08 iyun 2024 11:50
319

Vardanyan ekstremist, terroru maliyyələşdirən cinayətkardır - ŞƏRH

"Bütün dünyada insanlar bu adamın layiq olduğu yerdə - dəmir barmaqlıqlar arxasında qalmasına sevinməlidirlər"

Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran qondarma rejimin sabiq “dövlət naziri”, rusiyalı erməni milyarder, qlobal fırıldaqçı Ruben Vardanyanın korrupsiya şəbəkəsində rolu və çirkli pulların yuyulması piramidasına rəhbərlik etməsi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) geniş araşdırması ilə bir neçə il öncə üzə çıxmış və dünyanın nüfuzlu dərgilərində bu araşdırma dərc edilmişdi. OCCRP-nin araşdırmasına görə, o və tərəfdaşları müxtəlif ölkələrdə gizli şirkətlərdən və hesablardan istifadə edərək vergi orqanlarından milyardlarla dollar gizlədiblər. Yeri gəlmişkən qeyd edək ki, 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü, 2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Ruben Vardanyana qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxışlar ediblər. 

Bütün bunlara baxmayaraq, hələ də CNN,  “France 24” kimi telekanallar, piar şirkətlər bu dələduzu  “qəhrəman”, həm də “azadlıq döyüşçüsü” obrazında təqdim etməyə çalışırlar,  hətta onu Nobel Sülh Mükafatına  “layiq” bilirlər. Amma beynəlxalq aləm də onun iç üzünün açılması istiqamətində fəaliyyətini davam etdirməkdədir. Məsələn, bu günlərdə “Jerusalem Post”, “Israel HaYom” qəzetləri ilə yanaşı, Kanadanın “Thej.ca” nəşrində də qlobal fırıldaqçı ilə bağlı yazı dərc olunub. Həmin yazıda qeyd olunur ki, uzun müddət Qarabağdakı separatçılara dəstək göstərən bu “xeyriyyəçi” dələduz digər ölkələrdə də öz çirkin əməllərini davam etdirib. Yeri gəlmişkən, erməni separatçılarının Vardanyandan aldıqları silahların miqdarı o qədər çoxdur ki, bu günədək həmin silahlar aşkar olunmaqdadır.

Elə bu səbəbdən Ukrayna  Ruben Vardanyana qarşı sanksiyalar tətbiq edərək barəsində axtarış elan edib. Erməni milyarder İran silahlarının Rusiyaya satışında əsas vasitəçilərdən olub. “Jerusalem Post”dakı yazıya istinadən qeyd edək ki, İran mətbuatına müsahibəsində İranı və Ermənistanı guya qədim tarix, ortaq mədəniyyət və sivilizasiyanın birləşdirdiyini vurğulayıb. “Thej.ca” nəşrindəki məqalədə eyni  zamanda, diqqətə çatdırılır ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən Qərbin sonuncuya qarşı təzyiqlərə başlamasından sonra Vardanyan doğulduğu və fəaliyyət göstərdiyi Rusiyanı tərk edərək bu ölkənin vətəndaşlığından imtina edib. Bununla da o, mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib. Məqalənin müəllifi - İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara vurğulayır ki, çirkli pulların yuyulması ilə bağlı mütəşəkkil cinayətkar təşkilat yaradaran Ruben Vardanyan, həmçinin yüksəkrütbəli məmurların pullarının yuyulmasını təmin edib: “Özünün bəxtsizliyindən, Ukraynanın bəxtindən isə Vardanyan hazırda Azərbaycanda həbsdədir”.

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında bu fırıldaqçı ilə bağlı dərc olunmuş “Vardanyan dəmir barmaqlıqlar arxasında olmalıdır”  məqaləsində isə  yazır ki, Vardanyan təhlükəli insandır, millətçi baxışlarına görə ekstremistdir, terroru maliyyələşdirir, kölgəli adamlar dairəsinə daxildir, onu Qərbin düşmənlərindən biri və üstəlik, maliyyə cinayətkarı adlandırmaq olar: “Bütün dünyada insanlar bu adamın layiq olduğu yerdə - dəmir barmaqlıqlar arxasında qalmasına sevinməlidirlər”.

Qeyd edək ki, Rusiyanın pasportundan imtina edərək Qarabağ ərazisinə köçmüş Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bu yaxınlarda Ruben Vardanyanın həbs qətimkan müddəti daha 5 ay uzadılıb. Xatırladaq ki, o, ötən il sentyabrın 27-də Qarabağdan Ermənistan istiqamətində hərəkət edərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”