08 iyun 2024 00:10
266

Avroparlamentə seçkilər: Makronun məğlubiyyəti qaçılmazdır

Avropa Parlamenti yenidən formalaşmaq üçün seçkilərə gedir. “Qoca qitə” korrupsioner deputatlardan və liderlərdən azad olmaq istəyir. Avropa ölkələrində seçkilər iyunun 6-dan 9-na qədər davam edəcək. Bu seçkilərdə Avropa İttifaqına üzv olan 27 ölkənin vətəndaşları öz ölkələrini təmsil edəcək millət vəkillərini seçəcəklər. Seçkilər hər beş ildən bir keçirilir və 705 millət vəkili seçilir. Avropa Parlamenti seçkiləri nəticəsində yaranan siyasi tərkib Avropa İttifaqının gələcək beş il ərzində aparacağı siyasətlərə və qəbul edəcəyi qanunlara təsir edəcək. Seçkilərin nəticələri, həmçinin Avropa Komissiyası Prezidenti və digər yüksək vəzifələr üçün təyinatlara da təsir göstərəcək.

Seçkilərin nəticələri Avropanın adi siyasi mənzərəsini dəyişə bilər. Xüsusilə Fransada ifrat sağçıların hazırkı Prezidenti Emmanuel Makronu dəstəkləyən liberal qüvvələr üçün ciddi problemlər yaradacağı gözlənilir. Hazırda onun reytinqi sürətlə aşağı düşür. Sorğuların nəticələrinə görə, Makrona olan etimad 25 faizə düşüb. Buna səbəb kimi iqtisadiyyatdakı problemlər və Ukrayna ilə bağlı açıqlamalar göstərilir. Qabriel Attalın Baş nazir vəzifəsinə təyin olunması da etimad reytinqinə heç bir təsir göstərməyib.

İfrat sağçı partiyanın lideri Jordan Bardella bazar günü Parisdə 5 min insanın iştirak etdiyi son seçki mitinqini keçirib. Rəy sorğularına görə, bu gün Fransa seçicilərinin 32%-ə qədəri ona səs verməyə hazırdır. Mitinqdə o, partiya lideri Marin Le Penlə birlikdə Prezident Emmanuel Makronun hakim Renessans Partiyasının əleyhinə səsverməyə çağırıb.

Jordan Bardella bildirib ki, gələn bazar günü səs verməmək Makrona səs vermək deməkdir. Gələn bazar günü səsləri digər seçki siyahılarına səpmək, kiçik partiyalara səs vermək yalnız Makronu gücləndirəcək. Fransanın Baş naziri də öz növbəsində şənbə günü Parisdən kənarda keçirilən mitinqdə seçiciləri ifrat sağçıların yüksəlişinə qarşı mübarizəyə çağırıb. Mitinqi Avropa Parlamentinə seçkilərdə Renessans siyahısına başçılıq edən Valeri Eye aparıb. Rəy sorğularına görə, Makronun partiyası hazırda Le Penin partiyasından 15 faiz geridədir.

Fransanın Baş naziri Qabriel Attal isə bildirib ki, Avropa ölə bilər, çünki bütün qitədə ifrat sağçılar güclənir. Əgər biz heç nə etməsək, evdə passiv tamaşaçı kimi oturub Avropanın tənəzzülünü seyr etsək, Avropa məhv olacaq.

Sosialist Partiyası və Xalq Meydanı dərnəyinin namizədi Rafael Qluksmann bərabər vəziyyətdə olan tərəfdarlarını səfərbər olmağa çağırıb. O, şənbə günü cənubdakı Marsel şəhərində təşviqat aksiyası keçirərək, qərarsız seçicilərin onu dəstəklədiyi təqdirdə seçkidə "böyük, gözəl sürpriz" olacağını vəd edib.

Yaşıllar partiyasının lideri Mari Toussaint Parisdə seçki kampaniyası keçirib. Müşahidəçilər qeyd edirlər ki, onun partiyası Avropa Parlamentinə daxil olmaq üçün lazım olan 5% səsi ala bilməmək riski yaşayır. Bütün hallarda, Fransada Avropa Parlamentinə seçkilərin rəsmi kampaniyası cümə günü başa çatır. Gələn həftə sonu 50 milyona yaxın fransız seçici Brüssel və Strasburqda öz maraqlarını təmsil edəcək yeni Avropa Assambleyasının 81 üzvünə səs verəcək.

Göründüyü kimi, Makronu qarşıda çətin günlər gözləyir. Fransa Prezidentinin Avropa Parlamentinə seçkilərdə məğlubiyyətinin qaçılmaz olması kontekstində bir neçə mühüm faktoru da nəzərə almaq lazımdır. Məsələn, Makronun məğlubiyyəti daxili və xarici siyasət problemlərinin təsiri, populist partiyaların yüksəlişi və iqtisadi vəziyyətin pisləşməsi kimi müxtəlif səbəblərlə izah edilə bilər. İqtisadiyyatda geriləmələrə və ciddi narazılıqlara yol açan mənfi proseslərin əsas səbəbi kimi Prezident Emmanuel Makron hökumətinin səriştəsizliyi göstərilir.

