16 oktyabr 2026 10:58
78

Azərbaycan qlobal təhlükəsizlik və ədalət siyasətinin zirvəsində: Tarixi qələbədən əbədi sülhə doğru

Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və Avrasiya məkanında birləşdirici mərkəz kimi oynadığı strateji rolun növbəti bariz təcəssümü oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mötəbər tədbirdəki dərin məzmunlu və proqram xarakterli çıxışı yalnız regional təhlükəsizlik məsələlərinə işıq salmadı, həm də beynəlxalq hüququn və ədalətin bərpa olunması yollarını bütün dünyaya nümayiş etdirdi.

Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə həyata keçirdiyi səmərəli əməkdaşlıqla regionumuzda təhlükəsizlik sistemini addım-addım möhkəmləndirir. Dövlətimiz davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama və ölkələrin ərazi bütövlüyü ilə suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət yürüdür. Bununla yanaşı, Azərbaycan beynəlxalq münasibətlərdə ikili standartların və seçici yanaşmaların tətbiqi kimi zərərli praktikaya karşı daima fəal və əsaslandırılmış şəkildə mübarizə aparır.

Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı olaraq ikili standartlar və haqsızlıqlarla üzləşmişdir. Ərazimizin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyon soydaşımız Qarabağ, Şərqi Zəngəzur və indiki Ermənistan ərazisindəki baba-baba torpaqlarından qovularaq etnik təmizləməyə məruz qalmışdır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi 30 il boyunca kağız üzərində qaldı. Məsələnin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə yalnız imitasiya xarakteri daşıyırdı və münaqişəni dondurmağa yönəlmişdi. Avropa Parlamenti və Avropa Şurası kimi anaxronizm nümunələri təcavüzkarı həvəsləndirir, təcavüzə məruz qalan Azərbaycanı isə haqsız yerə hədəfə alırdı.

Ermənistanın həm keçmiş hərbi cinayətkar rəhbərliyi, həm də 2018-ci ildən hakimiyyətə gələn hazırkı rəhbərliyi eyni cinayətkar siyasəti davam etdirdilər. “Qarabağ Ermənistandır və nöqtə” deyən, ölkəmizi yeni müharibə ilə təhdid edən bu cür hədsiz həyasızlığa dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. 2020-ci ilin iyul və avqust aylarındakı hərbi təxribatlardan sonra xalqımızın səbri tükəndi və haqq-hesab vaxtı gəldi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edərək düşməni kapitulyasiya aktına imzalamağa məcur etdi.

Üç il ərzində suverenliyimizin tam bərpasını sülh yolu ilə həll etməyə çalışsaq da, Ermənistan atəşkəsdən yenidən silahlanmaq üçün istifadə etməyə cəhd göstərdi. Nəticədə, 2023-cü ilin sentyabrında keçirilən bir sutkadan da az müddətlik anti-terror əməliyyatı ilə Azərbaycan əsgərinin “Dəmir yumruğu” separatizmə birdəfəlik son qoydu. Suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu.

Nürnberq tribunalının analoqu olaraq, bir vaxtlar Bakını tanklarla işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edən erməni faşistləri, hərbi cinayətkarlar bu gün Azərbaycan məhkəməsi qarşısındadırlar və çayı Bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Müharibə heç vaxt bizim seçimimiz olmayıb. Əgər Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdıq. Lakin Azərbaycan xalqı böyük mənəvi keyfiyyətlər göstərərək, 30 illik əzablar, soyqırımı və dağıntılara rəğmən qisasını yalnız döyüş meydanında aldı. Biz barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik, məğlub vəziyyətdə olana zərbə vurmadıq, əksinə, Ermənistana sülh təklif etdik. Artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşayırıq və bu kövrək sülhü qoruyub möhkəmləndirmək əsas vəzifəmizdir.

Azərbaycan AQEM-ə iki illik sədrliyi dövründə bu təşkilatın gücləndirilməsini prioritet hesab etmişdir. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, təhsil və elm sahələrində irəli sürdüyümüz təşəbbüslər təşkilatın institusional və hüquqi dayaqlarlarını daha da möhkəmləndirmişdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edən mexanizmlər işlənməyincə qlobal münaqişələr davam edəcəkdir. Azərbaycanın təcrübəsi göstərdi ki, milli iradə, güclü dövlət və ədalətli möqeyə söykənən siyasət beynəlxalq hüququ bərpa etməyə qadirdir. Ölkəmiz regional sülhün və Avrasiya məkanında əməkdaşlığın aparıcı qüvvəsi kimi öz tarixi missiyasını şərəflə davam etdirir.

Anar Məmmədov,

Milli Məclisin deputatı