08 iyun 2024 00:45
253

Nəqliyyat dəhlizləri hansı perspektivə malikdir?

Bu marşrutlar Azərbaycanın siyasi-iqtisadi və logistik əlaqələri üçün strateji əhəmiyyət kəsb edir

Son zamanlar regionda baş verən mürəkkəb geosiyasi hadisələr nəqliyyat dəhlizlərinin əhəmiyyətin artırır. Trans-Xəzər marşrutu Azərbaycanın ticarət yollarını genişləndirir. Bu, ölkənin ticarət potensialını artırır və regionda daha bir iqtisadi mövqe əldə etməsinə kömək edir. Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) uğurlu fəaliyyətinin təmin olunmasında böyük rolu var. Bu marşrut Azərbaycan ərazisinin önəmli bir hissəsindən keçir və ölkənin nəqliyyat, iqtisadiyyat və siyasi əlaqələri üçün strateji əhəmiyyət daşıyır.

Marşrut boyu infrastrukturun inkişafı və nəqliyyat sahəsində layihələr Azərbaycanın özünəməxsus enerji və iqtisadi resurslarını daha sürətli və sərfəli şəkildə dünya bazarlarına çıxarmağa kömək edir. Orta Dəhlizin digər mühüm məqamlarından biri infrastrukturla bağlıdır. Yəni, dəhliz boyu dar boğazların aradan qaldırılması təmin edilməlidir. Lakin ümumi olaraq yaxın beş il ərzində müsbət dinamika müşahidə olunacaq. Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən və regionun bir neçə ölkəsindən keçən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur. Orta Dəhliz Asiyanın şərq regionlarını, o cümlədən Çini Avropaya birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Azərbaycan həm öz ərazisində, həm də qonşu ölkələrdə dəmir yolu infrastrukturuna böyük sərmayələr yatırır. Ölkəmiz Orta Dəhliz layihəsindən böyük fayda əldə edə bilər. Bu tranzit marşrutu digər layihələrlə müqayisədə təqribən 2 min kilometr qısadır. Qarşıdakı illər üçün daha iddialı planlar var. Pakistan və Mərkəzi Asiya ölkələri arasında müxtəlif iqtisadi layihələrin sayının artması və Pakistan-Çin İqtisadi Dəhlizini nəzərə alaraq, bu layihənin tranzit aspekti çox yaxşı sinerji yarada bilər.

Xəritəyə ötəri nəzər salsaq Mərkəzi Asiyanın və Cənubi Qafqazın unikal coğrafi mövqeyini görə bilərik. Bu səbəbdən Azərbaycan ölkənin logistika və nəqliyyat potensialının gücləndirilməsi istiqamətində fəal siyasət yürüdür. Orta Dəhliz kimi də adlandırılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb. Bunu həmin marşrut üzrə yükdaşımaların həcminin 2022-ci ildə iki dəfə artaraq 1,7 milyon tona, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatması sübuta yetirir. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağı gözlənilir.

Azərbaycanın yerləşdiyi geostrateji mövqeyini nəzərə alsaq görərik ki, həm Şimal-Cənub, həm də Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizlərində önəmli yerə sahibdir. Bu kontekstdə Şimal-Cənub dəhlizi boyu son illər yüklərin artım dinamikasını və marağın artdığını müşahidə olunur. Bunu nəzərə alaraq Azərbaycan dövləti tərəfindən silsilə layihələr həyata keçirilir. Bunlardan biri də Astara terminalının yenidən qurulmasıdır. Yüklərin artması bu işləri labüd etmişdir. Bu terminalda görülən yenidənqurma işləri cənub istiqamətindən gələn yük axınının tələbə uyğun təşkili yönündə verilmiş qərar idi. 2017-ci ilə qədər Azərbaycan tərəfi İran Astarasında 35 hektar ərazini 25 illik icarəyə götürüb terminal tikmişdi. Azərbaycan Astarasında olan terminalda yenidənqurma işləri də əlavə yük qəbulu imkanı yaradacaq. Astara terminalı illik 1 milyon ton yük əməliyyatının aparılmasını mümkün edir, layihənin sonunda isə bu rəqəm növbəli iş rejimi ilə 4 milyon tona qədər olması gözlənilir.

Bundan başqa, Sumqayıt-Yalama dəmi yolunda təmir işlərinin tamamlanması gözlənilir. Elektriklənmə işlərinin 2028-ci ilə kimi bitməsi nəzərdə tutulub. Həmçinin Rusiya-Azərbaycan sərhədində Yalama 2 stansiyasının və Rusiya tərəfində Samur 2 stansiyasının tikilməsi də nəzərdə tutulub. Bu da 2025-ci ilə qədər 15 milyon ton yükün qəbuluna imkan yaradacaq. Hazırda Yalama stansiyası gün ərzində təxminən bir istiqamətdə 10 cüt qatar (illik təxminən 11 milyon ton yük) qəbul edə bilir. Belə infrastruktur layihələri Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yük daşınmasının artmasına gətirib çıxardacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin 2030-cu ilə 30 milyon tona qədər yükün qəbulu nəzərdə tutulub. Azərbaycan həm də fərqli istiqamətlərdə, şaxələndirmə yönündə də işlər görür. Buna misal olaraq, Horadiz-Ağbənd dəmir yolunu və İran istiqamətində Araz çayının üzərindən ilkin olaraq avtomobil yolunun tikintisi də Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə nəinki Astara, həm də Culfa istiqamətində də çıxış təmin ediləcək.

Göründüyü kimi, nəqliyyat dəhlizlərinin inkişafı ticarət dinamikasının genişlənməsinə töhfə verməklə yanaşı, Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkəmizin mövqeyini möhkəmləndirəcək.

Cavid Əkbər, “İki sahil”