08 iyun 2024 01:15
349

Qan qardaşımız, yolun açıq olsun!

Türkiyə Cümhuriyyətinin ikinci kosmonavtı Azərbaycan əsilli eloğlumuzdur

Azərbaycan sovet dönəmində bir sıra haqsızlıqlara və ayrı-seçkiliklərə məruz qoyulmuşdu. İmperiyanın bir çox ali qurumlarında işləmək, yüksək instansiyalı xüsusi xidmət orqanlarına qəbul, dövlət sirri sayılan sənədlərlə tanışlıq və s. yasaq edilmişdi. Düzdür, bu yasaqlar haqqında heç bir yerdə yazılmırdı, ancaq dövlətin rəhbərləri arasında belə əhval-ruhiyyə hökm sürürdü və geniş ənənə halını almışdı. Bu mənada azərbaycanlıların yolu bir çox sahələrə olduğu kimi, kosmosa da bağlı saxlanırdı. Baxmayaraq ki, bizim böyük alimlərimizin və mühəndislərimizin arasında elələri vardı ki,  kosmik aparatların hazırnanmasında böyük əmək sərf edirdi ki, ancaq kosmosa uçmaq şansı yalnız imperiyanın imtiyazlı xalqınının nümayəndələrinə verilirdi. Azərbaycanlı general Kərim Kərimov kosmosa uçuş üzrə Dövlət Komissiyasının sədri, görkəmli alim, kosmik proqramın banilərindən biri idi. O zaman onu kiminsə əvəz etməsi mümkün deyildi və şəxsiyyəti məxfi saxlanırdı.  Belə də olurdu ki, azərbaycanlı alimlərin kosmik aparatlar üçün hazırladıqları hissələrin müəllifləri anonim saxlanılır, onların elmi uğurlarından kimsənin xəbəri olmurdu. Ancaq buna baxmayaraq Sovet İttifaqında yaşayan türk əsillilər kosmosa buraxılmırdılar. Yaşlı nəslin yadındadır ki, Musa Manarov kosmosa ilk dəfə uçanda Azərbaycanda necə coşqu ilə qarşılandı. Musa Manarov azərbaycanlı deyildi, atası Dağıstanda yaşayan Lak millətindəndir. Hərbçi polkovnik olan atası Xiraman Manarov bir neçə il Bakı qarnizonunda xidmət edib. Bu səbəbdən Musa Bakıda anadan olub, həyat yoldaşı Azərbaycan Tibb Universitetini bitirib. Kosmosda olanda gəmi heyəti üçün çox sevdiyi Azərbaycan mahnıları səsləndirib. 1987-ci il dekabrın 21-dəki birinci uçuşu vaxtı televiziya ilə həmin kadrları seyr edəndə biz də onunla sonsuz fəxr edirdik. Dörd il sonra Musa kosmosu ikinci dəfə fəth etdi və dünyada kosmosda ən çox qalan ikinci adam oldu. Onun fəaliyyəti Sovet İttifaqı Qəhrəmanı adına və SSRİ-nin bir sıra dövlət mükafatlarına layiq görüldü.

Onilliklər keçib, qardaş Türkiyədə böyüyüb boya-başa çatmış soydaşımız kosmonavt kimi yetişib. O, ABŞ-ın “Spaseport” (Nyu-Meksika ştatı) kosmodromunda uçuşa hazırlaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onunla görüşərək Türkiyə və Azərbaycan bayraqlarını təqdim edib. Bu günlərdə isə daha bir sevindirici xəbər yayılıb. Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasevər iyunun 8-də kosmosa uçacaq. Kosmosa səyahəti barədə danışan Tuva Cihangir uçuş zamanı uniformasında Türkiyə bayrağının yanında Azərbaycan bayrağının da olacağını deyib. Bildirib ki, “Türkiyə və Azərbaycan bayraqları hər zaman xalqlarımızın qardaşlığı və bir-birinə dəstəyini simvolizə edərək bərabər dalğalandıqları kimi kosmik missiyada da bərabər olacaqlar.” Atasevər “Anadolu” agentliyinə müsahibəsində anasının azərbaycanlı olduğunu deyib. Türkiyənin azərbaycanəsilli ikinci kosmonavtı kosmosa missiyası zamanı 7 müxtəlif elmi təcrübə həyata keçirəcək.

Bu xoş xəbər bütün Azərbaycan xalqı tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanır. Səfərdən zəfərlə qayıtsın qan qardaşımız! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

İyirmi birinci əsrdə bizi kosmosa aparan bu sarsılmaz qardaşlıq iki doğma xalqımızın səma şahinlərini hələ daha uzaq qalaktikalara aparacaq...

Vəli İlyasov, "İki sahil"