07 iyun 2024 17:38
324

Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir

Bu gün qalib Azərbaycanın uğurlarından, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, bu ərazilərin dünyaya müasir şəhərsalma təcrübəsini təqdim etməsindən, soydaşlarımızın rahat yaşayışının təmin edilməsindən bəhs edirik. Bu mühüm məqamı da böyük əminliklə qeyd edirik ki, bütün işlər daxili imkanlarımız hesabına həyata keçirilir. Təbii ki, bu mühüm addımlar Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bu iqtisadi tərəqqi isə yaradılan möhkəm təmələ əsaslanır. Azərbaycanın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni səhifə açıldı. Bu fikirləri bu günlərdə ölkəmizdə keçirilən Bakı Enerji Həftəsinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bildirdi.

Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyevin sözügedən çıxışında qeyd etdiyi kimi, otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik.

Reallıq budur ki, 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan çox riskli ölkə hesab olunurdu. Ölkə Prezidentinin qeyd etdiyi kimi, söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir.  Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan saziş imzalandı. Bu saziş Azərbaycana inamı artırdı, ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlətin sayı artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların  həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları  qeyri-neft sektorunun payına düşür. Bu rəqəmin özü Azərbaycana inamın, etimadın göstəricisidir. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə,  enerji sektoruna əlavə investisiyalar yatırıldı. Azərbaycan investisiya cəbediciliyini qoruyan ölkə kimi tanınır və beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur.

Dövlət Neft Fondunun yaradılması da Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Fondun vəaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da ümumilikdə ölkəmizin hərtərəfli inkişafını sürətləndirir. Fondun vəsaitlərinin yönəldildiyi istiqamətlərdən biri də gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının icrası  idi. Azərbaycanı daim zirvələrdə görən, Günəş kimi dünyaya doğmasını təmin edən Ulu Öndər Heydər Əliyev gənclərin hərtəfli inkişafına, təhsilinə xüsusi diqqət göstərirdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etirilir. Yüksək  ixtisaslı kadrların yetişdirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Hazırda Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanması, ilklərə imza atması  möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, neftlə zəngin çox ölkələr var. Amma heç də bu resurslar onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda vəziyyət fərqlidir. İqtisadi strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi halların yaşanmamasına səbəb olur. Ölkəmizdə əhali arasında təbəqələşmə prosesi getmir. Əksinə neft gəlirləri əhali arasında ədalət prinsipi əsasında bölünür.  Atılan addımlar əhalinin sosial müdafiəsinin gücləndirilməsində də özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında bu çağırışı etdi ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq.

Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bugünümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmizin bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi özündə bütün məqamları açıqlayır. Bu, bir tərəfdən Azərbaycanın artan nüfuzunun, digət tərəfdən isə bərpaolunan enerji sektorunda böyük potensiala malik olmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyev həmin çıxışında bu reallığı da diqqətə çatdırdı ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli,  diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi