət postuna yiyələnən, amma tamamilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin, xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, həmin vaxt hakimiyyətdə olanlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, o zamankı rəhbərlik təbii geosiyasi situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi.

Beləliklə, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri Azərbaycanı fərqli korporativ maraqlara malik olan güclərin siyasi mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirmişdi.
AXC-“Müsavat” cütlüyü Azərbaycanı xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi.

Bundan sonra hakimiyyətə gəlmiş AXC-“Müsavat” cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər.

Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qaldı
Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi.  Əslində, Surət Hüseynovun başladığı 4 iyun qiyamı da Azərbaycanda AXC-“Müsavat” iqtidarının heç bir təsir və rola malik olmadığının göstəricisi idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz. Xüsusilə də mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə zəngin dövlətçilik təcrübəsinə malik olan siyasi lider yoxdursa, o zaman hər hansı bir uğurdan bəhs etmək olmaz. Məhz AXC-”Müsavat” hakimiyyətinin komandasında siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu, eləcə də bütün bu dağıdıcı prosesləri şərtləndirən əsas amillərdən biri kimi çıxış etdi.Ölkəyə “rəhbərlik” edən qüvvələr Azərbaycanı xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirdilər

Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Bir sözlə, 1991-ci ilin oktyabrında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyunundan, yəni Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməkdədir. Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq”.

Sevda Məmmədəliyeva,
Xətai rayonu, 48 nomrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü