05 iyun 2024 00:11
326

Biz bu torpaqlara qayıtmışıq və burada əbədi qalacağıq!

Böyük Qayıdışın Xocalı mərhələsi həm də soyqırım qurbanlarının xatirələrinin əbədiləşdirilməsidir

Xalqımızın yaddaşında sağalmaz yara, müqəddəs məkan kimi qalan Xocalı kəlməsi səslənəndə gözlərimiz önündə erməni vəhşiliyinin qurbanı olan 613 şəhidimiz, dağılan yurd yerimiz, diri-diri basdırılan, yandırılan soydaşlarımız canlanırdı. Amma artıq daim qanayan yaramıza məlhəm olan Böyük Qayıdışın Xocalı mərhələsi az da olsa nisgilimizi xəfiflədir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad olunan torpaqlarımıza mərhələrlə başlanan qayıdışın Xocalı növbəsi də gerçəkləşdi. Əvvəlki illərdə 28 May Müstəqillik Gününü Ağalıda və Laçında, bu il isə Xocalıda keçirən Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin sevincinə şərik olur və tarixi hadisələrə şahidlik edir.

Bu ilin fevralın 26-da Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimində iştirak edən, günahsız Xocalı qurbanlarının xatirələrini anaraq rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bildirmişdi ki, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq: «Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.» 613 insanın vəhşicəsinə qətlinə, 150 insanın itkin düşməsinə, 1000-dən çox sakinin girov götürülməsinə üzülən Xocalı artıq doğmalarının nəfəsi ilə isinir.

«Xocalıya ədalət!» çağırışını da öz gücü, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə reallaşdıran, ədaləti bərpa edən Azərbaycan xalqı erməni vandallarına tarixi dərs verdi. «Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik» söyləyən Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də soyqırımı qurbanlarının vəhşicəsiən qətlə yetirildiyi bu şəhərdə Azərbaycan Bayrağını qaldırdıqdan sonra burada abadlıq işlərinə başlanıldı. 30 il gözlənilən vüsal, çəkilən nisgil , torpaq həsrəti sevinclə əvəzləndi. «Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, düşmənə ən ağır zərbə, xalqımızın böyüklüyünü göstərən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləridir. Xocalı sakinlərinin doğma evlərinə qayıtması isə tarixi ədalətin bərpası olmaqla qüdrətli xalqımızın birlik , həmrəylik nümunəsi, soyqırımı qurbanlarına vəfa borcudur.

Otuz iki ildən sonra dünyanın diqqəti yenidən Xocalıya yönəlib. 1992-ci ildə ermənilərin bu şəhərdə törətdikləri soyqırımı səssizcə izləyən, soydaşlarımızın qətliamına biganə qalan, daşnaklara dəstək göstərən dünya ictimaiyyəti hazırda tərəqqi yolunda irəliləyən, yenidən qurulan, artıq şəhid deyil, qəhrəman şəhər adını fəxrlə daşıyan Xocalının büsatına heyran qalır.

Son aylarda 44 ailənin məskunlaşdığı Xocalıya daha 24 ailənin qayıdışı İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizin inkişaf, tərəqqi mərhələsinin davamıdır. Yurd yerlərinə qayıdan ailələrə tam bərpa edilmiş və yeni tikilmiş, hər cür infrastruktura malik evlərin açarlarını təqdim edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva doğma yurda köç karvanının davamlı olacağını inamla bildirdilər. 32 il «məcburi köçkün» həyatı yaşayan xocalılar Prezident İlham Əliyevin «Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq»” sözlərinin əminliyini, sevincini şəxsi həyatlarında hiss etdilər. Qazax rayonunun dörd kəndinin qeyd-şərtsiz sahiblərinə, Azərbaycana qaytarılmasının kədərini, məğlubiyyətini yaşayan erməni dığaları üçün tarixi dərs olan Xocalıya dönüş İrəvanın küçələrində bağıraraq, revanşistləri yeni müharibəyə təhrik edən keşiş Baqrat Qalstanyanın da səsini batırdı. Bütün Azərbaycan xalqı kimi, Ermənistanın revanşistləri, işğalçını dəstəkləyən qərəzli dövlətlər də əmin oldular ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bir qarış torpağımız belə işğal altında qalmayacaq. Bu əminliyin qarantı Ali Baş Komandan İlham Əliyevin əmrinə daim hazır olan, dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycanın yenilməz Silahlı Qüvvələri, xalqımızın sarsılmaz biriyidir. Ermənilər də dərk edirlər ki, indiki Azərbaycan 1992-ci ildəki gücsüz, köməksiz Azərbaycan deyil. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalının separatçılardan tamamilə təmizlənməsi bu ordunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsi idi. Erməni faşistləri həmin tədbirdə «dəmir yumruğ»un gücünü bir daha, həm də əbədilik hiss edib, qulaqlarında sırğa etdilər. Xocalı faciəsini soyqırımı kimi tanıyan 16 ölkə ilə müqayisədə artıq Azərbaycanın bu qəhrəman şəhərində aparılan bərpa-quruculuq işlərinə Ermənistanı dəstəkləyən, silahlandıran Fransa da daxil olmaqla bütün dünya ictimaiyyəti şahidlik edir. İnanırlar ki, bu cür qüdrətli xalqın qarşısında keçilməyən sədd yoxdur. Torpaqlarımız Ermənistanın işğalı altında qaldığı 30 ildə Fransanın tikdiyi istehkamları, qurğuları birliyi, həmrəyli, Silahlı Qüvvələrimizin qüdrəti ilə dağıdan Azərbaycan xalqının sarsılmaz birliyi ən müasir silahlardan belə güclüdür.

Xocalı sakinləri ilə görüşündə «Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın» sözləri ilə şəhidlərin qanının yerdə qalmadığını cəsarətlə söyləyən Prezident İlham Əliyev Hayastanı silahlandıranları, revanşistləri yeni müharibəyə təhrik edənlərə, hərbi təxribata cəhd göstərənlərə qulaqburması verdi. Bildirdi ki, bütün Qarabağ və Şərqi Zəngəzur ərazisi heç bir qüvvənin aşa bilməyəcəyi daha güclü istehkam zonası olacaq. Çünki bu gücün təməlində haqq, ədalət, yenilməz bir xalqın əzmi , iradəsi kimi müqəddəs duyğalar vəhdət kimi birləşib. Cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda Müstəqillik Günündə keçirilən görüş, yurd yerlərinə qayıdan ailələrə evlərin açarlarının təqdimatı düşmənə arxa çevirməyən xalqımızın torpağa, Vətənə tükənməz sevgisinin, bağlılığının ifadəsi idi.

Görüşdə qeyd olunduğu kimi, Xocalı şəhərinin yenidən, tam qurulması mərhələlər üzrə davam edəcək. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri çəkilir. İstirəhət güşələri , ictimai iaşə, təhsil, səhiyyə ocaqları inşa edilir. Xocalıda aparılan bərpa- quruculuq işləri təcavüzkar Ermənistanın əzəli Azərbaycan torpağı olan Qarabağla bağlı mənfur planlarını alt-üst etməklə haylara yurd yerinə sahiblənməyin arxitekturasını də öyrədir.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Ali Baş Komandan İlham Əliyevin siyasətinin, aforizmə çevrilən «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”» sözlərinə sadiqliyinin ifadəsidir.

Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşü zamanı bu məsələni xüsusilə vurğulayaraq qeyd etdi ki, Ermənistan Xocalıda törətdiyi cinayətlərə görə Azərbaycan xalqından üzr istəməlidir. Dövlət başçımızın bu qətiyyətinə bütün Azərbaycan xalqı inanır. Yaxın zamanlarda Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımlara, cinayətlərə görə üzr istəyəcəyinin, törətdiyi cinayətlərə görə cavab verəcəyinin şahidi olacağıq. Bütün dünya azərbaycanlıları da bu həqiqətə inanır və o günün gələcəyinə əmindir. Bu əminliyin qarantı daha da güclənən Silahlı Qüvvələrimizdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasıdır. Ərazilərimizin təhlükəsizliyinin çox yüksək səviyyədə qorunmasıdır. Ən başlıcası isə dövlət başçımızın vədlərinə sadiqliyi, sözlərinə imzası qədər dəyər verməsidir.

Göründüyü kimi, Böyük Qayıdışa dair l Dövlət Proqramı yüksək səviyyədə icra edilir. Keçmiş məcburi köçkünlərin yaxın zamanlarda Xankəndiyə qayıdışı da təmin olunacaq. «Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik» söyləyən Prezident İlham Əliyev Liderlik qətiyyəti ilə Azərbaycanın həqiqi mənada qüdrətli dövlət olduğunu dünyaya bəyan edir: «Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.»

Xuraman İsmayılqızı, «İki sahil»