08 iyun 2024 13:15
224

Müasir müstəqil Azərbaycanın xilaskarı

30 il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi...Qaranlıqda qalmış  və xilaskarını  gözləyirdi. Çətinliklərlə qarşılamış və faciələr yaşamışdı. Yalnız Birinci Qarabağ müharibəsi deyil, həm də daxili münaqişələr də vardı. Bir tərəfdən iqtisadi çətinliklər, digər tərəfdən enerji resurslarının qıtlığı, qaz qıtlığı ölkəni geridə qoyurdu. Azərbaycan iqtisadiyyatına, sənayesinə, neft sənayesinə vurulmuş zərbələr çox ağır idi. 

Azərbaycan, doğma vətənin  dönüş nöqtəsi məhz 1993-cü ildə Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdəşə oldu.  Azərbaycanın xilaskarı ölkənin tarixində yeni “Qızıl səhifələr” açdı. O səhifələr ki, bu günə kimi Azərbaycanın irəliyə getməsinə səbəb oldu. Ümummilli lider Heydər Əliyevin dediyi “Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır” cümləsi ölkəmizə nə dərəcədə dəyər , sevgi bəsləməsini sübut etdi.  Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər. 

Ümummilli Lider  Heydər Əliyev hakimiyyətə gəldiyi andan yeni qanunlar, islahatlar həyata keçirməyə başladı. Bir çox ölkələrlə imzalanmış uğurlu müqavilələr Azərbaycanı dünyaya tanıtdı və iqtisadiyyatına da təsir etdi.  Azərbaycanın nefti dünyada ilk sıraları aldı. Enerji sektoruna  da bu dəyişiklik təsir etməyə başladı. Enerji təhlükəsizliyinə nail olmaq , regional əməkdaşlıq Azərbaycan üçün zəruri amillərdən biri oldu.  Azərbaycanın paytaxtı Bakı neft sənayesinin beşiyi kimi tanındı.

Dünya ictimaiyyəti bunu da bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxtdan Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi.  “Əsrin müqaviləsi”nin imzalanması ilə ümmummilli lider Heydər Əliyev Azərbaycanın enerji sektorunda yeni eranın başlanğıcını qoydu.  Ümummilli liderin çoxşaxəli fəaliyyətinin prioritet  istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat , müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Böyük şəxsiyyət  Azərbaycana rəhbərlik etdiyi dövrdə ordu quruculuğunda da köklü islahatlar həyata keçirdi. Heydər Əliyev İran və Rusiyanın ciddi etirazlarına baxmayaraq ABŞ şirkətlərini Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. Dünya ictimaiyyəti Ermənistanı işğalçı bir dövlət kimi tanıdı.  Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir.  Bugünkü inkişaf Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Azərbaycan beynəlxalq aləmdə uğur qazanmış ölkə kimi tanınır və nüfuz qazanır.  Azərbaycan təbii sərvətlərinin qədrini bilir və dünyaya da fayda verməkdə davam edir.
Dövlətimizin başçısı İlham Əliyev nəzərdə tutulan hər bir layihənin vaxtında başa çatdırılmasına söykənərək bildirir ki, xalq-iqtidar birliyi, ədalət, şəffaflıq, düzgün iqtisadi siyasət uğurlu inkişafın əsas amilləridir.  
Cənab İlham Əliyevin çıxışlarında daim bu fikir öndə olur ki, neftin vətəni Azərbaycandır, neft sənayesi də məhz  buradan başlamışdır. Bu gün artıq Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bir ölkənin inkişafı üçün düzgün müəyyənləşdirilən siyasət parlaq uğurların əsası olmaqda davam edəcək.

Şəbnəm Babayeva,
Xətai rayonu, 17 nömrəli tam orta məktəbin müəlllimi, 
YAP Xətai rayon təşkilatının Q.Nəbi 6A ünvanı üzrə ərazi partiya təşkilatının üzvü