07 iyun 2024 02:17
320

Dünənimizin, bu günümüzün, gələcəyimizin inam yolu!

9 iyun 1993-cü ildə milyonların təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev bu yolda xalqımıza bələdçilik etdi, özünün xilaskarlıq missiyasını müdrikliklə yerinə yetirdi

1990-cı illərin əvvəllərində Azərbaycanda qarşıdurmalar fonunda baş verən, getdikcə gərginləşən ictimai-siyasi proseslər, qeyri-qanuni silahlı dəstələr arasında yaranan qarşıdurmalar, xarici dövlətlərin kəşfiyyat orqanlarının iqtidarda olan AXC-Müsavat cütlüyü ilə apardıqları separat danışıqlar, ən nəhayət, Gəncədə baş verən qiyam Azərbaycanın yenicə qazandığı müstəqilliyini təhlükə altına almışdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında Ermənistan tərəfindən işğal etməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqənin yaradılması ilə Azərbaycanın daxilində gedən proseslər xalqı ümidsizliyə uğratmışdı. İqtidara tank üstündə gəldiklərini etiraf etsələr də xalqa bir araba qədər xeyirləri dəyməyən siyasət dəllalları, AXC-Müsavat cütlüyünün fərsiz «bəyləri» Azərbaycan xalqının sabaha ümidini söndürmüşdülər. «Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır» sözləri ilə o dövrdəki dözülməz vəziyyəti xarakterizə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, insanları çaşqınlıqdan qurtara biləcək liderə ehtiyac var idi. Xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxili xəyanətkarları idarə edən dağıdıcı qüvvələrin dəstəklədiyi Ermənistan torpaqlarımızı biri-birinin ardınca sürətlə qarış-qarış işğal edirdi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı qısa müddətdə ölkəni elə bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin dediyi kimi, Azərbaycanın müstəqilliyini ancaq möcüzə xilas edə bilərdi. İqtiarsız iqtidarların səriştəsizliyi, Azərbaycanı parçalamaq istəyən xarici emissarların fəallaşması, «sadval»çılarla, «əlikramçı»larla separat sövdələşmələr aparılması, respublikanın tanınmış ziyalarının təqib edilməsi, küçələrdə döyülməsi tez-tez müşahidə olunan hadisələr idi. İqtisadi böhran, respublikada davam edən siyasi-ictimai gərginlik təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin də fəaliyyətini iflic etmişdi. Sənayenin tənəzzülü, dövlət büdcəsini talayanların ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirmələri, respublikanın hər yerində nəqliyyatın iflic vəziyyətinə düşməsi, enerji ilə təminatda yaranan məhdudiyyətlər AXC-Müsvat cütlüyünün xalqa vəd etdikləri «demokratik Azərbaycanın» siyasi mənzərəsi idi. Səbatsızların Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yummaları, ölkəni idarə etmək bacarıqlarının olmaması açıq-aşkar hiss olunurdu. Sayı artan cinayətlərdən daha da mürəkkəbləşən kriminogen vəziyyət , qanunların işləməməsi , ölkədə baş alıb gedən «bespredel» Azərbaycanın müstəqilliyini təhlükə altına qoymuşdu.
1993-cü ilin iyun ayının 4-də Gəncədə insan ölümü ilə nəticələnən qiyam Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı isə qiyamın qarşısını almaq gücündə, bacarığında deyildi. Gəncədə baş verən hadisələrdən qorxan «bəylər» yardım üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, tarixi şəxsiyyət, hamının el atası kimi hörmət etdiyi Heydər Əliyevi Bakıya dəvət etməkdən başqa çıxış yolu olmadığını nəhayət dərk etdilər. 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərənlər, müdrik şəxsiyyət Heydər Əliyevi fiziki fiziki cəhətdən məhv etmək niyyətində olanlar istəməsələr belə xalqın təkidli tələbləri qarşısında «ağ bayraq» qaldırmaq məcburiyyətində qaldılar. Təkcə Bakıdan deyil, ölkənin hər yerindən Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə göndərilən məktublarda xalqın ümumi rəyi əks olunurdu: «Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa Azərbaycan xilas ola bilməyəcək», «Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır.»

1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Respublikada baş verən hadisələrin, yaranan təhlükələrin qarşısıalınmaz həddə çatmasından daha çox narahat olan , tarixi missiyalarını «91-lər» imzası ilə yerinə yetirən ziyalılar Ulu Öndərə göndərdikləri müraciətlə xalqa bələdçilik etdilər: «Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz.»

«1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər» sözləri ilə hər zaman xalqın yanında olduğunu bildirən Ümummilli Lider Heydər Əliyev Bakıya qayıdışı ilə dövlətçiliyi qorudu, Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. 1993-cü ilin 9 iyununda Ulu Öndərin Naxçıvandan Bakıya qayıdışını xilas günü kimi sevinclə qarşılayan xalq əmin idi ki, Azərbaycanın siyasi həyatının yeni dövrü başlanır.

Gəncə hadisələri ilə bağlı Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən iclasında açıqlama verən, deputatların ümumi rəyi əsasında Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev ölkədəki mürəkkəb vəziyyətin nizamlanması, xalqımızın tarixi nailiyyəti olan müstəqilliyin qorunması, iqtisadi böhranın aradan qaldırılması kimi mühüm vəzifələrin həlli üçün var gücümü sərf edəcəyini bildirdi.

Bu hadisədən az sonra sabiq Prezident Əbülfəz Elçibəyin heç kimə bildirmədən , gizlincə Bakını tərk edərək doğma kəndi Kələkiyə qayıtması növbəti xaos yaratdı. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu. Yəni, cəmi üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu. Ulu Öndər Heydər Əliyev Rusiya televiziyasına müsahibəsində o günlərdə respublikada yaranmış vəziyyəti belə şərh etmişdi: «Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, - o, artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm.»

Beləcə 29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Referendumun nəticələri də real vəziyyətə adekvat oldu. Prezident seçkilərində Əbülfəz Elçibəyə bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə xilaskarı Heydər Əliyevə etimad göstərərək onu əbədi xilaskar, müstəqilliyimizin qarantı seçdi. Daxili və xarici xəyanətkarların 1994- 1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalq-iqtidar birliyinin gücü ilə alan Ümummilli Lider Heydər Əliyev dərin zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Azərbaycanda əsl mənada quruculuq işləri başlandı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatının şərtləri ilə əvəz olundu. «Əsrin müqaviləsi» kimi tarixi sənədin imzalanmasına nail olmaqla dövlətlər arasında əməkdaşlıq yarandı, neft strategiyasının coğrafiyası genişləndi. Azərbaycanın inkişaf parametrləri düzgün istiqamətləndirildi. Son illərdə respublikamızda dünyanın maraq dairəsində olan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas» və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin açılışı Ulu Öndərin uzaqgörən siyasətinin, müdrikliyinin məntiqi nəticəsidir.

«Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır» deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: «Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.»

Ulu Öndər Heydər Əliyev qısa zamanda dövlət quruculuğu prosesinə başladı, Milli Ordumuzu formalaşdırdı, torpaqlarımızın işğalının qarşısını aldı. Ölkədə sabitlik yarandı. Ümummilli təcrübəli dövlət xadimi kimi Azərbaycanın rifahı naminə əzm və mətanətlə, qətiyyətlə çalışaraq iqtisadi inkişafımızın konsepsiya və strategiyasını müəyyənləşirdi. Respublikada demokratik islahatların əsası qoyuldu, milli məfkurə, azərbaycançılıq ideyası formalaşdı. Azərbaycanın dünya birliyində mövqeyi möhkəmləndi.

Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin qətiyyətlə davam etdirilməsi Azərbaycan xalqının xoşbəxtliyidir. İqtisadi İnkişaf tempinə görə adı dünyanın ən qabaqcıl ölkələri sırasında çəkilən, firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiyanın uğurlu həlli ilə regionun lider dövlətinə çevrilən ölkəmizin nüfuzu daha da artıb. Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycanı daha böyük uğurlara aparır. Bu siyasət sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək Ümummilli Liderin daim yaşayacaq əməlləri, siyasi irsidir.

Şəxsi həyatını, siyasi fəaliyyətini canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı bütün dünya azərbaycanlıları üçün nümunədir. Azərbaycanın memarı və qurucusu adını tarixi xidmətləri ilə doğruldan, çoxşaxəli və zəngin fəaliyyəti, əsl insani keyfiyyətləri ilə hər zamanın əbədiyaşar dahisinə çevrilən Ulu Öndər Heydər Əliyev irsi müstəqilliyimizin əbədi təminatçısıdır. Bugünkü qüdrətli ölkəmiz Heydər Əliyevin görmək istədiyi, dünyaya Günəş kimi parlayan Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Möhtəşəm siyasi, iqtisadi, diplomatik uğurlara imza atılıb. Bu reallığı təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn qonaqlar belə ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

…Vətənə, torpağa bağlılığını «...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir» bu sözləri ilə bildirən Ulu Öndərin ruhu bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə dolaşır, sevinir, özündən sonrakı nəslə etibar etdiyi siyasətin yaratdığı xarüqələrlə qürur duyur.”

Xuraman İsmayılqızı, «İki sahil»