11 iyun 2024 11:47
227

Ulu Öndər Azərbaycan dövlətini yox olmaqdan xilas etdi

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
Heydər Əliyev

 

1918-ci ildə Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilməsi ilə ilk Respublika dövrü başladı. Birinci Respublikanın ömrü 23 ay sürdü. O vaxt Rusiyanın müstəmləkəsindən xilas olaraq ABŞ-ın mandatı altında mövcudluğu davam etdirmək əsas hədəflərdən idi. Dünyanın o vaxtkı gücləri, təəssüf ki, Rusiyanı daha əhəmiyyətli saydıqlarından Azərbaycanın müstəqilliyini itirməsinə göz yumdular. Bolşeviklər Xalq Cümhuriyyətini işğal etdi. Bununla da dövlət quruculuğu və müstəqil respublika olmaqla bağlı işlər yarımçıq qaldı. O zaman dövlət müstəqilliyi elan edilərkən dövlət və hökumət strukturları sıfırdan quruldu. Azərbaycanın dövlət müstəqilliyini qorumaq üçün beynəlxalq şərait əlverişli deyildi. Antanta ölkələri, Rusiya və Türkiyə arasında münasibətlər regionda geosiyasi dəyişikliklərə səbəb oldu. 1920-ci ildə bolşevik Rusiyası Azərbaycanı bir çox səbəblərdən işğal etdi, lakin formal olaraq “Müstəqil Azərbaycan SSR” saxlanıldı. Dövlət müstəqilliyinə son qoyulsa da, dövlətçiliyin atributlarının bir qismi saxlanıldı. 1921-ci ildə tarixdə ilk dəfə olaraq Azərbaycan SSR-nin Konstitusiyası qəbul edildi. 1922-ci ildə Azərbaycan SSRİ-nin tərkibinə daxil ediləndə xarici siyasət və başqa strukturlar ləğv edilsə də, formal olaraq Azərbaycan SSR Sovet İttifaqını təşkil edən müttəfiq respublika idi.

1991-1993-cü illər

1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edildi. Dövlət və hökumət strukturlarının bir çoxu bu zaman artıq mövcud idi. Müdafiə Nazirliyi yaradıldı. 1991-ci ildən sonra yaranmış ağır şəraitdə dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsi real idi. Ermənistanın hərbi təcavüzünün davam etdiyi, ərazilərimizin işğal edildiyi, qaçqın və məcburi köçkünlərin olduğu bir zamanda şimalda və cənubda xaricdən dəstəklənən bölücülük hərəkətləri artmışdı, xalq vətəndaş müharibəsi astanasında dayanmışdı.

Vətəndaş müharibəsi

Şimal bölgələrində “Sadval” adı altında yaradılan qruplaşmalar bir sıra maraqlı xarici dairələr tərəfindən maliyyələşdirilirdi. Təbii ki, burada bir sıra məqsədlər vardı. İlk növbədə tarixi Azərbaycan torpaqlarında yeni bir separatçı hərəkatın başlanması, silahlı qarşıdurmanın yaranması Azərbaycanın inkişafına maneə törədəcəkdi. Separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və silahla təmin edən həmin xarici qüvvələr isə Ulu öndər Heydər Əliyevin siyasi bacarığına yaxından bələd idilər. Onlar bilirdilər ki, Azərbaycanda siyasi sabitliyin yaranması qısa müddət ərzində yeni inkişaf konsepsiyasının hazırlanmasına və Azərbaycanın qüdrətlənməsinə yol açacaq. Məhz bunun qarşısını almaq üçün onlar hər vasitədən istifadə edir, AXC-Müsavat hakimiyyətinin etnik ayrı-seçkiliyi özündə əks etdirən bəyanatlarından ustalıqla istifadə edirdilər.

Həmin dövrdə Azərbaycanın daxilində ən təhlükəli separatçı hərəkatlardan biri də ölkənin cənubunda yaranmışdı. 1993-cü il avqustun 7-də separatçı Əlikram Hümbətov Azərbaycanı parçalamaq məqsədilə qondarma “Talış-Muğan Respublikasının” yarandığını “elan etdi”. Avqustun 7-də Bakıya "nota" göndərən separatçı rəsmi Bakının onunla hesablaşmasını tələb edirdi. Xatırladaq ki, qondarma respublikanın tərkibinə 7 rayonun adı daxil edilmişdi. Onun belə bir mövqedən çıxış etməsi respublikanın cənub bölgəsində yaşayan talışların əksəriyyətinin hiddətinə səbəb oldu. Əhalinin ayağa qalxdığını görən Ə.Hümbətov Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonlarında kütləvi repressiyalar həyata keçirdi. Həmin dövrdə ölkənin sabiq müdafiə naziri Rəhim Qazıyevin tez-tez Lənkərana gedib Ə.Hümbətovla danışıqlar aparması isə vəziyyəti daha da gərginləşdirdi. Amma bu məsələdə Ulu Öndər Heydər Əliyevin tutduğu qəti mövqe separatçıların planını alt-üst etdi. Avqustun 23-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyev Azərbaycan milli televiziyası ilə xalqa müraciət etdi. Müraciətdə bildirilirdi ki, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında baş verən hadisələr qanuna, konstitusiyaya zidd hərəkətlərdir və onların çox ağır nəticələridir: “Həmin rayonlarda camaat artıq ayağa qalxmışdır. Adamlar Əlikram Hümbətovun bu çirkin hərəkətlərinə dözə bilmirlər”.

