05 iyun 2024 02:14
434

Bizim vədlərimiz imzamız qədər dəyərlidir

Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspia Power” sərgilərinin açılış mərasimində bir daha qeyd etdi ki, qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı  İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Tədbirdə  37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, istər ölkəmizin ev sahibliyi etdiyi, istərsə də bu və ya digər ölkələrdə keçirilən tədbirlərdə diqqətin cəmləşdiyi ünvan məhz Azərbaycan olur. Ölkəmizin dünyaya  təqdim etdiyi təkmil inkişaf modeli hər zaman təqdir edilir və öyrənilməsinin, tətbiqinin vacibliyi vurğulanır. Nəzərə alsaq ki, bu il Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi»nin imzalanmasının 30 illiyinə təsadüf edir, bu halda  sazişin ötən dövrdə  ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır.

İyunun 4-də  öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb.  Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.

Bu gün əməkdaşlığın coğrafiyasının genişləndirilməsi və bu istiqamətdə atılan davamlı addımlar Ümummilli Lider Heydər Əliyevin vaxtilə səsləndirdiyi bu çağırışın bir daha təsdiqidir: «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə  beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.» Prezident İlham Əliyev  «Əsrin müqaviləsi»nin  imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirir:  "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik.»

«Əsrin müqaviləsi» ilə  iqtisadi və siyasi müstəqilliyini  möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev "Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdəki  çıxışında bildirmişdir ki, biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.

«Əsrin müuqaviləsi»nin imzalanması ilə qısa  müddətdə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Onu da qeyd edək ki, bu sazişin imzalanmasından öncə Azərbaycanın malik olduğu enerji resurslarının təqdimatında əhəmiyyətli rol oynayan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirildi. Reallıq budur ki, Azərbaycan  yerləşdiyi coğrafi məkana. malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olurdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından sonra ölkəmizin qısa müddətdə sabtilik diyarına çevrilməsi Azərbaycan ilə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında stimulverici amil rolunu oynadı. Azərbaycana maraq artdı. «Əsrin müqaviləsi»nin imzalanması  ölkəmizə marağın artdığının, dövlətlərin, təşkilatların yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin olduqlarının göstəricisi oldu. Azərbaycan böyük investisiyalar mərkəzi kimi dünyanın diqqətində oldu.

«Əsrin müqaviləsi» Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. «Əsrin müqaviləsi»nin imzalanmasının 23 illiyində, 14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında» Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Qeyd edək ki, «Yeni əsrin müqaviləsi»nin imzalanmasından öncə 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında layihənin mühüm qollarından olan TANAP istifadəyə verildi. 2020-ci ilin dekabrın sonunda isə TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz  Dəhlizi layihəsinin icrası tam şəkildə başa çatdı. Göründüyü kimi, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər layihənin icrası uğurlu sonluqla başa çatır.

«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 30 ilə yaxın dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların qısa  xronologiyası onu deməyə əsas verir ki, ölkəmizin  enerji siyasəti uğurludur, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətləri, xalqları  bir araya gətirir, dostluq körpüsünü yaradır.  2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Bununla da Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrildi. Bu fikir daim qeyd edilir ki, əməkdaşlıq regional çərçivədə başlayaraq illər keçdikcə beynəlxalq miqyas aldı. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin, həmçinin əməkdaşlıqda maraqlı olmasının göstəricisidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri  dünyanın enerji xəritəsinin yenidən tərtibində əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan təşəbbüsləri reallığa çevirir. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.  Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu reallığı xüsusi qeyd edir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər  öz həllini tapmasaydı, bu gün  Cənub Qaz Dəhlizindən söhbət belə  gedə bilməzdi. Cənab İlham Əliyev Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin icrası nəticəsində  həm Azərbaycanın, həm də  qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyini, ölkəmizin bu sahədə də  liderlik keyfiyyətlərini göstərdiyini diqqətə çatdırmışdır.  Belə bir əminlik də xüsusi qeyd edilmişdir ki,  imzalanmış sənədlər uğurla  həyata keçiriləcək və  Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı  və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir.  Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.

Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir. Bu fikirləri  tədbir iştirakçılarına ünvanlanan təbrik məktubları da təsdiqləyir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan  Prezidenti İlham Əliyevə məktubunda bildirir ki, Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər. Məktubda bu mühüm məqam da xüsusi qeyd edilir ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir.

