05 iyun 2024 22:04
315

Bakı Enerji Həftəsindən baxış: Türkiyə-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi ilə bağlı təbrik məktubunda bir daha bildirdi ki, bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk

Azərbaycan beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Bu mühüm tədbirə hazırlıq işlərinin getdiyi bir zamanda enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın bu sahədəki rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha nümayiş etdirdi. İstər tədbir iştirakçılarının çıxışlarında, istərsə də Bakı Enerji Həftəsi ilə bağlı təbrik məktublarında Azərbaycanın enerji siyasətinin uğurları, республикамызын iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin ölkələr, xalqlar arasında körpü roluna etdiyi əlavələr təqdir edildi.

Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir tərəfdaş ölkələr arasında əlaqələrin bugünkü inkişaf səviyyəsinə işıq salır. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı enerji sektorunda da özünü qabarıq şəkildə büruzə verir. Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallışan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Qeyd etdiyimiz kimi, məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. Əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması, “Star” neft emalı zavodunun işə düşməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.

Bakı Enerji Həftəsi bir daha iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi ilə bağlı ünvanladığı təbrik məktubunda Enerji Həftəsi çərçivəsində təşkil olunan bütün tədbirlərin müsbət nəticələrə yol açmasını dilədi, bu mühüm tədbirin əməkdaşlığımızın dərinləşməsinə səbəb olmasını, bölgəmizdəki sülhə və sabitliyə töhfələr verməsini arzuladı. Bu mühüm məqam da xüsusi qeyd edilirdi ki, Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclüdür. Uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana deyil, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib. Türkmənistan qazının ortaq səylərimizlə Türkiyəyə və Avropaya çatdırılması, TANAP-ın imkanlarının genişləndirilməsi artıq zaman məsələsidir. Bu sahələrdəki fəaliyyətlərimizin çox yaxın vaxtlarda bəhrə verməsi, şübhəsiz, Türkiyə və Azərbaycanın daha bir ortaq uğuru olacaq. Bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk. Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrini ən yaxın zamanda başa çatdırmağı hədəfləyirik. 2024-cü ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edən Türkiyə Prezidenti konfransa hazırlıq prosesində hər cür dəstəyi verməyə hazır olduğunu vurğuladı.

İki ölkənin münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Azərbaycan və Türkiyə regionun ən uğurlu və etibarlı enerji tərəfdaşları kimi tanınırlar. Enerji sek­torunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təş­kil edir.

Təbii ki, dostluğumuzun, qardaşlığımızın dünyaya nümayişi olan fikirlər nəinki dövlət rəsmiləri, sadə vətəndaşlar tərəfindən belə səsləndirilir, dilimizin əzbərinə çevrilib. Çünki bu dostluq, qardaşlıq böyük tarixə söykənir, bir millətin iki dövlətinin biri-biri ilə sıx tellərlə bağlılığını nümayiş etdirir. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Qardaş ölkənin Prezidentinin qeyd etdiyi kimi, ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyinə nail olmaq bizim qarşımızda duran böyük məqsəddir: «Heç bir ölkə bunu təkbaşına əldə edə bilməz. Bunun üçün dayanıqlı regional əməkdaşlıq zəruridir. Bildiyiniz kimi, regionda neft, qaz, bərpaolunan enerji sahələrində güclü potensial var. Biz birlikdə çalışmaqla, sinerji yaratmaqla, düşünürəm ki, bu resurslardan daha səmərəli şəkildə faydalana və bundan daha çox yararlana bilərik.»

Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu baxımdan sıx əməkdaşlığa dair çox parlaq bir nümunədir və bu, göstərir ki, biz bu yolla necə böyük faydalar əldə edə bilərik. Əlaqələrimiz tarixi, strateji əlaqələrə əsaslanır. Enerji sektoru, əlbəttə ki, bizim qarşılıqlı əlaqəmizin əsas dayağını təşkil etməkdədir. Bunların arasında Bakı-Tbilisi-Ceyhan boru kəmərini və digərlərini qeyd edə bilərəm. Əlbəttə ki, bu, qlobal neft bazarı üçün çox önəmlidir. Xüsusilə də Cənub Qaz Dəhlizi bu baxımdan regional əməkdaşlıq üçün çox önəmlidir. Bu strateji təşəbbüs nəinki Türkiyənin enerji təhlükəsizliyini artırıb, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini və xalqlarımız arasında geosiyasi əlaqələri gücləndirib.

