08 iyun 2024 13:10
374

Misir-Azərbaycanın münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir - ŞƏRH

Misir Azərbaycanın dostluq münasibətində olduğu ərəb ölkələrindən biridir. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Həmin ilin aprel ayında Azərbaycanda Misirin,  1994-cü ildə isə ölkəmizin Qahirədə səfirliyi fəaliyyətə başlayıb. Bu, dövlətimizin Afrika qitəsindəki ilk səfirliyi hesab olunur. İki ölkə arasındakı əlaqələrin inkişafına Qarabağ münaqişəsi dönəmində Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də öz müsbət təsirini göstərib. Təkcə bir faktı xatırladaq ki, 1994-cü ilin aprelində rəsmi Qahirə BMT-nin Cenevrədəki İnsan hüquqları Komissiyasının 52-ci sessiyasında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Ölkəmiz də  həmçinin Misirlə bağlı məsələrdə həmişə həmrəylik nümayiş etdirib.

Misir-Azərbaycanın münasibətlərinin genişlənməsində dövlət rəsmilərinin səfərləri mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri baş tutub. Bu səfər Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. 
Azərbaycan və Misir arasındakı əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkə başçımızın 2007-ci il mayın 6-8-də Misirə rəsmi səfərinin baş tutması bunun təzahürüdür. Həmin səfər çərçivəsində iki ölkə arasında əlaqələrin inkişafı, mövcud beynəlxalq vəziyyət, Qarabağ münaqişəsi kimi mühüm məsələlərlə yanaşı, iqtisadi münasibətlərin daha da genişləndirilməsi gündəmə gətirilib. Nəticədə müxtəlif sahələri əhatə edən 12 sənəd həyata vəsiqə alıb. Həmin səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimi keçirilib. Mayın 7-də isə  Prezident İlham Əliyev Misir Parlamenti tərəfindən medal ilə təltif edilib. Xatırladaq ki, qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim olunur.

Qeyd edək ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə Prezident İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirə olunması, həmçinin Liqaya üzv ölkələrin səfirləri ilə görüşməsi bunu təsdiqidir..

2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısında iştirak etmək üçün ölkəmizdə  səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb.Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir.

Ötən il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev mətbuata bəyanatında əminliklə deyib ki,  bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq: “Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.
Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyduğunu bildirən Əbdülfəttah Əs-Sisi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları görməkdən şad olduğunu deyib.

Yeri gəlmişkən qeyd edək ki, COP27-yə uğurlu ev sahibliyi etmiş Misir bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dəstəkləyən və bu sahədə ölkəmizlə təcrübəsini bölüşən bir ölkədir.
Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İyunun 7-də Prezident İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri başlayıb. Şübhəsiz, bu səfər ikitərəfli münasibətlərin daha da genişlənməsinə öz yeni çalarlarını da əlavə edəcək.  Bu mənada bu səfəri yeni töhfələrə vəsilə olacaq səfər adlandırmaq olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”