05 iyun 2024 00:46
378

Axırıncı "mogikan":  Baqratın şaykası "əriyir"

Onlar baş nazir Nikol Paşinyanı devirmək istəyirlər. Ancaq manqurda çevrilmiş etirazçıların arasında bunun kimə sərfəli olduğunu axtaran yoxdur. Əlbəttə, Ermənistanın xaricilər tərəfindən "ələk-xəlbirə" çevrildiyi bir vaxtda bu çevriliş ölkəyə qətiyyən sərfəli deyil. Bu, çətin ki, Azərbaycan üçün də sərfəli olsun.  Çünki sülhə yaxın bir məsafədə baş nazir Nikol Paşinyandan sonra hakimiyyətə daşnaklar və revanşist qüvvələr gələ bilər. Onların isə məqsədləri əvvəldən bəllidir-sərsəm "böyük Ermənistan" ideyasını ölməyə qoymamaq. Hazırda Hayastanda "tarixçilər" və "realistlər" arasında açıq mübarizə gedir. Keçən əsrin əvvəllərində "Vilson Ermənistanı", "Kilikiya Ermənistanı" və s. var idi. Təbii ki, "böyük Ermənistan"ı dirçəltmək və onu tarixi əfsanələr, xəyallar, miflər, xurafatlar, saxtakarlıqlar üzərində qurmaq mümkündür. Ancaq onun uğurlu sonu olmayacaq. Amma real siyasət də yürütmək olar. "Realizm" burada o  deməkdir ki, sərhədi olmayan, yəni aqibəti bilinməyən xəyali Ermənistandansa sərhədləri tanınmış kiçik bir dövlətin rəsmən mövcud olması daha yaxşıdır.

Ərazilər uğrunda vuruşmağa, revanş əldə etməyə, Qarabağı işğal etməyə, dörd kəndi yenidən ələ keçirməyə və s. cəhd etmək də bir ideyadır. Lakin sərsəm ideyadır. Paşinyan hazırda nümayiş etdirir ki, o, balanslı siyasətçidir və Qafqazda qüvvələr nisbətinin dəyişdiyini, yeni reallığı, Azərbaycanın iqtisadi və hərbi potensialının daha yüksək olduğunu, ona görə də döyüşməyin bir məna kəsb etmədiyini və danışıqlar yolu ilə razılığa gəlməyin zəruriliyini başa düşür. Əgər bütün hallarda Ermənistanın məğlubiyyəti qaçılmazdırsa o zaman revanşistlərin tələb etdikləri müharibəni başlamağın mənası varmı? Təbii ki, yox.

Amma revanşistlər, "tarixi və xəyali  Ermənistan"ın tərəfdarları var ki, Paşinyanı devirmək, delimitasiya və demarkasiyanı dayandırmaq niyyətindədirlər. Əslində onları Azərbaycana qaytarılan dörd kənd yox, hakimiyyət məsələsi narahat edir. Lakin onlar bundan sonra nə edəcəklərini bilmirlər. Hələlik qızışdırıb ortaya saldıqları keşiş Qapon-primat Baqrat yumurtası tərs gəlmiş toyuq kimi ora-bura vurnuxur, çevriliş etmək üçün tərəfdarlarını artırmağa cəhd göstərir. Amma alınmır. Niyə? Çünki günlər keçdikcə ətrafındakılar heç nəyə nail ola bilməyəcəklərini hiss edərək ondan uzaqlaşırlar və beləliklə, Baqratın ətrafı böyüməkdənsə “əriyir.” Yəni, dediyimiz kimi, bu vurnuxmaların heç bir konkret nəticəsi omur. Olmayacaq da. Çünki etirazların perspektivi əhalinin iqtisadi vəziyyətindən asılıdır. Əhali isə ondan narazı deyil. Baş nazir Nikol Paşinyan hakimiyyədə olduğu altı ildə müəllimlərin maaşını üç dəfə artırıb. Əhalinin aldığı pensiya və maaşlar narazılığa əsas vermir. Bəs Ermənistanın əvvəlki rəhbərləri nə ilə məşğul idilər? Gələn kimi ilk növbədə öz ciblərini doldurdular. Ölkədən oğurladıqları yüz milyonlara xaricdə dəbdəbəli saraylar, restoranlar və mehmanxanalar aldılar. Sonra da başladılar yalanlar seriyası ilə baş qatmağa. Onlar daş atıb başlarını tuturdular ki, nəinki Qarabağdan, hətta ona bitişik beş rayondan belə bir qarış torpağı Azərbaycana qaytarmayacaqlar. Nəticədə onlar ölkəni təhlükəli hərbi, siyasi və iqtisadi fəlakətə sürüklədilər. Bunların hamısı hay cəmiyyətinin gözləri qarşısında baş verdi və sadə ermənilər hər şeyi anladılar. Hazırda hay cəmiyyətində Paşinyandan reytinqli bir rəhbər görünmür. İki eks-prezident- Robert Koçaryan və Serjik Sarkisyan isə ermənilərin nifrətini qazanındıqlarına görə xalqın qarşısına çıxmağa üzləri yoxdur.

"Vətən naminə Tavuş" hərəkatının nəyə qarşı çıxdığı tam aydındır. Lakin onlar Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası əvəzinə nə təklif edə bilərlər? Bununla bağlı hər hansı aydın plan səsləndirilmədi.  Delimitasiya və demarkasiyanın dayandırılması, azad edilmiş ərazilərin qaytarılması isə axmaq ideyadır, baş tutacaq sevda deyil.

Azərbaycan həmişə özünə məxsus olan nə varsa qaytara bilər. Ya razılaşmalar əsasında, ya da güc yolu ilə. Hər iki halda Azərbaycan heç kimə, heç nə borclu qalmayacaq. İkinci Qarabağ müharibəsində olduğu kimi. Heç kim Azərbaycanı öz ərazilərini azad etdiyinə görə qınamadı. Heç qınamalı da deyildi.

Hadisələrin axarı göstərir ki, axırıncı "mogikan" keşiş Baqratın şaykasının "işi" şeytana quru fəhləlik etməkdən başqa heç nə deyil. Məktəbli şagird də belə hərəkət etməz. Keşişin qaldırdığı hay-huy isə heç nəyi dəyişə bilməz. Dəyirmanın çax-çaxı kimi yalnız baş ağrıda bilər...

Vəli İlyasov, "İki sahil"