07 iyun 2024 00:23
269

Azərbaycan etibarı onilliklər ərzində qazanıb

Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı qarşılıqlı etimada əsaslanan əməkdaşlığa, dostluğa, ölkələr arasında körpülər qurulmasına xidmət edir

Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan etibarlı və arzuolunan tərəfdaşdır. Dövlətimizin başçısı İlham Əliyev 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi özünü təsdiqləməsini əsaslı şəkildə diqqətə çatdırdı. Cənab İlham Əliyevin «İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb» fikirləri özündə bütün məqamları ehtiva edir. İstər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin qurulmasında və inkişaf etdirilməsində qarşılıqlı etimad, inam, etibar əsas faktordur.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdan sözügedən tədbirdəki çıxışı da xüsusi diqqətdə oldu. Regionun enerji sisteminin ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi iştirakçıların say tərkibi, eyni zamanda, Həftə çərçivəsində keçirilən tədbirlər, Azərbaycanla bağlı səsləndirilən fikirlər baxımından diqqəti xüsusilə cəlb edir. Cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirilən hər bir çağırışı gələcəklə bağlı yol xəritəsinin təqdimatı oldu. Belə ki, «Əsrin müqviləsi»ninin imzalandığı vaxtdan bu gunədək Azərbaycanın keçdiyi inkişaf yolunu geniş təhlili edən cənab İlham Əliyev diqqəti ilk Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi vaxtın reallıqlarına yönəldərək bildirdi ki, Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı: «Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.»

1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Sabitliyin, nomal iqtisadi mühitin yaradılması Azərbaycana investisiya axınını sürətləndirdi. Ümummilli Lider Heydər Əliyev xarici investorlara belə bir çağırışı etdi ki, yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, bugününə və sabahına inamı artırdı. «Əsrin müqaviləsi» bu inamın, etibarın təqdimatı oldu. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafda əməkdaşlığın, səylərin birləşdirilməsinin xüsusi rola malik olduğunu daim önə çəkirdi. «Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik» söyləyən cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulayır ki, BP şirkəti otuz ildir strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.

Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəni təmin etmək üçün gündəmə gətirdiyi hər bir layihə təqdir edilir, regionun, dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacağı vurğulanır. Ümumilikdə Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması ilk olaraq etirbarlı tərəfdaş kimi qazandığı hörmətin, inamın nəticəsidir. Hazırda nəinki ölkə, dünya mətbuatında geniş müzakirə olunan COP29 ölkəmizin beynəlxalq nüfuzunun, Azərbaycana inamın göstəricisidir. Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışlarda da bu məqam xüsusi qeyd edildi. Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtay bildirdi ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir, iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu əminliyi ifadə etdi ki, Azərbaycan qarşıdan gələn COP29 konfransına ev sahibliyini yüksək şəkildə həyata keçirəcək, iqlim dəyişikliyi ilə bağlı məqsədə çatmaqda böyük uğurlar əldə edəcək. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir vurğuladı ki, həqiqətən də bu gün bu qədər sayda yaxın dostların, tərəfdaşların yanında – Bakıda olmaq bizim üçün böyük məmnuniyyətdir. Bu, olduqca çox mühüm toplantıdır. Xeyli sayda yaxın dostlarla, tərəfdaşlarla biz burada əhatə olunmuşuq.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian isə qeyd etdi ki, Birləşmiş Ştatlar və Azərbaycan güclü ikitərəfli əlaqələrə malikdir. Azərbaycan regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş olmağa davam edir. COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər. Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero «Ortaq məqsədlərimizə nail olmaq üçün yorulmadan çalışdığımız ötən iki il ərzində birlikdə əldə etdiyimiz irəliləyişi həqiqətən təqdir edirlər» fikirləri ilə münasibətlərimizin uğurlu inkişafından, səylərin, təcrübələrin birləşdirilməsindən məmnunluğunu ifadə etdi. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays bu məqama xüsusi diqqət çəkdi ki, biz Azərbaycanın bu istiqamətdə konstruktiv rolunu yüksək qiymətləndiririk: «Hər kəsi dinləyirsiniz, praqmatik olursunuz, eyni zamanda, mütərəqqi yanaşmalar ortaya qoyursunuz. Düşünürəm ki, Sizin uzaqgörən siyasətinizin nəticəsində və komandanızla bu, böyük bir uğur olacaqdır və biz bu işdə sizə daim dəstək verməyə hazırıq.»