Bu günlərdə isə Yelisey Sarayı üçün növbəti bəd xəbər “Standard & Poor’s” reytinq agentliyindən gəlib. Qurum mayın 31-də yaydığı son hesabatında Fransanın büdcə vəziyyətinin pisləşdiyini elan edib və onun kredit reytinqini aşağı salıb. Fransa hakimiyyətinin özü də milli iqtisadiyyatda pisləşmə meyllərinin fərqindədir. Sadəcə, hökumət üçün bunun izahını vermək çətindir. Belə ki, Makron müxtəlif auditoriyalarda ölkəsinin Avropa İttifaqı məkanının ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu bildirir. Reallıq isə Makronun iddialarının əksini deyir. İqtisadi komanda rəqəmlərə istinad edir. Statistik göstəricilər isə Fransa iqtisadiyyatının artımını deyil, dayanıqlığının azalmasını təsdiqləyir. “Standard & Poor's” xəbərdarlıq edib ki, Fransada siyasi parçalanma hökumətin dövlət maliyyəsini tarazlaşdırmaq üçün planlaşdırılan islahatları həyata keçirməsini çətinləşdirəcək və büdcə kəsiri 2027-ci ildə ÜDM-in planlaşdırılan üç faizindən də yuxarıda qalacaq. Fransanın iqtisadiyyat naziri Bruno Le Maire 2027-ci ilə qədər dövlət kəsirini üç faizdən aşağı endirmək öhdəliyini bir daha təsdiqləyib. O, reytinqin aşağı salınmasının, ilk növbədə, hökumətin COVID-19 pandemiyası zamanı müəssisələrə və fransız ev təsərrüfatlarına həyat xətti təmin etmək üçün çoxlu xərcləri ilə əlaqəli olduğunu iddia edib. Amma nazirin iddiasını təkzib edən sağçı Respublikaçılar Partiyasının rəhbəri Erik Çiotti “X” sosial media platformasında yazıb: “Makron - Le Maire cütlüyü tərəfindən dövlət maliyyəsinin acınacaqlı idarə edilməsi bizi fəlakətə sürükləyir!”

İfrat sağçı lider Marin Le Pen də Makron administrasiyasının dövlət maliyyəsini idarə etməsini “fəlakətli” adlandırıb və hökumətin “təkəbbürlü olduğu qədər də bacarıqsız” fəaliyyət göstərdiyini bildirib.     

Göründüyü kimi, Fransa Prezidenti Emmanuel Makronun siyasi kimliyi bir çox təzadlarla doludur. Ölkəsində baş verən daxili proseslərdən tutmuş Makronun dünya siyasi arenasındakı hadisələrə münasibətinə qədər bir çox amil onun liderlik keyfiyyətlərinin keyfiyyətsiz və yetərsiz olduğuna dəlalət edir. Fransa lideri nə qədər can atsa da Avropanın sayılıb-seçilən, sözü mötəbər hesab edilən liderləri sırasında dayana bilmir. Çünki sadalanan amillər təkcə hansısa dövlətin başçısı postunu tutmaqla deyil, həm də siyasətçi kimi özünəməxsus və uğurlu yola sahib olmaqdan da asılıdır. E.Makron barəsində isə bu sadalanan lider-siyasətçi xüsusiyyətlərini görmək mümkün olmur. Üstəlik, hər ötən gün E.Makronun siyasi obrazı daha da təlatümlü və qarışıq bir vəziyyətə bürünür. Fransanın lideri kimi ağır bir vəzifənin öhdəsindən gəlməkdə acizlik nümayiş etdirən Makron bu gün öz ölkəsində heç də hər kəsin sevimlisi sayıla bilməz. Hətta demək olar ki, hər ötən gün ona qarşı qəzəb dalğası miqyasını əzmlə genişləndirir. Ölkədə baş verən etirazlar, iğtişaşlar bunun bariz nümunəsidir. Bu etirazlara Fransa dövlətinin amansız reaksiyası da E.Makronun siyasətçi kimi ipdən asılı olduğunu göstərir.

Beləlikə, Emmanuel Makronun partiyasının Avropa Parlamentinə seçkilərdə ölkə lideri olmaq şansı azdır. Çünki onun idarəçiliyi sayəsində bu partiyanın Fransa cəmiyyətində nüfuzu azalıb. Əhalinin çox qismi onu xalqın yox, varlıların prezidenti hesab edir. Reallıq budur ki, Makronun idarəçiliyi Fransa tarixinə tənəzzül və iflas illəri kimi düşəcək.

Nigar Orucova, “İki sahil”