03 iyun 2024 18:47
294

Mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsidir

“Azərbaycan dünya miqyasında mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı ərazilərimizə 1.5 milyondan çox  mina yerləşdirib. Bütün bunlara görə, ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Müharibədən sonra xeyli ərazilər minalardan təmizlənib. Lakin reallıq bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət tələb edən prosesdir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsidir. Müharibə bitsə də, mina qurbanlarının sayının artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür.

Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlarımıza yenidən həyatı qaytarmaqdır. Lakin Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması bu gün hələ də ən böyük təhdidlərdən biridir və bu da keçmiş məcburi köçkünlərimizin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Dövlətimiz tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir və əsasən ölkəmizin daxili resursları hesabına aparılır. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir.

Sevinc Fətəliyeva qeyd edib ki, 30-31 may tarixlərində ölkəmizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının keçirilməsi dünya ictimaiyyətinin diqqətinin bu problemə yönəlməsi baxımından böyük əhəmiyyət kəsb edir.  Prezident İlham  Əliyevin konfrans iştirakçılarına müraciətində bildirilib ki, müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir.

Minatəmizləmə prosesində üzləşdiyimiz çətinliklər yenidənqurma və bərpa işlərinə əngəllər yaratmaqla 1 milyona yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. Minaların ətraf mühitə mənfi təsirlərini dəyərləndirən dövlətimizin başçısı müraciətində vurğulayıb:  “Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə, yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır”.

“Belə bir mühüm qlobal platformanın yaradılması, bu mövzuda beynəlxalq konfranların ölkəmizdə keçirilməsi göstərir ki, Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz stasusunu qazanıb. Beynəlxalq birlik minaların təmizlənməsi prosesində Azərbaycana ciddi dəstək verməli, Ermənistandan dəqiq mina xəritələrinin verilməsini tələb etməlidir. Çünki Azərbaycan ərazilərində baş verən mina terroruna görə, məhz Ermənistanın məsuliyyət daşıyır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.