Göründüyü kimi, söylənilən hər bir fikir Azərbaycan haqqında beynəlxalq rəyin yüksək səviyyədə olduğunu təsdiqləyir. Təbii ki, bu etibar, inam dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, onilliklər ərzində yaradılıb. Bunun bariz nümunəsi kimi əməkdaşlığın regional çərçivədən başlanılması və zaman keçdikcə coğrafiyasının genişləndirilməsidir. Azərbaycan atdığı hər bir addımı ilə etibarlı tərəfdaş kimi mövqeyinə yeni əlavələr edir. «Əsrin müqaviləsi», onun davamı olaraq «Yeni əsrin müqaviləsi»ninin imzalanması bunun bariz nümunəsidir. Ümumilikdə hazırkı dövrdə, dünyanın hüquq problemini yaşadığı bir zamanda qarşılıqlı etimada əsaslanan münasibətdən, etibarın qazanılmasından danışmaq çoxsaylı sualların yaranmasına səbəb olur. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında əməkdaşlağa çağırış xüsusi yer tutur. Təbii ki, burada söhbət qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafından gedir. Cənab İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bu reallığı da böyük əminlik hissi ilə vurğuladı ki, bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Cənab İlham Əliyevin sözügedən tədbirdə mühüm çağırışları sırasında bu mühüm məqam da xüsusi qeyd edildi ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. İşimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir: «Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq. Yəni, bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik.» 

Azərbaycan dünyaya təqdim etdiyi təkmil inkişaf modeli, ədalətə və beynəlxalq huquqa söykənən siyasəti ilə mövqeyini möhkəmləndirir, yeni dostlar və tərəfdaşlar qazanır. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan hər gün, hər həftə beynəlxalq tədbirlərə ev sahibliyi edir, malik olduğu təcrübəni iştirakçı dövlətlərlə bölüşür. Bugünümüzün qürurverici hadisəsi paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin, Şuşamızın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olmasıdır. Bütün bunlar Azərbaycanın gələcəyə hesablanmış müstəqil siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyev beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışlarında, müsahibələrində bu çağırışı edir ki, müstəqilliyimizə maksimum sadiqik və bugünkü Azərbaycan bunun mümkün olduğu yaxşı nümunədir. Coğrafiyadan və çətinlikdən şikayətlər üçün bəhanə kimi istifadə edilməməlidir. Coğrafiyamız Avropadan fərqlidir, amma bu, bizim həyatımızdır. Biz müstəqil ölkə kimi yaşayıb uğur qazanmalıyıq ki, Azərbaycan xalqına seçimimizin, həyat tərzimizin regionda ən yaxşı olduğunu nümayiş etdirək. Cənab İlham Əliyev, həmçinin bildirir ki, Azərbaycanın təhlükəsizliyinə, inkişafına və sabitliyinə cavabdehəm. Bunun üçün nə lazımdırsa, prinsiplər əsasında edirəm. Biz heç vaxt düzgün, doğru və qanuni hesab etmədiyimizi etmirik. Beynəlxalq hüquq baxımından mükəmməl hesab etmədiyimiz bir şey etmirik. Çünki başqalarının pozmamasını istədiyiniz qaydaları özünüz pozursunuzsa, bu, susuz səhraya aparan yolun, sadəcə, başlanğıcıdır.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin hər bir çağırışı gələcək üçün yol xəritəsidir. Ümumilikdə ölkəmizin yerləşdiyi coğrafi məkana görə daim ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşağında yerləşməsi ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumlarında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin bu ilin aprelində ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda «Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü» sualına cavabı bir daha ölkəmizin mövqeyinə, beynəlxalq münasibətlər sistemində yerinə, qazandığı etimada işıq saldı. «Ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər» söyləyən cənab İlham Əliyev bildirdi ki, amma bəli, bu, bir növ mədəniyyətdir. Körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik. Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir. Çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Sərmayə qoymağa və tikintiyə başladıq. Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq. Tranzit olmaq istəyən hər bir ölkə ilk növbədə, ölkələr arasında körpülər qurmalıdır: «Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Onlar səndən yan keçəcək, səndən qaçacaqlar. Beləliklə, bizim Xəzərin şərq sahilində yerləşən ölkələrlə, bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Gürcüstan, Türkiyə və bir çox Avropa ölkələri ilə güclü əlaqələrimiz var. Rusiya və İranla Şimal-Cənub marşrutu üzrə, habelə Şərq-Qərb qovşağından və əlaqədən danışmağımızın səbəbi budur. Bu qonşulardan yalnız biri ilə problemimiz olsa, bu, işə yaramayacaq və həyatımızı yaxşılaşdıracaqmı? Əlbəttə, yox.»

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Əsas hədəf qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qəbul olunan qərar ölkəmizin nüfuzuna bir daha aydınlıq gətirdi. Bu, dostluğun, etimadın nümunəsidir.

Yeganə Əliyeva, «İki sahil»