04 iyun 2024 10:02
365

Azərbaycanın enerji diplomatiyasının təqdimatı

Bu gün işinə başlayan və üç gün davam edəcək Bakı Enerji Həftəsinə qatılan ölkələrin say tərkibində ildən-ilə artım Azərbaycanın dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrə xüsusi önəm verdiyini nümayiş etdirir

Bu gün regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi öz işinə başlayır. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana yönəldir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusa malik olduğunu təsdiqləyir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Hər zaman qeyd etdiyimiz kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyü mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir. Azərbaycan 30 ildir Beynəlxalq Neft və Qaz Sərgisinə ev sahibliyi edir. Əsas məqam hər il iştirakçı dövlətlərin say tərkibində artım, eyni zamanda, Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurları ilə diqqətdə olmasıdır. Bakı Enerji Həftəsi həm tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin, həm də Azərbaycanın enerji resurslarının təqdimatında öz sözünü deyən ilk Beynəlxalq Neft və qaz Sərgisinin 30 ilinin tamam olmasına təsadüf edir. Ötən 30 ilin Azərbaycanın enerji sektorunda hansı uğurlarla yadda qaldığını bugünümüzün reallıqları təsdiqləyir. Çünki artıq Azərbaycan yaşıl enerjiyə keçiddən bəhs edir, özünün bərpaolunan enerji resurslarını dünyaya təqdim edir. Dövlət başçısı İlham Əliyev yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan vəzifələri açıqlayarkən bildirdi ki, digər vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq. Artıq işlərə start verildi. Plana görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır: «Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq.» Azərbaycanın bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəyi xüsusi önə çəkilir. Bu baxımdan qeyd edilir ki, bərpaolunan enerji növləri ilə bağlı hədəflərimiz aydındır. Dövlət başçısı İlham Əliyevin əminliklə vurğuladığı kimi, çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir. Amma bu qədər imkanımız hələ yoxdur. Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib.

«Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq» söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirir ki, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb. Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. Qeyd olunan yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub. Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Azərbaycanın bugünkü uğurları keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.

Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugunkü uğurların əsasını təşkil edir. İqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bu mühüm məqamı diqqətə çatdırır ki, “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Neft-qaz amilinin rolundan danışan dövlətimizin başçısı onu da bildirir ki, biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur. Neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir.

Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qeyd etdiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Bu məqsədlər üçün Səudiyyə Ərəbistanı Krallığının «Masdar» və ««ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb.

Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji» zonası üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji» zonası konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.

Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.

Ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunun builki iclasında da Azərbaycanın malik olduğu «yaşıl enerji» potensialı geniş müzakirə edildi. Azərbaycan Davosda “yaşıl enerji” təchizatçısına çevrilmək üçün ortamüddətli hədəflərini açıqladı. Davos İqtisadi Forumu çərçivəsində keçirilən “COP28 və Qarşıdakı Yol” sessiyasında Azərbaycanın «yaşıl enerji» təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlı enerji potensialı barədə məlumat verildi. Sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin əhəmiyyəti vurğulandı. Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə ilkin gözləntilər ifadə olundu.

Hər zaman qeyd olunduğu kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbirdə iştirakçı ölkələrin say tərkibi gündəmə gətirilən məsələnin aktuallığının göstəricisidir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakı təsdiq edilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan 30 ildir bu sərgilərə ev sahibliyi edir. Dövlət başçısı İlham Əliyevin bu tədbirlərin açılış mərasimlərindəki çıxışlarına diqqət yetirəndə daim belə bir inam ifadə olunur ki, növbəti ildə enerji sektorunda qazandığımız yeni uğurları müzakirə edəcəyik. Bunun üçün «Əsrin müqaviləsi»nin imzalanmasından keçən 30 ilə yaxın dövrdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinə diqqət yetirmək kifayətdir. Regional çərçivədə başlayan əməkdaşlıq hazırkı dövrdə beynəlxalq miqyas alıb. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin perspektivlərin, onun əsas tərkib hissəsi olan TANAP-ın və TAP-ın tərkibinin genişləndirilməsi məsələsi gündəmdədir. Hər iki layihəyə qoşulmaq istəyən dövlətlərin sayı artmaqdadır. Dövlət başçısı İlham Əliyev ötən il Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı «Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir» söyləyərək onu da bildirdi ki, bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki burada böyük sərmayə qoymalıyıq. Biz bu komanda işini davam etdirməliyik. Artıq yeni iştirakçılarımız, yeni ideyalarımız, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.

Cənab İlham Əliyevin sözügedən çıxışından sonra Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək hər bir hədəfin reallıqda öz əksini tapdığını görərik. Ötən ilin dekabr ayında Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində dövlət başçısı İlham Əliyev bu mərasimin dostluq, strateji tərəfdaşlıq mərasimi olduğunu önə çəkərək bildirdi ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. “Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir.”

O da bildirildi ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri, bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcək. «Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır» deyən cənab İlham Əliyev bildirdi ki, əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və Anlaşma memorandumları imzalanmışdır.

Göründüyü kimi, hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 33 ilə yaxın dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Qarabağımız və Şərqi Zəngəzurumuz zəngin bərpaolunan enerji potensialına malikdir. Dövlət başçısı İlham Əliyev bu il ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirdi ki, bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir birgə səylərin göstərilməsinə çağırışlar edir. Gələcək planlar açıqlanır. Hədəflər ölkəmizin malik olduğu imkanların, eyni zamanda, qarşılıqlı etimad mühitinin qorunması fonunda yeni əməkdaşlıq formatlarının yaradılmasına xidmət edir. Bu isə öz növbəsində iştirakçı ölkələrin iqtisadi imkanlarının davamlığının təmin edilməsində əsas faktordur. Bu gün işinə başlayan Bakı Enerji Həftəsi keçilən yola nəzər salaraq Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini nümayiş etdirəcək. Yaşıl dünya naminə həmrəylik ilində birliyimiz, həmrəyliyimiz daha da möhkəmləndiriləcək, qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdiriləcək.

Yeganə Əliyeva, «İki sahil»