Türkiyə bu istiqamətdə enerji layihələrinin regionda əsas vasitəçisi kimi çıxış edir. Belə ki, Türkiyə Şərq ilə Qərb arasında unikal mövqedə yerləşir. Regional əməkdaşlığı daha da təşviq etməklə, enerji təhlükəsizliyini prioritet kimi görməklə biz dayanıqlı və dinamik enerji landşaftı qura bilərik ki, bu da gələcək nəsillərə xidmət edə bilər.

Azərbaycanla Türkiyə arasında enerji tərəfdaşlığının əsası isə ötən əs­rin 90-cı illərinin əvvəllərində ölkəmiz tarixi müstəqilliyini əldə etdikdən sonra qoyulub. Həmin vaxt əbədi müstəqilli­yinə qovuşan gənc Azərbaycan dövləti qardaş Türkiyənin timsalında özünün ən yaxın və etibarlı tərəfdaşını tapıb. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft stra­tegiyasının təməl daşı olan “Əsrin müqaviləsi”ndə Türkiyənin TPAO şirkə­ti də yer alıb. Adıçəkilən şirkət sonralar Azərbaycanda həyata keçirilən bir sıra digər qlobal enerji layihələrinin də əsas iştirakçılarından birinə çevrilib. Bununla yanaşı, Azərbaycan özü­nün karbohidrogen ehtiyatlarının Av­ropa və dünya bazarlarına çıxarılma­sında əsas marşrut kimi məhz qardaş Türkiyənin ərazisini seçib. Azər­baycanın xarici şirkətlərlə əməkdaşlığı çərçivəsində “Azəri-Çıraq-Günəşli” ya­taqlar blokunda hasil edilən xam neft Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə dünya bazarına çıxa­rılır. Göründüyü kimi, Azərbaycan–Türkiyə enerji əməkdaş­lığının uğurlu nəticəsi olan Bakı-Tbili­si-Ceyhan layihəsindən bu gün digər ölkələr də faydalanırlar.

2007-ci ildə Azərbaycan və Tür­kiyənin iştirakı ilə daha bir ixrac marş­rutu–Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. İlk illərdə bu kəmər­lə “Şahdəniz”dən çıxarılan “mavi ya­nacaq” Türkiyə sərhədini keçsə də, sonradan bu yataqda hasilatın xeyli art­ması ilə əlaqədar daha geniş imkanlara malik boru kəmərinin çəkilməsi lazım gəlib. Beləliklə, Azərbaycan qazının Türkiyəyə və oradan da Avropanın dər­nliklərinə gedib çatması üçün Cənub Qaz Dəhlizi və onun əsas seqmentlə­ri sayılan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri sistemi yaradılıb. Artıq 6 ildən çoxdur ki, TANAP vasitəsilə “Şahdəniz” qazı Türkiyəyə nəql olunur. Avropanın ener­ji xəritəsini zənginləşdirən TAP kəməri isə 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan qazını tərəfdaşlarımıza çatdırır. 

Ötən müddətdə Azərbaycanın Tür­kiyənin energetika sektoruna yönəltdiyi sərmayə də iqtisadi münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaş­lığın möhkəmləndirilməsinə mühüm töhfələr verib. Yaxın gələcəkdə isə ölkələrimiz “ya­şıl enerji” sahəsində də fəal əməkdaşlıq edəcəklər. Azərbaycanla Türkiyə arasında enerji sektorunda əməkdaşlığın daha da genişlənəcəyinə böyük əminlik var. Əvvəldə də qeyd etdiyimiz kimi, iyunun 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalandı. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında bu ilin mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir. Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında "Şahdəniz" yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.

İki qardaş ölkə hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması çağırışının uğurla yerinə yetirilməsi üçün bütün mövcud imkanlardan maksimum istifadə etməyə səy göstərir. Azərbaycanın bu ilin noyabrında dünyanın mötəbər tədbirinə ev sahibliyi qardaş ölkədə böyük sevinc hissi ilə qarşılanır. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, həmçinin iqlim dəyişikliyinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrin təqdimatıdır. Ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq yaşıl enerjiyə keçid prosesini daha da sürətləndirir. Bu baxımdan, Azərbaycanın yaxın vaxtlarda bütün dünya üzrə 2030-cu ilədək bərpaolunan enerji tutumunu 3 dəfə, enerji səmərəliliyini isə 2 dəfə artırmağa dair Qlobal Öhdəliyə və bütün dünya üzrə cari onillik ərzində metan emissiyalarını minimum 30 faizə qədər azaltmağa dair Qlobal Metan Öhdəliyinə qoşulması tədbirdə təqdir edildi.

Yeganə Əliyeva, «İki sahil»