07 iyun 2024 11:46
534

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınır

Hər il keçirilən və özündə üç mühüm tədbiri biləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana yönəldir.  İyunun 4-6 tarixlərində keçirilən Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirdi: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu. Reallıq budur ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə olunması ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bird aha sübut edir. Belə mühüm tədbir ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın bu sahədə rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələri təqdim etdi.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak etdi. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatıldılar.  Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılar idi. Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf etdi. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür.  1994-cü il 20 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini qeyd edərək bildirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.” Yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” ölkəmizə yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Ölkə iqtisadiyyatının böhran məngənəsindən çıxarılmasına səbəb olan müqavilə həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. Dövlət başçısı İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonrakı dövrdə keçdiyi inkişaf yolundan bəhs etdi. Bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Müstəqillik yolunda ilk addımlarını atırdı və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı: “Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu. Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.”

Ölkə Prezidenti onu da qeyd etdi ki, bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. İnvestorlarımızla çox məhsuldar münasibətlər qura bildik: “Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər. Dediyim kimi, bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. Qeyd etdiyim kimi, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.”

Göründüyü kimi, “Əsrin müqaviləsi” Azərbaycanın qarşısında geniş imkanlar yaradır. Son 20 ildən artıq dövrdə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektoru inkişaf etdirilir. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatın şaxələndirilməsi həyata keçirilir. Regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə Dövlət Proqramları icra edilir. Hazırda işğaldan azad edilmiş Qarabağımızın və Şərqi Zəngəzurumuzun malik olduğu bərpaolunan enerji potensialı diqqətdədir. Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı bu sahəyə investisiyaların yatırılmasıdır, Azərbaycanın atdığı addımlar  diqqətdə olmaqla yanaşı, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə geniş müzakirə edildi, sənədlər imzalandı. Belə ki, Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular. Cənab İlham Əliyev bu mühüm hadisəni belə dəyərləndirdi: “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri