07 iyun 2024 15:50
456

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir

İyunun 4-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın enerji strategiyası ilə bağlı geniş məlumat verib.

Ümumiyyətlə, son illər Azərbaycan dövlətinin düzgün enerji siyasəti nəticəsində ölkəmizin Avropanın neft və mavi yanacaqla təminatında yeri və rolu güclənib. Avropaya illik qaz tədarükü son 3 ildə 8,2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) 2026-cı ilə qədər 1,2 milyard kubmetr genişləndirilməsi artıq ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənib. Azərbaycan Avropaya yaşıl enerji də ixrac etmək niyyətindədir. Rusiya ilə Ukrayna arasında davam edən hərbi münaqişə Avropada enerji böhranı yaradıb. Avropa dövlətləri enerji təhlükəsizliyini təmin etmək, qaz idxalını şaxələndirmək istəyirlər və Azərbaycan təbii qazına ehtiyac yaranıb. Bunun üçün TAP-ın genişlənməsinə sərmayə yatırmalıdırlar.

Azərbaycan 2007-ci ildən təbii qaz ixracatçısıdır. Cari ildə Azərbaycanda təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu ötən ilin göstəricilərinə uyğundur. Ötən il ixrac olunan qazın 12 milyard kubmetri Avropaya, 9,5 milyard kubmetri isə Türkiyəyə nəql edilib. Bu il həm də “Azəri-Mərkəzi-Şərq” platformasından yeni hasilata başlayacağıq. Gün ərzində hasilat 1000 barel olacaq. TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri bu gün Azərbaycana böyük gəlirlər gətirir və ölkə gündən-günə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün enerji strategiyası müəyyən edib. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır.

BP və “Nobel Energy” ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur. 2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində Azərbaycan 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırır. Bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq. 240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının “vitrin” layihəsi olacaq. “Şəfəq” layihəsinin bərpaolunan enerjisi Səngəçalda dünyanın ən böyük neft və qaz terminallarından birini elektrikləşdirəcək. Bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğun atılan addımlardır.

Xəzər dənizinin 157 GVt-lıq dəniz külək potensialından istifadə etməklə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması, ilkin mərhələdə 4 GVt yaşıl elektrik enerjisi və yaşıl qazın ixracı istiqamətində mühüm işlər görülür. Bu layihə çərçivəsində tərəfdaş ölkələr - Gürcüstan, Rumıniya və Macarıstanla görüşlər keçirilib. Bolqarıstan da bu layihəyə maraq göstərir. Layihənin texniki-iqtisadi əsaslandırmasının ilk nəticələri bu ilin sonuna qədər gözlənilir. Bu dəhlizin Mərkəzi Asiya ilə birləşdirilməsi imkanları da müzakirə edilir. Bu yaxınlarda yaşıl enerjinin ötürülməsi üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu imzalanıb.

“Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin reallaşdırılması və bərpaolunan enerji mənbələrinin Azərbaycanın Naxçıvan bölgəsindən Türkiyəyə və daha sonra Avropaya ixracı üçün əməkdaşlıq davam etdirilir. Azərbaycan regionda yaşıl enerji əlaqələrinin genişləndirilməsi üçün körpü və yardımçı rol oynayır. Bərpaolunan enerjinin 3 dəfə artırılması ilə bağlı qlobal vədin həyata keçirilməsi regional kontekstdə vacibdir. Azərbaycan bu mərhələdə Avropanın enerji təchizatını yaşıl enerji və hidrogenlə şaxələndirə bilər.

Dünya ölkələrinin 68 faizi neft və qaz idxal edir. Enerjiyə olan tələbatı ödəmək üçün istehsal artır ki, bu da yaşıl enerjiyə keçidi ləngidir. Lakin Azərbaycan Prezidentinin həyata keçirməyə çalışdığı layihələr bu keçidin təmin olunması istiqamətində atılan böyük addımdır. Azərbaycan COP29-un keçirilməsi üçün öhdəlik götürüb və bu işin öhdəsindən məharətlə gələcək. Prezident İlham Əliyev Azərbaycanın coğrafi imkanlarını çox düzgün qiymətləndirib.

Dövlət başçımızın neftdən gələn gəlirləri alternativ enerji istehsalına yönəltməsi olduqca mütərəqqi haldır. Bu qlobal çağırışlara cavabdır. Günəş, külək, su elektrik stansiyalarının istifadəyə verilməsi atmosferə atılan karbon qazının həcmini azaldacaq. Azərbaycanın alternativ enerji mənbələrindən əldə edəcək 4 qiqavat elektrik enerjisini ixrac etməyi planlaşdırıb ki, bu da əhəmiyyətli məsələdir. Azərbaycan yaşıl enerjiyə keçid prosesini uğurla həyata keçirir.

Hazırda Mərkəzi Asiya ölkələrinin də böyük külək və günəş enerjisi potensialı var. Bu regiondakı dövlətlər də istehsal etdikləri yaşıl enerjini “Xəzər-Qara dəniz-Avropa” dəhlizi ilə ixrac edə bilərlər. Bu istiqamətdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında danışıqlar aparılır. Bütün bunları nəzərə alaraq, yaşıl dəhlizin böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri