05 iyun 2024 21:15
403

Mötəbər qlobal dialoq mərkəzi, beynəlxalq enerji ailəsinin ortaq tribunası - ŞƏRH

Paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas» və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin açılışı ilə dünya ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəlib

Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsinin artıq beynəlxalq modelə çevrilməsi enerji təhlükəsizliyi ilə bağlı dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə də stimul verir, yeni əlaqələrin yaranmasını şərtləndirir. Bu toplantı dünyanın enerji xəritəsinin daha da təkmilləşməsi üçün seçilən ən səmərəli platforma olduğunu artıq təsdiq edib. Dünyanın tanınmış enerji şirkətlərinin, karbohidrogen ehtiyatları ilə zəngin ölkələrin rəsmi nümayəndələrinn iştirak etdikləri Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin daha etibarlı təminatı və qorunması üçün irəli sürülən təkliflərin müzakirə olunduğu, dünyanın enerji sənayesi sahəsində iştirak edən dövlətlərin təmsilçilərini bir araya gətirən mötəbər qlobal dialoq mərkəzi, beynəlxalq enerji ailəsinin ortaq tribunasıdır.

 Otuzdan çox ölkə təmsil edən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsini «yaşıl enerji» sahəsində zəngin təcrübəyə malik Azərbaycana artan marağı formalaşdıran platforma adlandırmaq olar. Respublikamızın müstəqillik tarixində əhəmiyyəti ilə seçilən, iqtisadi inkişafımızın təməli hesab edilən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğuru olan «Əsrin müqaviləsi»nin 30 illiyi ərəfəsində keçirilən Bakı Enerji Həftəsi mühüm məqamları ilə fərqlənir. Həftə çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilir. Bu cür yeniliklər cari ildə COP29-a ev sahibliyi edəcək, dünyanın enerji xəritəsini yeniləyən Azərbaycanın təşəbbüsü ilə yaradılan əməkdaşlıq formatının daha geniş mənada dəstəklənməsi, təqdimatıdır.

 Təkzibolunmaz faktdır ki, neft gəlirləri respublikamızın sosial-iqtisadi tərəqqisinə təkan verməklə qüdrətli dövlət kimi tanınmasına da vasitə olmuşdur. Ən əsası odur ki, Azərbaycanın enerji diplomatiyası böyük coğrafiyanı- ABŞ-ı, Avropa İttifaqını, Türkiyəni, ərəb-islam dünyasını əhatə edir. Bakı Enerji Həftəsinə dünya səviyyəsində verilən önəmin əsas göstəricilərindən biri də nüfuzlu dövlətlərin rəhbərlərinin dövlət başçımızın ünvanına göndərdikləri təbrik məktublarıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubunda Bakı Enerji Həftəsini COP29-a ev sahibliyi edəcək Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad kimi yüksək dəyərləndirir: «Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər.» Bölgədə sabitliyi və dövlətlərarası əlaqələri regional əhəhmiyyətli məsələ adlandıran ABŞ Prezidenti Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişini dəstəkləyir. Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək əhəmiyyətli təşəbbüs , sülh və firavanlığın təmin edilməsinin əsas prinsipləri, gələcək nəsillərə etibarlı əmanət, borc adlandırır: «Mən möhkəm ikitərəfli əlaqələrimizə yeni təkan vermək imkanını alqışlayıram və COP29 tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusundayam. Bakı Enerji Həftəsinin uğurla keçməsini diləyirəm.»

 ABŞ Prezidentinin qısa müddətdə azərbaycanlı həmkarı İlham Əliyevə iki təbrik məktubu göndərməsi Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə də tutarlı cavabdır. Başqa sözlə, deyilsə ABŞ Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqları dəstəkləyir, ölkəmizin NATO ilə qarşılıqlı fəaliyyətini strateji perspektiv baxımından Vaşinqtonun maraqlarına uyğun hesab edir. Azərbaycanın regiondakı strateji maraqlarını əks etdirən bərpaolunan enerji potensialını artırmaq səyləri ABŞ- Azərbaycan münasibətlərinin yeni səhifəsi kimi dəstəklənir.

Tədbirin moderatoru, Böyük Britaniyanın «ICA Group»” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtayın vurğuladığı kimi, enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın artıq üç onilliyinin qeyd olunduğu bu ilki toplantıda ötən nailiyyətlər dəyərləndirildi. Sənaye sektorunu və dünya iqtisadiyyatına təsir edəcək gələcək nailiyyətlər üçün körpü, enerjinin inkişafına, dayanıqlılığa və daha parlaq, səmərəli gələcəyə töhfə olacaq.

Otuz il öncə Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşlər enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilmiş, maraqlı, aktual silsilə mövzuları və yenilikləri ilə dünyanın enerji xəritəsini zənginləşdirmişdir. İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili»” elan edilməsi cəsarətli və nümunə göstəriləcək təşəbbüs kimi Bakı Enerji Həftəsinin gündəliyinin maraqlı amillərindəndir.

 Toplantıdakı çıxışında Bakı Enerji Həftəsinin tarixi əhəmiyyətini ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi”»nin imzalanması Azərbaycanın dünya birliyinə inteqrasiyasının dönüş nöqtəsi oldu. Üç il müddətində «Çıraq»” platformasından ilk neftin hasilatı ölkəmizin neft sənayesinini tarixində çox əlamətdar və rekord hadisə kimi yadda qaldı. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.

«Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı» söyləyən Prezident İlham Əliyev pespektivlərdən də ətraflı bəhs etdi. Bildirdi ki, 4 iyun sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində ölkəmizdə təbii qaza ehtiyaca son qoyan «Şahdəniz»” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Həmçinin qardaş BƏƏ-dən olan «Masdar»” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də əlamətdardır. Belə ki, Azərbaycanla beynəlxalq tərəfdaşlarının birgə səyi qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir. Ölkəmizin qaz ixracının bu il 24 milyard kubmetrdən artıq olacağını, Avropanın bəzi ölkələrinin Azərbaycandan qaz aldığını vurğulayan dövlət başçımız İlham Əliyev bu ilin əvvəlində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırmasını ölkəmizə etimad kimi dəyərləndirdi: «Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir.»

Bu əminlik gəlişi gözəl sözlər deyil. 30 il ərzində qaz ixracı ilə bağlı imzalanmış bütün müqavilələrin tam icra edilməsi, parlament tərəfindən ratifikasiya olunub qanun şəklində təsdiqlənməsi ölkəmizə beynəlxalq səviyyədə etimadın artırır.

Qeyd olunduğu kimi, ötən ilin oktyabrında «Masdar» şirkətinin iştirakı ilə 230 meqavat gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi, hazırda daha 1 qiqavat enerji həcminin əlavə edilməsi son hədd deyil. «Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır» sözləri ilə ölkəmizin enerji resurslarının tükənməzliyini diqqətə çatdıran Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun, bütünlükdə işğaldan azad olunmuş ərazilərdəki nəhəng hidroelektrik stansiyalarının potensialından da söz açdı. Qeyd etdi ki, işğaldan azad edilən bölgələrdə 270 meqavat həcmində su elektrik stansiyaları istifadəyə verilib.Qarşıdakı 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaətə imkan yaradacaq ki, dünya bazarında təbii qaza ehtiyac ödənilsin. «Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, «Masdar» yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir» sözləri ilə birgə əməkdaşlığa böyük önəm verdiyni bildirən dövlət başçımızın vurğuladığı kimi, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi də etibarlı əməkdaşlığın, varisliyin dəyərli mirasıdır.
COP29-a ev sahibliyi edəcək Azərbaycana qarış qərəzli dairələrini əsassız bəhanələrinə aydınlıq gətirən dövlət başçımızın vurğuladığı kimi, məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik.

Bəllidir ki, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salmaqla dəyərləndirilir. Dənizin suyunun azalmasının, sahildən uzuqlaşmasının səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. «Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil» sözləri ilə müxtəlif bəhanələrlə ölkəmizə qarşı təxribatlar t.rədənlərin qərəzli bəhanələrinin əsassız olduğunu izah edən Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. BƏƏ, Azərbaycan növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə «Troyka”»nın təsis edilməsi də iqlim dəyişikliyinə səbəb olacaq manelərin birlikdə aradan qaldırılmasına xidmət edəcək. Qoşulmama Hərəkatının keçmiş sədri kimi əməkdaşlıq münasibətlərinin möhkəmlənmsində zəngin təcrübəyə malik Azərbaycanın Avropa İttifaqına üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında bəyanamələr imzalaması ölkəmizə beynəlxalq səviyyədə etimadı artırır. Rəsmi Bakının inkişafda olan kiçik ada dövlətləri ilə fəal ünsiyyəti, müstəqilliyi uğrunda mübarizə aparan dənizaşırı ölkələri dəstəkləməsi, bu məqsədlə xüsusi fondun yaradılması təşəbbüsünə tərəfdar olması Azərbaycanın multikultural və tolerantlıq siyasətinə sadiqliyinin ifadəsidir. «Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik» sözləri ilə dünya xalqlarını birliyə çağıran Prezident İlham Əliyev XXI əsrdə dostluq, qardaşlıq, birgə fəaliyyət, əməkdaşlıq prinsiplərinə sadiqliyi planetimizin daha etibarlı qorunması adlandırdı. Azərbaycanın yaşıl enerji gündəliyinin beynəlxalq səviyyədə tətbiqini iqlim dəyişikliyi ilə mübarizənin ən etibarlı vasitəsi kimi diqqətə çatdırdı.

Xuraman İsmayılqızı, «İki sahil»