07 iyun 2024 00:58
290

Səninlə, sənsiz...

Paşinyanın ikibaşlı oyunu və ya Qərb Ermənistanı Rusiyanın təsir dairəsindən niyə çıxara bilmir?

Baş nazir Nikol Paşinyanın ifadə etdiyi kimi, “Ermənistanın faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması” Rusiyanın Cənubi Qafqazdakı əzəli və deyəsən, artıq sabiq müttəfiqi ilə münasibətlərində gərginliyin artan templə davam etdiyini göstərir. Rusiya sərhədçilərinin Ermənistanın “Zvartnots” hava limanından və Azərbaycanla şərti sərhədindən çıxarılması məsələsi də qaldırıldıqdan sonra hər iki ölkə rəsmilərinin qarşılıqlı ittiham və giley-güzar dolu bəyanatları səngimək bilmir. Proseslərin gedişi isə münasibətlərin yaxın vaxtda düzəlməsi ehtimalını sıfıra endirir. Maraqlıdır, bəs Ermənistan Rusiyadan tam olaraq “qopa” biləcəkmi? Ermənistan-Rusiya dostluğunun pozulması regionun siyasi mənzərəsinə necə təsir göstərə bilər?

Şübhə yoxdur ki, rəsmi İrəvanın Rusiya əleyhinə praktiki addımları böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizəsinin qızışması fonunda baş verir və bu, Qərbin Ermənistan liderindən birbaşa tələbidir. Çünki Paşinyan 2018-ci ildə məhz ABŞ-ın və Fransa başda olmaqla Avropanın bir sıra dairələrinin dəstəyi ilə məqsədli şəkildə hakimiyyətə gətirilib. Əsas məqsəd isə Rusiyanın regiondakı təsir imkanlarının zəiflədilməsi, paralel olaraq Qərbin mövqelərinin gücləndirilməsi idi. Zaman keçdikcə, ssenari üzrə müxtəlif planlar işə salınır, bu planların reallaşdırılması üçün konkret addımlar atılır və Ermənistan addım-addım Rusiyadan uzaqlaşdırılır. Ancaq Ermənistanın əzəli müttəfiqindən tamamilə üz çevirməsi əsasən iki səbəbdən ləngiyir.

Birinci səbəb iki ölkə arasında mövcud iqtisadi-ticari əlaqələrlə bağlıdır. Ermənistanın “Hraparak” nəşri yazır ki, iki ölkənin münasibətlərinin hazırkı vəziyyətini araşdıran rusiyalı analitiklərin ümumi qənaətinə görə, Nikol Paşinyanın və komandasının KTMT-yə, dolayısı ilə rəsmi Moskvaya siyasi münasibəti getdikcə daha çox “öz rəngini alır”. Ermənistan KTMT ilə bağlı bütün tədbirləri boykot edir, bu təşkilata öz maliyyə payını ödəməyi dayandırır, ancaq iştirak etmədiyi iclaslarda qəbul edilən qərarlara qarşı çıxmır. Yəni, belə demək mümkünsə, İrəvanın bir ayağı KTMT-də, bir ayağı isə kənardadır. Rusiyalı ekspertlər bunu Ermənistanda ümumi xarici siyasətə yenidən baxılması və ya anti-Rusiya düşərgəsinə keçid tendensiyası kimi dəyərləndirirlər.

Ancaq KTMT-dən fərqli olaraq Rusiyanın dominantlıq etdiyi başqa bir təşkilata – Avrasiya İqtisadi Birliyinə (AİB) Ermənistanın münasibəti tamamilə fərqlidir. Belə ki, bu təşkilata üzvlük Ermənistan üçün iqtisadi baxımdan son dərəcə faydalıdır və zəruridir. Buna görə də Qərbin alternativ variant təklif etməsinə qədər rəsmi İrəvanın AİB-dən çıxması real görünmür. Baxmayaraq ki, yenə də rusiyalı analitiklər rəsmi İrəvanın ümumi kontekstdə anti-Rusiya siyasətinin AİB üçün də dağıdıcı məqama çevrilə biləcəyini istisna etmirlər. Bir sözlə, Ermənistan Rusiya ilə sırf iqtisadi münasibətlər məsələsində son dərəcə ehtiyatlı davranır. Daha kəskin addımların ölkə iqtisadiyyatı üçün qorxunc nəticələr verə biləcəyinin fərqindədir.

İkinci səbəb isə Paşinyan hökumətinin Qərbin öz vədlərinə hansı dərəcədə əməl edəcəyinə şübhələri ilə bağlıdır. Doğrudur, Qərbdən Ermənistana müxtəlif aspektlərdə dəstək var. Ancaq bu dəstək Rusiya ilə iqtisadi əlaqələri minimuma endirəcəyi halda Ermənistanın böhranla üzləşməməsinə yetəcək səviyyədədirmi? Yaxud münasibətlər son dərəcə pisləşərsə Paşinyanı buna təhrik edən Qərb açıq şəkildə Ermənistanın müdafiəsinə qalxıb Rusiya ilə qarşı-qarşıya gəlməyi gözə alacaqmı? Bu və digər belə cavabı açıq suallar Paşinyanı daha ehtiyatlı davranmağa vadar edir. Bu mənada rəsmi İrəvanın Rusiyaya qarşı münasibətini “səninlə, sənsiz...” oyunu da adlandırmaq olar.

Ermənistanın bu ikibaşlı oyununa qarşı Rusiyanın davranışı nə qədər təmkinli kimi görünsə də vəziyyət hər an nəzarətdən çıxa bilər. Bu fikri mart ayında Türkiyədə keçirilən Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi bəyanatlar da təsdiq edir. Xatırladaq ki, rusiyalı nazir sözügedən brifinqdə Ermənistanla Avropa İttifaqı arasında inkişaf edən münasibətlərdən danışarkən İrəvana Qərbin yeni qurbanına çevrilmək təhlükəsindən çəkinməli olduğu barədə xəbərdarlıq etmişdi. Bildirmişdi ki, Ermənistan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir.”

Görəsən, Ermənistan Rusiya ilə münasibətdə “səninlə, sənsiz...” oyununa hələ nə qədər davam edə biləcək?

Mahir Rəsuloğlu, “İki sahil”