Bəli, həmin dövrdə cənubda silahlı separatizmə qalxan Ə.Hümbətov bir sıra hallarda xarici ölkələrin müəyyən dairələrinin nümayəndələri ilə də gizli görüşlər keçirirdi. Həmin xarici qüvvələrin Ə.Hümbətovdan öz maraqları üçün istifadə edərək Azərbaycana qarşı təzyiq kampaniyası aparmaq istəyirdilər. Digər tərəfdən, bu həm də Ermənistanın dəyirmanına su tökmək üçün yaranan ən münbit şərait idi. Məhz bunun nəticəsi idi ki, Hümbətov kimi antimilli qüvvələrin dağıdıcı fəaliyyəti zamanı ermənilərə cəbhə bölgəsində daha güclü işğalçı siyasət həyata keçirməyə şərait yaradılırdı. Bunun nəticəsi idi ki, həmin günlərdə Füzuli və Cəbrayıl rayonları ermənilər tərəfindən işğal olundu.

Baş verən bu neqativ hadisələr nəticə etibarilə ölkədə ciddi institusional kataklizmlərin daha da dərinləşməsinə gətirib çıxardı. Bunun göstəricisi idi ki, 1992-93-cü illərdə siyasi kataklizmlər yerini ciddi vətəndaş qarşıdurması təhlükəsinə vermiş, müxtəlif ambisioz qüvvələrin də iştirakı ilə vətəndaş müharibəsi əslində reallığa çevrilməkdə idi. Bir tərəfdən qiyama qalxmış qüvvələr, digər tərəfdən isə o zamankı hakimiyyətin özündə parçalanmanın yaşanması ölkədə əsl xaos yaratmışdı. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərarın imzalanmasının ardından o zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim alması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissələrinin Bakıya doğru istiqamət götürməsi əmrini vermişdi. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş olmuşdu. Artıq ölkədə vətəndaş müharibəsinin simptomları görünürdü. Belə ağır bir vəziyyətdə, məsuliyyətli anda Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Ulu Öndər beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin itirilməsinə yol vermədi, Azərbaycan dövlətinin varlığını qorudu.

Televiziya ilə xalqa müraciətində Azərbaycanın vahid və bölünməz olduğunu bir daha bəyan edən Umummilli Liderimiz Heydər Əliyev Azərbaycanda hər bir vətəndaşın qanun qarşısında eyni huquqlara malik olduğunu söylədi: “Bizim Azərbaycan vahid Azərbaycandır. Onun vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır. Bu, süni surətdə ortaya atılmış şeydir. Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən savayı buna heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz”.

Ümummilli Liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bunun üçünsə, ilk növbədə, uzun müddət SSRİ mühitində və şəraitində dominant (başqa sözlə, vahid) ideologiya və idarəetmə rejimi olan totalitarizmin qalıqlarından (əslində, hökmranlığından) qurtulmalı, ideoloji-siyasi rejim transformasiyasını milli münasibətlər sisteminə və mövcud duruma müvafiq olaraq həyata keçirməli, ictimai-siyasi münasibətləri yeni şəraitə uyğun formada tənzimləmək üçün sosial strukturlar və siyasi təsisatların fəaliyyətinə legitim şərait yaradılmalı, milli identiklik və özünüdərk üçün təməl komponent və mexanizm olan universal ideoloji formula - milli ideologiya formalaşdırılmalı, ondan siyasi-ideoloji və etno-siyasi bütövlüyü təmin edəcək resurs qismində istifadə edilməli, cəmiyyətdaxili inteqrasiya prosesi sürətləndirilməli, sosial stratifikasiyalararası ictimai münasibətlər sağlam dəyərlər əsasında təşkil edilməli və nəticə etibarilə qeyri-formal milli dövlət quruculuğu prosesi tədrici transformasiya fonunda davam etdirilməli idi. Bütün bunlara real əlverişli zəmin yaradacaq başlıca amil isə özündə yeni və daha təkmil struktur elementlərini, sağlam milli münasibətləri birləşdirən, ehtiva edən siyasi sistemin təşəkkül tapması idi. Belə ki, bunun üçün rasional seçim strategiyası əsasında ictimai-siyasi təsisatlanma prosesi formalaşdırmalı, bu, tendensiya halını almalı, ictimai, siyasi, hüquqi, informativ, normativ resurslar sistemindən səmərəli istifadə mexanizmi təşəkkül tapmalı, idarəetmə forması və onun xüsusiyyətlərində kardinal reformativ dəyişikliklər edilməli, sərvətlərin simmetrik bölgüsü həyata keçirilməli və bu kimi bir çox fundamental səciyyə daşıyan vəzifələr həyata keçirilməli idi. Bununla da, təşəkkül tapmış siyasi sistemin fonunda milli dövlət və yeni cəmiyyət quruculuğu prosesinin əsası qoyulmalı və bu tendensiya real şəraitin qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməli idi...

