10 iyun 2024 11:07
211

Bizim ailəmiz Türk dünyasıdır

Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. TÜRKPA-nın plenar iclasları, Türk dünyasının birliyinin təzahürü olaraq, ölkələrimizin bu birliyə yönəlmiş böyük səylərini əks etdirir.

Ölkəmizin reallaşdırdığı siyasət müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Prezident İlham Əliyev çıxışı zamanı bununla bağlı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu barədə açıq şəkildə bildirir: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.” Bu ifadə, Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.

 Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.

Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var.

İqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir

Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir.Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşaya səfərləri, bu birliyin əyani göstəricisidir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə inşa edilən məktəb və incəsənət mərkəzləri, birliyimizin güclü təzahürlərindən biridir.Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir və geniş bir coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı və demoqrafik vəziyyətin müsbət olması, bu böyük güc potensialını təşkil edir. Bizim vəzifəmiz, bu potensialı dünya miqyasında böyük bir gücə çevirməkdir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Türk dünyasının birliyini daha da möhkəmləndirir və gələcəkdə bu birliyin dünya səhnəsində daha da güclənməsinə töhfə verir.

Sitarə Muxtarlı,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü