04 iyun 2024 00:00
433

Müstəqillik yolunun xilaskarlıq mərhələsi

4 iyun 1993-cü ildə ölkədə yaranan xaosun qarşısını alan, respublikanı parçalanmaq təhlükəsindən xilas edən Ümummilli Lider haqqında deyilən «Hər bir Azərbaycan vətəndaşının həyatında Heydər Əliyev qüdrətinin, zəkasının zərrəsi var» müdrik kəlamı günümüzün reallığıdır.

Azərbaycanın dövlətçilik tarixinə AXC-Müsavat cütlüyünün xəyanəti kimi yazılan Gəncə hadisələrinin yaratdığı mənzərə qorxunc, təhlükəli idi. Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoyan 4 iyun 1993-cü il Gəncə hadisələrinin baş verdiyi günlərdə ölkədə yaranan xaos insanların gələcəyə inamını itirmişdi. Bakı küçələrində avtomatla silahlanmış kamufulyaj geyimli saqqallıların sərbəst gəzməsi, AXC-Müsavat iqtidarında təmsil olunanların himayəsindəki siyasi partiyaların, əslində isə biri-biri ilə rəqabət aparan qeyri-qanuni silahlı dəstələrin özbaşınalıqları insanlarda xof yaratmışdı. Kreslo uğrunda yarışan siyasətdən xəbərsiz naşıları idarə etmək iqtidarında olmayan sabiq Prezident Əbülfəz Elçibəy cinayətkar qruplaşmaların, separatçı qüvvələrin dövlətə xəyanət hərəkətlərinin qarşısını ala bilmirdi. Hakimiyyətsizliyin hökm sürdüyü, dövlət maraqlarının arxa plana keçdiyi, insanların küçələrdə sərbəst hərəkətinin belə təhlükəli olduğu həmin günlərdə paytaxtın mağazalarının qarşısındakı çörək növbələrinə toplaşanların sayı artırdı. Siyasətdən, dövləti idarəetmə təcrübəsindən bixəbər humanitar sahə üzrə sıravi elmi işçinin Baş nazir, komsomol təşkilat katibinin dövlət katibi, hərb elminin əlifbasını belə bilməyənin müdafiə nazirinin olduğu AXC-Müsavat iqtidarının kadr siyasəti də bərbad vəziyyətdə idi. Sürücülərə general rutbələri verilir, orta təhsili olanlara rayonlara rəhbərlik tapşırılırdı… Bir sözlə, iddiaları başlarından böyük olan, hakimiyyəti zorla ələ keçirən sıravi cəbhəçilər, meydanlarda fit çalanlar, « xalq hərəkatının öncülləri» kimi mükafatlandırılır, törətdikləri cinayətlərə görə uzun müddət həbsdə yatan cinayətkarlara hüquq- mühafizə orqanlarında yüksək vəzifələr həvalə olunurdu. Ən böyük sənaye müəssisələri kortəbii halda, «özəlləşdirilmə» adı ilə dağıdılırdı. Avadanlıqları xarici dövlətlərə «yararsız xammal» kimi satılırdı. Belə «bölgüdən» kənarda qalan, vaxtilə İsa Qəmbər və Əli Kərimliyə yaxınlığı ilə seçilən Surət Hüseynov kimi «silahdaşları» onları ölümlə hədələyərək, vəzifədən istefa vermələrini tələb edirdi. Adı Milli Qəhrəman olsa da millətinə xəyanət edən , el arasında «yun polkovniki» kimi tanınan Surət Hüseynov o dövrdəki iqtidara etirazını komandanlıq etdiyi sovetlərə məxsus 130 və 709 nömrəli hərbi hissədə qiyam qaldırmaqla bildirdi. Hadisə zamanı 20 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması AXC-Müsavat cütlüynün xəyanətinin nəticəsi idi.

Xalqı belə miskin vəziyyətə salan o dövrdəki spiker İsa Qəmbər, dövlət katibi Əli Kərimlidən və başqalarından ibarət komanda xarici emissarların diktəsi ilə idarə olunduqlarından xalqın taleyini düşünmək hisslərindən məhrum idilər. Çıxış yolu kimi fərarilik yolunu seçən, ölkədə yaranan vətəndaş qarşıdurmasının öhdəsindən gələ bilməyən sabiq Prezident Əbülfəz Elçibəy Kələkiyə getdi. «Spiker» İsa Qəmbər , Baş nazir Pənah Hüseynov istefa verdi. Başqa səbatsızlar «vəzifələrini dondurdular.» Kəlbəcər rayonunun işğalı ilə artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. İqtisadi böhran respublikanı iflic vəziyyətinə salmışdı. Müstəqilliyimizə real təhlükə olan, ölkədə vətəndaş müharibəsi xof, Ermənistanın torpaqlarımızı işğalı üçün şərait yaradan Gəncə hadisələri AXC-Müsavat cütlüyünün xalqa xəyanəti idi. Prezident İlham Əliyev bu xəyanətin qurbanları olan, Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan laçınlılarla görüşündə «Bu sahədəki işləri də vaxtilə Ulu Öndər başlamışdı» söyləyən Prezident İlham Əliyev onlara doğma yurdlarına qovuşacaqları ilə bağlı vədini də, Ulu Öndərin arzusunu da yerinə yetirdi. Doğma yurdlarına qayıdan laçınlılarla görüşündə «Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq. 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var» söyləyən, bu bağlılığı siyasi iradəsi, Liderlik qətiyyəti ilə gerçəkləşdirən Prezident İlham Əliyev ötən əsrin sonlarında baş verən hadisələri müdrikliyi ilə təhlil edən Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyini təsdiqlədi.

O zaman Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışsa da , bütünlükdə Azərbaycanın müstəqilliyi naminə önəmli islahatlar aparan, hadisələri dövlətçilik təcrübəsi ilə təhlil edən, ordu quruculuğuna diqqəti artıran Ulu Öndər Heydər Əliyev ölkədə baş verənləri həyəcanla izləyirdi. Muxtar Respublika Ali Məclisinin Nazirlər Kabineti ilə birgə iclasında Gəncə hadisələri ilə bağlı narahatlığını «Gəncədə nə baş verib məlum deyil. Mən Elçibəylə telefonla danışdım. O mənə bildirdi ki, Surət Hüseynov qoşun qaldıraraq dövlətə qarşı çıxıb. Bildiyimizə görə , bir neçə ağsaqqal Surət Hüseynovla danışıq aparmaq üçün Gəncəyə gedib. Hələlik heç nə məlum deyil. Belə bir təklif var ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu hadisəyə öz münasibətini bildirsin və bəyanat qəbul etsin» sözləri ilə bildirən Ulu Öndərin təklifi ilə hazırlanan, insanları milli birliyə, vətəndaş həmrəyliyinə çağıran bəyanatda qeyd edilirdi ki, Gəncə şəhərində baş verənlər dövlətçiliyə qarşı qiyamdır.

Hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Ölkə daxilində gedən proseslərin yaratdığı iqtisadi böhran dərinləşirdi. Sənaye demək olar ki, iflic vəziyyətinə düşmüşdü. AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyətini «Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev baş verənləri xalqa xəyanət adlandırırdı.

O ağır günlərdə «Azərbaycan sizin sözünüzü gözləyir!» müraciəti ilə Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edən «91-lər»in məktubunda qeyd olunduğu kimi dünənə qədər küçə və meydanlarda səhərdən axşama qədər demokratiyadan danışsalar da demokratiyanı axarxiya ilə qarışdıran, siyasətdən kənar qüvvələrin idarəetmədə naşılığı Azərbaycanı uçuruma aparırdı. Xalqının təkidli tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev onu müşayiət edən bir qrup ziyalı ilə Gəncəyə gedərək hadisələrlə maraqlandı, insanlarla söhbət etdi. Gəncədəki vəziyyət barədə Ali Sovetin sessiyasında məlumat verən, sonra yekdilliklə respublikanın Ali Sovetinin Sədri seçilən, daha sonra Prezident kimi, xilaskarlıq missiyasını layiqincə yerinə yetirən müasir, müstəqil Azərbaycanın banisi, xilaskarı Heydər Əliyev ölkənin üzləşdiyi belə çətin məqamda xalqı milli birlik ətrafında birləşdirdi, vəzifə hərislərinə qısqanclıq hisslərini kənara qoymağı məsləhət gördü.

«Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımı bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir» sözləri səbatsızlıqlarını əsassız bəhanələrlə pərdələməyə çalışanları, iqtidarda olduqları zaman şəxsi maraqlarını ölkənin mənafeyindən üstün tutanları, Azərbaycanı siyasi-iqtisadi böhranla üzləşdirənləri dövlətə, xalqa xəyanətdə ittiham edən Heydər Əliyev Ümummilli Lider adını xalqımıza misilsiz xidmətləri ilə doğrultdu. İnsanları bir amal naminə birləşdirən müdrik siyasətçi Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən AXC-Müsavat cütlüyünün qiyamçı dəstələrinin fiziki təzyiqlərinin, 1994-1995-ci illərdə törədilən dövlət çevrilişinə cəhdlərin, təxribatların qarşısını xalqın birliyi, ağlının, zəkasının qüdrəti, dövlətçilik təcrübəsi, Vətəninə bağlılığı ilə aldı.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizi dünyada tanıdan, hazırladığı neft strategiyası ilə iqtisadi yüksəlişin təməlini qoyan, ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatları ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Liderin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyada söz sahibinə, qüdrətli dövlətə çevirdi.

İkinci Qarabağ müharibəsini xalqın birliyi, qüdrəti, siyasi iradəsi ilə Zəfərlə başa vuran, qısamüddətli antiterror əməliyyatı ilə suverenliyimizi tam bərpa edən Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanı, Xankəndini, Xocalını işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Ulu Öndərin siyasətinin layiqincə davam etdrildiyini bildirdi. « Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir» söyləyən Prezident İlham Əliyev fərəhlə qeyd etdiyimiz uğurları «Heydər-xalq, xalq-Heydər» birliyinin məntiqi nəticəsi adlandırır. Bu birliyin təməli isə o çətin sınaq illərində qoyuldu. Müdrik kəlama çevrilən «Hər bir Azərbaycan vətəndaşının həyatında Heydər Əliyev qüdrətinin, zəkasının zərrəsi var» deyimi günümüzün reallığıdır.

«Demokratik Qüvvələrin Milli Şurası» adlı amorf qurumun «ölü canlar» təmsilçilərinin bu reallığı «görməyərək» hələ də kreslo xəyalı ilə yaşamaları, sabitliyi pozmaq, mitinq istəklərində olmaları siyasi əxlaqsızlığın, nankorluğun rik nöqtəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»