07 iyun 2024 11:09
252

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır

İyunun 4-6 tarixlərində keçirilən Bakı Enerji Həftəsində bugünümüzün aktual məsələri ətrafında geniş fikir mübadiləsi aparıldı, yeni əməkdaşlıq üçün mövcud imkanlara xüsusi diqqət yönəldildi. İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında  cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və  budəfəki Bakı Enerji Həftəsində də  mühüm nəticələr əldə ediləcək.

Dövlətimizin başçısı sözügedən çıxışında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından, Azərbaycanın qarşısında açdığı imkanlardan və gələcək üçün müəyyənləşdirilən hədəflərdən, onlara nail olmağın yollarından geniş bəhs etdi. Qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. “Əsrin müqaviləsi” iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

Atılan hər bir addımın əsasında Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, sosial təminatın yüksəldilməsi, iqtisadi inkişafın dayanıqlı olması dayanır. Ulu Öndər Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü, neft gəlirlərini qeyri-neft sektorunun inkişfına yönəltməklə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini açıqladı. Dövlət başçısı İlham Əliyev 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bu çağırışı etdi ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir: “Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq. Yəni, bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik.”

Hazırda ölkəmizin həyatında yeni mərhələ başlayıb. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında  Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyası müstəsna rol oynadı. Fərəhli haldır ki, bu gün qalib ölkədə enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan, Azərbaycan xalqının bügünkü və gələcək nəsillərinin rifahına  xidmət edən bu vəsaitlər hesabına ölkənin hərtərəfli inkişafını şərtləndirən sosial-iqtisadi layihələr uğurla  həyata keçirilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensial geniş müzakirə olunmaqdadır. Bu ərazilərimiz  bərpaolunan enerji potensialına malikdir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında diqqəti bu məqama da yönəldərək bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır. Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaq. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir: “Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir.”

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə əsas diqqət göstərilən məsələ iqlim dəyişikliyi oldu. “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, Azərbaycan üçün iqlim dəyişikliyi problemdir: “Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.”

Keçirilən tədbirlərdə Azərbaycanın COP29-a ev sahibliyi təqdir edildi. Bir daha qeyd edildi ki, bu mühüm hadisə Azərbaycanın mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Eyni zamanda, iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri