06 iyun 2024 02:16
378

"Sənə qurban" necə oğurlandı?

Haylar düşmənçiliklərini bu sahədə də göstərirlər

Prokuror vəzifəsində çalışdığına görə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilməyən, hətta bəstəkar adı verilməyən istedadlı bəstəçi Ələkbər Tağıyevin musiqiləri sevilir və dünyanı dolaşır. Bu, onun sağlığında da belə olub, indi də belədir. Bəziləri ona "həvəskar bəstəkar" deməkdən də çəkinmirdilər. "Həvəskar bəstəkar"ın ecazkar musiqisinin pərəstişkarları arasında çoxlu ermənilər də vardı. Onlar şaiyə yayırdılar ki, guya Ələkbər Tağıyevin həyat yoldaşı ermənidir. Bəstəkarın oğlu Xaliq Tağıyev deyir ki, mənim anam Almaz xanımdır. Təmiz türk qanlı azərbaycanlı idi. Həqiqəti bilməyənlər isə ailəmizə həqarətlə baxırdılar.  Biz heyrət edirdik ki, bu şaiyəni kim yayır, məqsəd nədir? Sonralar hər şeyi başa düşdük. Xatırladaq ki, Xaliq Tağıyev əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin sədri vəzifəsində işləyib. Xaricdə atasının bir neçə mahnısının oğurlanmasının qarşısını hüquqi yolla özü alıb.

Bəstəkar Ələkbər Tağıyevin nakam şairimiz Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Sənə qurban” mahnısı başqa bəstələri kimi müxtəlif əcnəbi dillərə uyğunlaşdırılaraq sevilə-sevilə ifa edilib. İlk dəfə Zeynəb Xanlarovanın repertuarında yer alaraq Sovet İttifaqı respublikalarında və dünyada tanınan mahnı təəssüf ki, bu gün çox yerdə erməni dilində təbliğ olunur.  1968-ci ildə yazılan mahnını xalqımıza elə həmin ildə Zeynəb Xanlarova təqdim edib. Ardınca xarici ölkələrə qastrol səfərlərinə çıxan Xalq artisti Türkiyədə, Yaxın Şərqdə, o cümlədən Suriyanın Hələb şəhərində keçirilən konsertləri zamanı bu mahnını özünəməxsus ustalıqla ifa edib.

Bir müddət sonra - 1971-ci ildə livanlı aktrisa Tourab bu məşhur mahnını “Tiki tiki tak” adı ilə ərəb dilində oxuyub. Bundan sonra mahnının əhatə dairəsi daha da genişlənib. 1973-cü ildə guya uydurma “erməni soyqırımı”ndan sağ çıxan erməninin oğlu kimi tanınan, Livanda doğulan erməni əsilli müğənni Avetis Harmandiyan mahnını ermənicə ifa edib. O, 1945-ci ildə Livanda dünyaya gəlib. Musiqi kariyerasına 1960-cı ildə başlayan Harmandiyan qısa müddətdə xarici ölkələrdə yaşayan ermənilər arasında populyarlıq qazanıb. Onun yaradıcılığı Livanda kimliyinin formalaşmasında xüsusi rol oynayıb. Onu Ermənistanda da seviblər. Elə bunun nəticəsidir ki, Livan vətəndaşı olan müğənni Ermənistanın çoxsaylı dövlət  mükafatları ilə təltif olunub.

1974-cü ildə "Sənə qurban” mahnısı “Mavi boncuq” adı ilə Necati Dindaş, Emel Sayın kimi məşhur müğənnilərin ifasında türk dilində, 1975-ci ildə suriyalı sənətçi Duraid Lahham “Fatoum Fatoumeh” adında ərəb dilində, 1977-ci ildə yunan müğənni Filippos Nikolau “Pare pare pare me” adı ilə yunanca ifa edib. Yunan müğənninin mahnıya ermənicə - “Karoun, karoun” deyərək giriş etməsi də daha bir diqqətçəkən məqamdır. Bununla o, mahnını erməniləşdirməyə cəhd göstərib.

Təəssüf ki, mahnının orijinal nüsxəsinin Azərbaycan dilində olmasına baxmayaraq, erməni diasporunun və lobbisinin səyləri nəticəsində musiqi əsəri bu gün də “erməni bəstəsi” kimi təbliğ olunur. Adını İspaniyanın Əndəlüs şəhərindən götürən “Əl-Andalus” ansamblı, misirli müğənni Ömər Xurşid "Oriyental rəqs" kimi erməni adı ilə , o cümlədən məşhur livanlı müğənni Nansi Ajram televiziya verilişlərinin birində mahnını ermənicə ifa edib. Təəssüfləndirici daha bir məqam isə mahnının təqdimatında Azərbaycan musiqisinə aid olduğu bildirilsə də, bəziləri bunu erməni mahnısı “Karoun, karoun” adı ilə də ifa edirlər. Beləliklə, başısoyuqluğumuz, diqqətsizliyimiz və səhlənkarlığımız ucbatından musiqimizin daha bir incisi yadlar tərəfindən ələ keçirilərək özgəninkiləşdirilir. Biz buna niyə dözməliyik? Böyük şairimiz Mirzə Ələkbər Sabirin təbirincə desək, "Bizdə bu soyuq qanları neylərdin, ilahi!"

Söz ölkəmizin aidiyyəti qurumlarınındır. İşğal edilmiş Qarabağımızı əldə silah vuruşub qaytardığımız kimi, oğurlanmış mədəniyyət və musiqi incilərimizi də sivil mübarizə yolu ilə qaytarmağımızın məqamıdır. Onların sayı isə bir deyil, beş deyil ...

Vəli İlyasov, "İki sahil"