07 iyun 2024 23:19
265

Şər əməllər bumeranq effekti verəcək…

Anti-Azərbaycan qruplaşması yaradan bəzi Avropa dövlətlərinin ölkəmizə qarşı uğursuz təzyiq cəhdləri, manipulyasiyaları, məkrli planları iflasa uğrayacaq

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Ermənistan kapitulyasiya aktını imzaladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, bu ölkənin real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin ötən il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Cəmi 24 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.

Bu, bir gerçəklikdir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində öz həyata keçirdi. Azərbaycan qırx dörd günlük Vətən müharibəsindən, eləcə də lokal antiterror tədbirlərindən sonra  öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. Nə BMT, nə Avropa İttifaqı, nə də uzun illərdən bəri işğalçı Ermənistanın əlində anti-Azərbyacan alətə çevrilən ATƏT-in Minsk qrupu bu istiqamətdə demək olar ki, heç bir iş görmədilər.

Çox təəssüf ki, bəzi Avropa dövlətləri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı aqressiv ritorikalarını gücləndirməklə həm iki ölkə arasında davam edən sülh danışıqlarına, həm də Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa ağır zərbə vurmaqda davam edirlər. Ermənistandan bir alət kimi istifadə edən, bölgənin daim gərginlikdə qalmasını istəyən həmin ölkələr Azərbaycana iftiralar atır, absurd iddialar irəli sürür, respublikamızı əsassız olaraq ittiham edirlər.

Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri müsbət xarakterizə oluna bilər. Ancaq İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı əsassız və vicdansız hücumlara başlayıb: “Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir”.

Nəhayət, birmənalı demək olar ki, bəzi Avropa ölkələrinin suverenliyini və ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin edən, müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə mövqeyini getdikcə möhkəmlədən Azərbaycana qarşı çirkin fəaliyyətləri və manupulyasiyaları heç bir nəticə verməyəcək. Öz geosiyasi maraqları naminə Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa ciddi zərbə vuran, ölkəmizin güclənməsini istəməyən həmin dövlətlər yadda saxlamaladırlar ki, onların Azərbaycana qarşı uğursiz təzyiq cəhdləri ölkəmizin əzmini, qətiyyətini daha da artıracaq, mövqeyini gücləndirəcək. Həmin dairələr, buna əmin ola bilərlər ki, onların ölkəmizə qarşı şər əməlləri gec-tez bumeranq effekti verəcək. Buradaca həmin dairələrə ünlü amerikalı metafizik yazıçı, rəssam, məşhur “Həyat Oyunu və onu necə oynamaq olar” adlı kitabı ilə tanınan Florence Scovel Shinnin sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Həyat oyunu bumeranq kimidir. Düşüncələrimiz, hərəkətlərimiz və sözlərimiz gec-tez heyrətamiz bir şəkildəcə bizə qayıdır”...

Zahid Rza, “İki sahil”