12 iyun 2024 02:17
318

Au revoir, müsyö Makron...

Milli Assambleyaya seçkilər Fransa Prezidentinin istefası və hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər

İyunun 9-da sağ və milliyyətçi siyasi qüvvələrin böyük üstünlüyü ilə nəticələnən Avropa Parlamentinə seçkilər Fransanın siyasi elitası üçün soyuq duş effekti yaratdı. Baxmayaraq ki, Prezident Emmanuel Makronun yarıtmaz daxili və xarici siyasəti onun rəhbəri olduğu hakim “İntibah” (“Renessans”) partiyasının reytiqini kifayət qədər aşağı saldığından belə rüsvayçı məğlubiyyəti sürpriz də saymaq olmaz. Siyasi analitiklər daha əvvəldən Avropa İttifaqının (Aİ) iki aparıcı dövləti olan Fransa və Almaniyanın hakim partiyalarının seçkilərdə uduzucaqlarını proqnozlaşdırmışdılar. Ancaq Almaniya Kansleri Olaf Şoltsla müqayisədə Makronun vəziyyəti daha acınacaqlıdır. Əsas rəqibi Marin Le Penin millətçi-sağ “Milli birlik” partiyasının 31.5 faiz səsinə qarşı “İntibah”ın cəmi 14.7 faiz səs toplaması Fransa liderinin siyasi sonunu yaxınlaşdırıb. İndi kütləvi informasiya vasitələrində Makronun mümkün istefası ilə bağlı xəbərlər dolaşmaqdadır. Belə ki, indiki vəziyyətdə onun Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərarını “siyasi intihar” kimi qiymətləndirənlər az deyil. İyunun 30-da və iyulun 7-də keçiriləcək iki turdan ibarət seçkilərdə sağ millətçilərin qalib gələcəyi şübhə doğurmur. Belə olacağı halda, Makronun prezidentliyini 2027-ci ilə kimi davam etdirə bilməyəcəyi və istefa verməsi qaçılmaz olacaq. “Europe 1” radiostansiyasının yaydığı məlumata görə, bu variant da Fransa liderinin düşdüyü durumda müzakirə etdiyi mövzular sırasındadır. Qeyd olunub ki, Makronun özü son həftələrdə yaxın adamları ilə “son tədbirlər ssenarisini” üzərində məsləhətləşmələr aparıb. “Europe 1” onlardan birinin sözlərini sitat gətirib: “Prezidentin istefası tabu deyil. Bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır.”

Bəs Emmanuel Makronun məğlubiyyətini şərtləndirən hansı amillər oldu? Baş verən hadisələr Fransa-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

“İntibah”ın uduzmasının ən mühüm səbəbi Makron iqtidarının ölkə daxilindəki problemlərə laqeyd münasibətindən qaynaqlanır. Xalqın ciddi etirazlarına səbəb olan “pensiya islahatları” da daxil olmaqla hökumətin əhalinin sosial vəziyyətində yaranmış çətinlikləri görməzdən gəlməsi, düzgün aparılmayan miqrantlar siyasəti, hətta ekoloji təlatümlərə səbəb verən yarıtmaz fəaliyyət və digər məsələlər hakimiyyətin reytiqinin gündən-günə aşağı düşməsi ilə nəticələnib. Parisdə və Fransanın digər iri şəhərlərində zibilliklərin artdığı, insanların az qala mənzillərində zərərverici həşəratlarla birgə yaşamağa məcbur qaldığı bir vaxtda paytaxt meri Ann İdalqo başda olmaqla digər şəhərlərin “başçıları” özlərinə aid olmayan işlərlə məşğul olur, Ermənistana səfərlər edərək işğalçı separatçılara dəstək nümayiş etdirirdilər. Yeri gəlmişkən, madam İdalqo AFP agentliyinə müsahibəsində Makronun ölkə parlamentini buraxmaq qərarından şoka düşdüyünü bildirib. Onun sözlərinə görə, bu qərar qarşıdan gələn Olimpiya Oyunlarının keçirilməsinə təsir edə bilər: “Prezidentin Olimpiya Oyunları öncəsi parlamentin buraxılması barədə qərar verdiyini eşidəndə məəttəl qaldım, şoka düşdüm. Olimpiada ərəfəsində parlamentin buraxılması çox narahatedicidir.”

Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. Ancaq “Prezidentin parlamenti buraxmaq qərarından şoka düşən” Paris merinin nüfuzlu yarışa hazırlıqla bağlı gördüyü, daha doğrusu görmədiyi işlər daha çox narahatlıq doğurur. Belə ki, ekspertlər Fransa paytaxtının Olimpiya Oyunlarına tam hazır olmadığı, kifayət qədər problemlərin bu günə qədər aradan qaldırılmadığı ilə bağlı həyəcan təbili çalırlar...

“İntibah” partiyasının acı məğlubiyyətinin, Emmanuel Makronun istefası və mümkün hakimiyyət dəyişiklikləri ehtimallarının ölkənin xarici siyasətinə də birbaşa təsir edəcəyi şübhə doğurmur. Bu mənada son illər gərginləşən Fransa-Azərbaycan münasibətlərində hansı dəyişiklərin ola biləcəyi də maraq doğurur. Məsələ burasındadır ki, İkinci Qarabağ müharibəsinə qədər normal davam etmiş bu münasibətlərin korlanmasının səbəbkarı birmənalı olaraq Fransanın hazırkı Prezidentidir. Onun müharibənin ilk günlərindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan addımlarına qərəzli və ermənipərəst münasibəti diplomatik böhranın yaranma səbəbinə çevrildi. Belə ki, həmin vaxt verdiyi açıqlamalarda Azərbaycanı dəstəklədiyinə görə Türkiyəni kəskin tənqid edərək müharibənin Azərbaycan tərəfindən başladıldığını və Azərbaycanın münaqişə zonasına Suriyadan muzdlu döyüşçülər gətirdiyini iddia edən Makron bildirmişdi ki, “Dağlıq Qarabağ”ın, yəni erməni işğalı altında olan ərazilərin hərbi yolla geri qaytarılması cəhdlərini qəbul etməyəcək.

Fransa liderinin bu məsuliyyətsiz və ədalətsiz bəyanatları ilə də iki ölkə arasında uzun illər davam etmiş normal münasibətlərdə uzunmüddətli gərginliyin əsası qoyulmuş oldu. Həmin vaxtdan başlayaraq Fransa dövləti açıq şəkildə Ermənistanın tərəfini saxlayır, bütün mümkün variantlarla anti-Azərbaycan siyasəti yürüdür. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, Makron hökumətinin Fransa-Azərbaycan münasibətlərinin korlanmasındakı “xidmətləri” haqqında təsəvvür yaransın: 44 günlük Vətən müharibəsinin ilk həftələrindəki cəhdi ilə bilikdə Fransa 4 dəfə Azərbaycana qarşı qərəzli sənəd qəbul etdirmək məqsədilə BMT TŞ-yə müraciət edib, hər dəfəsində də biabırçı uğursuzluqla üzləşib. Təəssüf ki, Fransanın qanunverici orqanının timsalında da erməni təəssübkeşliyinin şahidi olmuşuq. Senat Vətən müharibəsindən sonra dəfələrlə ölkəmizin əleyhinə beynəlxalq hüququn norma və prinsiplərinə zidd qətnamələr qəbul edib. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alsaq, Makronun hakimiyyətini itirməsi Fransa-Azərbaycan münasibətlərinin də yenidən normallaşmasına rəvac verə bilər.

...Fransanın siyasi elitasının və Prezident Makronun hazırkı durumu məşhur Azərbaycan filmi olan “Dərviş Parisi partladır”da fransız müsyö Jordanın son kədərli vidalaşma səhnəsini xatırladır: “Parijin dağıldığı”, Fransada inqilab olduğu xəbərini alan Jordan yazıq-yazıq sağollaşanda Rəşid bəy onu “Au revoir (Fransızca “əlvida”, “gülə-gülə”-red.), müsyö!” sözləri ilə yola salır. Ümid çoxdur ki, illərdir Azərbaycana qarşı qərəzli siyasət yürüdən Fransa Prezidentinə tezliklə biz də eyni məzmunlu müraciət edə bilək: Au revoir, müsyö Makron...  

Mahir Rəsuloğlu, “İki sahil”