1993-cü il: Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı

Hər kəsə məlumdur ki, Ulu Öndər Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan vətəndaş müharibəsindən xilas oldu, atəşkəs haqqında saziş imzalandı, əks halda, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ olardı. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir müqavilənin imzalanmasına nail oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi olan Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini də öz əlləri ilə qoymuşdur. Bundan sonra, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidməti idi.

Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin həyata keçirilməsi işində Heydər Əliyevin təşəbbüsü və gördüyü işlər müstəsna əhəmiyyətə malikdir. Əsas məqsədi Qədim İpək Yolunun bərpasından, Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin müstəsna əhəmiyyətini dərk edən Heydər Əliyev, bütün qüvvəsini əvvəlcə BTC layihəsinin, sonra isə digər mühüm layihələrin reallaşdırılmasına yönəltmişdir. Tarix onun bu uzaqgörənliyini qısa bir zamanda təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə xidmət edirdi.

Azərbaycan iqtisadiyyatının son 20 illik inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktualdır, həmçinin dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış edir. Müstəqil şəraitdə, heç kimə ümid bəsləmədən iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, təkcə siyasi-mənəvi deyil, həm də yüksək milli gəlir əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt hesab edən Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq".

Ulu Öndər Azərbaycan dövlətini yox olmaqdan xilas etdi

Beləliklə, bu gün tam qətiyyətlə deyə bilərik ki, 1991-ci il, oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasına baxmayaraq, Azərbaycan xalqı əsl müstəqillik sevincini yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı. Daha dəqiq desək, 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə xaos, vətəndaş müharibəsi, etnik separatizm, hakimiyyət böhranı, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu.

Dahi şəxsiyyət müxtəlif dövlətlərin ölkəmizə yönələn geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaratdı. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı ekspansiyasi dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində (dövlət çevrilişlərinə cəhd) Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk olaraq insan haqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali - hüquqi, siyasi sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.

Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı.

1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Ölkə daxilində atılan bu addımlarla yanaşı, Ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə, Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində Ulu öndər tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu olub. Yeni Azərbaycan Partiyası keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən, həmçinin, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Belə bir siyasi qüvvənin yaranmasını tələb edən tarixi zərurət mövcud zaman kəsiyində ölkəmizin düşdüyü mürəkkəb, fəlakətli, ümidsiz vəziyyətdən onu xilas etmək kimi misilsiz tarixi vəzifənin yerinə yetirilməsi arzusu və istəyi ilə əlaqədar idi.

Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısını almaq məqsədilə xalqın sağlam qüvvələrinin, geniş təbəqələrinin böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciəti, 1992-ci il, oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Onun yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı.

Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramına sadiq fəaliyyət göstərir. Bu gün Azərbaycan, məhz həmin prinsiplərə istinad edərək inkişaf edir. Qürurverici fakt ondan ibarətdir ki, ölkəmizin mövcud ictimai-siyasi mühiti və sosial-iqtisadi rifah səviyyəsi, Yeni Azərbaycan Partiyasının bu tarixi vəzifənin öhdəsindən layiqincə gəlməsinə və olduqca əhəmiyyətli siyasi kampaniyanı uğurla başa vuraraq, əsl ümumxalq partiyası olduğunu bir daha sübut etməsinə imkan verib.

Beləliklə, tarixi hadisələr də sübut edir ki, 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsindən sonra Azərbaycan dövlət müstəqilliyini, mövcudluğunu itirmək təhlükəsindən xilas oldu və ölkəmizdə dövlət quruculuğu prosesinə başlanıldı.

Gülbəniz İsayeva,
Xətai rayonu, 63 saylı tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü