06 iyun 2024 00:45
299

Kimdir günahkar?

Fransa-Azərbaycan münasibətlərində davam edən gərginliyin arxasında ermənipərəst Makronun yarıtmaz siyasəti dayanır

Fransa ilə Azərbaycan arasında uzun illər davamlı olaraq müsbət dinamikada inkişaf etmiş münasibətlərinin birdən-birə korlanmasının tarixi çox da uzaq keçmişə söykənmir. Cəmi bir neçə il əvvələ, dəqiq desək, 2020-ci ilin sentyabr ayına qədər hər şey qaydasında idi və ya ən azından bu, belə görünürdü. Bəs iki dövlətin normal münasibətlərini gərginləşdirən hansı səbəblər oldu? Axı Azərbaycan regionda və dünyada heç bir dövlətə qarşı düşmənçilik siyasəti aparmır, əksinə dostluq əlaqələrinin genişləndirilməsinin tərəfdarı qismində çıxış edir. Hətta otuz il torpaqlarımızı işğal altında saxlamış Ermənistanla da sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda yeni, dinc eranın başlanması üçün konstruktiv addımlar atır. Elə isə Fransa ilə Azərbaycanın dostluğunun pozulmasının günahkarı kimdir?

Məlum olduğu kimi, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biridir. Hətta 1992-ci ildə Türkiyədən sonra Bakıda ikinci diplomatik nümayəndəliyi Fransa açıb. Həmin dövrlərdə Ermənistanın Azərbaycana ərazi iddiaları və işğalçılıq siyasətinə qarşı Fransanın münasibətini də kifayət qədər ədalətli hesab etmək olar. Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa 1993-cü ildə qurumun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin lehinə səs verib, bununla da ərazi bütövlüyümüzü rəmən tanıdığını bəyan edib. Həmin vaxtdan başlayaraq İkinci Qarabağ müharibəsinə qədərki Fransa-Azərbaycan münasibətlərini xarakterizə edən əsas amillər də qarşılıqlı siyasi və iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlıdır.

Ancaq iyirmi faizə yaxın suveren ərazimizi işğal altında saxlayan Ermənistanla aparılan danışıqların nəticəsiz qalması, keçmiş Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış, Fransanın da həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun fəaliyyətinin (daha doğrusu, fəaliyyətsizliyinin) səmərəsizliyi Azərbaycanı konkret addımlar atmağa məcbur etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun hərbi birləşmələrinin növbəti təxribatının qarşısını almaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatlarının başlanması, eyni zamanda, Fransa ilə Azərbaycan arasında da ilk diplomatik böhranın yaranma səbəbinə çevrildi. Belə ki, İkinci Qarabağ müharibəsinin ilk saatlarında Fransanın Avropa və Xarici İşlər Nazirliyi bir çox dövlətlər kimi təmas xəttində atəşkəsin pozulmasını pisləyib, neytral bəyanat versə də daha sonra bu ölkənin Prezidenti Emmanuel Makronun baş verənlərə münasibəti tamamilə fərqli və qərəzli oldu. Əvvəlcə Riqada, daha sonra Brüsseldə verdiyi açıqlamalarda Azərbaycanı dəstəklədiyinə görə Türkiyəni kəskin tənqid edərək müharibənin Azərbaycan tərəfindən başladıldığını və Azərbaycanın münaqişə zonasına Suriyadan muzdlu döyüşçülər gətirdiyini iddia edən Makron bildirmişdi ki, “Dağlıq Qarabağ”ın, yəni erməni işğalı altında olan ərazilərin hərbi yolla geri qaytarılması cəhdlərini qəbul etməyəcək.

Fransa liderinin bu məsuliyyətsiz və ədalətsiz bəyanatları ilə də iki ölkə arasında uzun illər davam etmiş normal münasibətlərdə uzunmüddətli gərginliyin əsası qoyulmuş oldu. Həmin vaxtdan başlayaraq Fransa dövləti açıq şəkildə Ermənistanın tərəfini saxlayır, bütün mümkün variantlarla anti-Azərbaycan siyasəti yürüdür. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, Makron hökumətinin Fransa-Azərbaycan münasibətlərinin korlanmasındakı “xidmətləri” haqqında təsəvvür yaransın: 44 günlük Vətən müharibəsinin ilk həftələrindəki cəhdi ilə bilikdə (Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycan əleyhinə kollektiv bəyanat qəbul etdirmək istəyinin qarşısı Birləşmiş Krallıq və Qoşulmama Hərəkatının üzvləri Niger, Tunis, Cənubi Afrika, Vyetnam, İndoneziya, Sent-Vinsent və Qrenadin, Dominikan Respublikası tərəfindən alınıb) Fransa 4 dəfə Azərbaycana qarşı qərəzli sənəd qəbul etdirmək məqsədilə BMT TŞ-yə müraciət edib, hər dəfəsində də biabırçı uğursuzluqla üzləşib. Təəssüf ki, Fransanın qanunverici orqanının timsalında da erməni təəssübkeşliyinin şahidi olmuşuq. Senat Vətən müharibəsindən sonra dəfələrlə ölkəmizin əleyhinə beynəlxalq hüququn norma və prinsiplərinə zidd qətnamələr qəbul edib.

Beləliklə, iki ölkə arasında münasibətlərə kölgə salan Makronun və komandasının yürütdüyü siyasətdir. Rəsmi Parisin ermənipərəst davranışları, Ermənistana hərbi, siyasi, maddi və təbliğat yardımları göstərməsi, əvəzində Azərbaycan dövlətinə, onun təhlükəsizliyinə qarşı fəaliyyəti Makron hakimiyyətinin Fransa-Azərbaycan münasibətlərinə vurduğu çoxsaylı zərbələrin davamıdır. Bu gün də açıq görünür ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, Cənubi Qafqazda yeni reallıqlar yaratması, siyasi mövqeyinin güclənməsi, iqtisadi və hərbi qüdrətinin artması, eləcə də Azərbaycanın diktəsi ilə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın yaranması Makron Fransasını ciddi narahat edir. Təbii olaraq Makron hökuməti qəbul etmək istəməsə də bu prosesdən kənarda qaldığının fərqindədir. Bütün bu baş verənlərin günahkarının kim olduğunu görmək üçün isə Emmanuel Makronun güzgüyə baxması yetər...

Mahir Rəsuloğlu, “İki sahil”