Cozef Bayden «Regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq» fikirləri ilə Azərbaycanın bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə və gələcək yeni əməkdaşlıq formatlarının yaradılmasına xidmət edəcək sülh müqaviləsini dəstəklədiyini bildirdi. Bu məktub həm də  onu sübut edir ki,  Azərbaycanın tarixi ədalətə söykənən siyasətinə beynəlxalq dəstək artır.

Hər zaman çıxışlarında  energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən cənab  İlham Əliyev onu da bildirir ki, ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər.

Artıq    ölkəmizin neft-qaz  sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. Bu gün enerji inkişafımızın  yeni bir mərhələsindəyik. Avropa təsisatları ilə münasibətlərimiz   çox əhəmiyyətlidir. Yeni qaz yataqlarının kəşfi  ölkəmizin qaz potensialına böyük töhfədir. Daim çıxışlarında «Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir» söyləyən dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə edir ki,  illər keçdikcə bu şirkətlərin sayı artacaq. Tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa edildi,  neft yataqlarına sərmayə qoyuldu.  Cənub Qaz Dəhlizi birgə tarixi nailiyyətimizdir. 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyində,  enerji şaxələndirilməsində müstəsna rol oynayır: «Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var - beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq… Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır.»

Azərbaycanın bir ildə  enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayan sərgilər, eyni zamanda, qarşıdakı dövrün hədəflərini açıqlayır. Həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin  Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Quruma üzv olan dövlətlərin üçdə biri ilə Azərbaycan enerji sektorunda əməkdaşlığa dair Memorandum imzalayıb. Bugünkü uğurlarımız müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  “Əsrin müqaviləsi”ndən sonra Avropanın  enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb.  Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Ötən il Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışının sonunda «Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir» söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etmişdir ki, bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Komanda işini davam etdirməliyik.  Ölkə Prezidenti belə bir ümumiləşdirmə aparmışdır: «Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir.» Cənab İlham Əliyev builki tədbirdəki çıxışında bildirdi ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir. Təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Biz Azərbaycan qazına ehtiyacı olan bir sıra ölkələrlə onların enerji təhlükəsizliyini təmin etmək üçün fəal danışıqlar aparırıq. Dövlət başçısı İlham Əliyev bu statistik rəqəmə də diqqəti yönəltdi ki,  2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlətimizin başçısı vurğuladı ki,  2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq.

Azərbaycanın bu il ən mötəbər tədbirə- COP29-a ev sahibliyi  cənab İlham Əliyevin Beynəlxalq Neft və Qaz Sərgisindəki çıxışında da xüsusi vurğulandı. Bildirildi ki, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik. İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan  Prezident İlham Əliyev qeyd  etdi ki,  Xəzər dənizinə axan çaylar başqa ölkələrdə qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək.

Azərbaycan  Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular. Qeyd edək ki, vaxilə «Şahdəniz» layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycan zəngin bərpaolunan enerji potensialına  malikdir. Cənab İlham Əliyevin Sərəncamı ilə bu ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi bütün məqamlara aydınlıq gətirir. Ölkəmiz iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı  beynəlxalq həmrəyliyin gücləndirilməsində maraqlıdır və bunu sözdə deyil, əməldə təsdiqləyir.

Hansı sahəyə diqqət yetirsək Azərbaycanın əməkdaşlığa xüsusi önəm verdiyinin şahidinə çevrilərik. Qeyd etdiyimiz kimi, əməkdaşlığın coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir. Bu gün böyük əminliklə qeyd edirik ki, dünya Azərbaycanla bir yerdədir. Azərbaycanın beynəlxalq aləmlə əlaqələri diqqətdən kənarda qalmır. ABŞ, Avropa İttifaqı, Türkiyə, Ərəb-İslam dünyası ilə əməkdaşlıq yüksək səviyyədədir. Dünya dövlətlərinin liderlərinin Beynəlxalq Neft və Qaz Sərgisinin iştirakçılarına  təbriklərində yer alan fikirlər də Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunu göstərir.

Prezident  İlham Əliyev, həmçinin tədbir çərçivəsində  Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul etdi. Bütün bu addımlar Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatlarıdır. Həm tədbir, həm də tədbir iştirakçılarının cənab İlham Əliyev ilə görüşməkdə maraqlı olmaları və bu təşəbbüslə çıxış etmələri ölkəmizə, Prezident İlham Əliyevə böyük etimadın nümayişidir.

Yeganə Əliyeva, «İki sahil»