04 iyun 2024 23:32
335

Revanşistlər sülh müqaviləsindən niyə qorxurlar?

Paşinyan Serj Sarkisyanı və Robert Koçaryanı birdəfəlik susdurmaq üçün yeni imkanlar qazanır

Ermənistanda baş verən son  qarşıdurmalardan da aydın görünür ki, bu ölkədəki revanşistlər ciddi şəkildə fəallaşıblar. Xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya prosesinə start verildikdən sonra bu qarşıdurma daha da genişlənib. Belə ki, son bir ayda iki ölkə arasında münasibətlərin normallaşmasının əleyhinə çıxış edən qüvvələr keşiş Baqrat Qalstanyanın yaratdığı «Vətən naminə Tavuş» hərəkatının ətrafında birləşərək mitinq və küçə yürüşləri keçirirlər. Görünən odur ki, Ermənistanın keçmiş prezidentləri, «Qarabağ klanı»nın əsas liderləri Robert Koçaryanla, Serj Sarkisyan bu qarşıdurmanın əsas qüvvələridir.

Onların qorxuları demarkasiya prosesinin ardınca sülh müqaviləsinin imzalanmasının gəlməsidir. Sülh müqaviləsi isə iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin qurulmasına imkan yaradacaq. Təbii ki,  hadisələrin sonrakı inkişafı Azərbaycana qarşı müxtəlif hərbi cinayətlər törətmiş Koçaryan və Sarkisyan barədə cinayət işinin başladılması, hətta onların Bakıya ekstradisiya edilməsinədək uzana bilər. Keçmiş xuntanın rəhbərləri ilə birgə Bakı təcridxanalarında «dincəlmək» qorxusu onları məcbur edir ki, Ermənistanın mövcud hakimiyyətini devirsinlər. Sonrakı prosesdə isə o niyyətdədirlər ki, müvəqqəti keçid hökuməti yaradaraq yenidən saxta seçkilər keçirməklə hakimiyyəti zəbt etsinlər. Xəyallarında qurduqları müvəqqəti hökumətlə bağlı açıqlamalarında Sarkisyan bildirib ki, Baqratı tam dəstəkləyirəm  və onun təklif edəcəyi namizədi mən də dəstəkləyəcəyəm. Bu isə o deməkdir ki, Qalstanyan bir il müddətinə müvəqqəti hökumətə rəhbərlik edəcək, sonra isə sükanı bütün tərəflərin razılaşdığı şəxsə ötürəcək. Əslində bir müddət əvvəl də vahid namizədlə bağlı hərəkat və onun  tərəfdarlarının ciddi problemləri var idi. Müxtəlif açıqlamaların analizi də sübut edir ki, hazırda bu problem davam edir və tərəflər vahid namizəd məsələsində ortaq fikrə gələ bilmirlər. Təsadüfi deyil ki, erməni keşiş də məsələ ilə bağlı açıqlama verəndə bir illik  xəyali müvəqqəti hökumətdən sonra yenidən bu posta seçilə biləcəyinə işarə etmişdi.

Sabiq prezident, Xocalı soyqırımının təşkilatçısı və iştirakçısı Serj Sarkisyan mətbuata müsahibələrində bildirib ki, sülh prosesində Alma-Ata Bəyannaməsi onun ölkəsinə sərf etmir. Həmçinin Sarkisyanın qənaətinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla beynəlxalq aktorların vasitəçiliyi olmadan birbaşa danışıqlar aparması da Hayastanın xeyrinə deyil. Onun həyasız iddiasına görə, Nikol Paşinyanın hakimiyyətini devirməklə xaricdəki ermənipərəst vasitəçiləri də müzakirələrə qatmaq olar.

Təbii ki, sülh danışıqlarına yenidən vasitəçiləri cəlb etmək bu prosesi ləngitməyə xidmət edir. Heç də təsadüfi deyil ki, müxalifətçi deputat Suren Petrosyan sərhədlərin demarkasiya prosesi ilə bağlı 30 illik fəaliyyəti dövründə ancaq ermənipərəst mövqe sərgiləyən  ATƏT-in  keçmiş Minsk qrupunun  adını çəkib.

Qeyd edək ki, hələ 2023-cü ildən Prezident İlham Əliyev Ermənistanla danışıqların birbaşa -vasitəçilərsiz olması ilə bağlı mövqeyini sərgiləmişdi. Dövlətimizin başçısı bildirmişdi ki, artıq vasitəçilərə ehtiyac yoxdur və Azərbaycanla Ermənistan sülh sazişini beynəlxalq hüquq normalarına və  ərazi bütövlüyü prinsiplərinə uyğun həll etməlidirlər. Əks halda bölgədə yenidən müharibə başlayar ki, bu da Ermənistanın tamamilə məhv olmasına gətirib çıxara bilər. Ona görə də rəsmi İrəvan bu gün revanşistlərdən daha ağıllı tərpənərək Azərbaycanın haqlı şərtləri ilə razılaşmağa meyillidir.

Serj Sarkisyan  bəyanatlarında Qalstanyanın rəhbərlik etdiyi hərəkatı sadəcə ölkənin xilası üçün dəstəklədiyini bildirir. Ancaq siyasi şərhçilərin qənaətincə, Ermənistanın sabiq prezidenti yenidən hakimiyyəti zəbt etməyə çalışır. Burada bir məqama da diqqət yetirmək lazımdır ki, Serj Sarkisyandan  fərqli olaraq Robert Koçaryan mitinqlərə oğlu vasitəsilə müdaxilə edir. Hətta onun oğlu küçə yürüşlərinə və təxribatlara qoşulmaqla göstərmək istəyir ki, atası bu hərəkata siyasi dəstək verir.

Düzdür, Robert Koçaryan hələ də Nikol Paşinyandan ciddi şəkildə qorxur. Çünki hakimiyyətdə olduğu 10 il ərzində həm törətdiyi qətllərə, həm də korrupsiya əməllərinə görə onu məhz Paşinyan həbsə atdırmışdı. Hətta Paşinyan Koçaryanın həbsdən azad edilməsi ilə bağlı  Rusiya Prezidenti Vladimir Putinin xahişini də rədd etmişdi. Bütün bunlara rəğmən Ermənistandakı real siyasi vəziyyət belədir ki,  «Vətən naminə Tavuş» hərakatı ciddi dəstək qazanmadığı üçün iflasa uğrayacaq.

Elçin Zaman, «İki sahil»