06 iyun 2024 00:59
285

Böyük layihələr, tikinti-quruculuq meydanı - Qarabağ və Şərqi Zəngəzur

Ölkəmizin maliyyə gücünün artması Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri üçün daha çox vəsait xərcləməyə imkan yaradır. Bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması üçün dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılması da bunu sübut edir. Məlum olduğu kimi, ötən ilin sonuna qədər burada həyata keçirilən bərpa-quruculuq işlərinə təqribən 12 milyard manata qədər vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsindən isə bu məqsədlə daha 4 milyard manat vəsait ayrılıb. Dövlət büdcəsinə təklif edilən dəyişikliklərdən sonra isə bu məbləğ 1 milyard 160 milyon manat artırılacaq. Bu da bərpa və yenidənqurma işlərinin daha böyük sürətlə aparılmasına imkan yaradır. Bununla da dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması və təhlükəsizliyi üçün hər cür şərait yaradılır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən müsbət amil kimi dəyərləndirilir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmin ərazilərdə məskunlaşmanın təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə kimi səciyyələndirilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı ilin sonunadək 140 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarında məskunlaşdırılmasının təmin olunması nəzərdə tutulur.

Bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Hazırda işğaldan azad olunmuş ərazilərdə xəstəxanalar, məktəblər, idman, infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yardılması istiqamətində reallaşdırılan layihələr çərçivəsində tunellər və  körpülər inşa edilir, polad magistrallar salınır, bütün elektrik təsərrüfatı yenidən qurulur.

Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir. Son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bütövlükdə isə hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib ki, biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki başlanğıcdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlət başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq”.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər kompleks xarakter daşıyır. Bu işlərdən biri də energetika sistemində aparılan bərpa və yenidənqurma layihələrinin icrasıdır. Belə ki, energetika sisteminın bərpa və yenidənqurma layihələrində “yaşıl” və innovativ texnologiyaların, o cümlədən kompozit şüşə lifli ekoloji təmiz dayaqların istifadəsi diqqətdə saxlanılır. Belə bir prinsip isə mövcud sahədə təbii qaza qənaət edilməsinə, karbon dioksid emissiyasının azaldılmasına əlverişli imkan yaradır.

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı enerji layihələrinin icrasına başlanılarkən, ilk növbədə, yaşayış məntəqələrimiz düşmən əsarətində olduğu dövrdə dağıdılan kiçik su elektrik stansiyalarının (KSES) bərpasına, eyni zamanda,  ekoloji normalar daxilində yenilərinin tikilməsinə mühüm önəm verilib.

Bir neçə gün bundan əvvəl Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində “Malıbəy” KSES-in təməlqoyma mərasiminin keçirilməsi də bunun bariz ifadəsidir. Bununla bağlı reallaşdırılan tədbirdə bildirilib ki, regionda infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik enerjisi təchizatı sistemi formalaşdırılır. “Yaşıl enerji” təchizatında su elektrik stansiyalarının (SES) əhəmiyyətli rolu var. Azad edilmiş ərazilərdəki çayların hidropotensialının yüksək olması da bu sahədə layihələrin səmərəliliyini artırır. Sözügedən istiqamətdə özəl sərmayədarlarla əməkdaşlığa xüsusi önəm verilməsi isə mövcud sahədə layihələrin icrasını daha da sürətləndirir.

“Malıbəy” KSES-in təməlqoyma mərasimində vurğulanıb ki, Kəlbəcər və Laçında KSES-lərin istismarı layihəsi Azərbaycan–Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk SES layihəsidir. Layihənin birinci mərhələsində “Malıbəy” stansiyasının ildə təxminən 7 min evin elektrik enerjisi ilə təmin ediləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin dekabr ayında “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında Həkəri və Tərtər çayları üzərində ümumi dəyəri 25 milyon manat olan 5 KSES istismara veriləcək. Ümumilikdə 13,8 MVt gücündə olan həmin stansiyaların 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin yaradılmasına imkan yaradacaq.

Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə bir neçə gün əvvəl təməli qoyulan “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazi­sindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Yayın sonunadək “Merik” və “Ağbulaq” SES-lərinin istismara verilməsi planlaşdırılır. “Ağbulağ”ı Laçındakı su elektrik stansiyaları arasında ən güclüsü adlandırmaq olar. “Ağbulaq-1” və “Ağbulaq-2”nin gücü müvafiq olaraq 14,2 meqavatt və 14,8 meqavatdır. “Merik” KSES-in gücü isə öz növbəsində 3,5 meqavatdır. Bu, yerli çaylar üçün yaxşı göstəricidir. Gələcəkdə başqa yaşayış məntəqələrində də yeni elektrik stansiyaları tikmək planlaşdırılır.

Nigar Orucova, “İki sahil”