04 iyun 2024 01:57
328

Müstəmləkəçi və antidemokratik davranışlar: Hara qədər?

Yeri gəldi–gəlmədi demokratiyadan, insan hüquqlarından dəm vuran Fransanın siyasətində bu amillərin heç birini görmək mümkün deyil. Uzun illərdir müstəmləkə siyasəti yürüdən bu ölkənin həm daxili, həm də xarici siyasətinin yarıtmaz vəziyyətdə olduğu açıq-aydın ortadadır. Dənizaşırı ölkələrin xalqlarının müstəqilliyini daim boğan, onların azadlığına mane olan Fransanın özünün demokratiya ölkəsi kimi təbliği gülüncdür. Çünki nə qədər pərdələnməyə çalışsa da, törətdiyi cinayətləri, yürütdüyü neokolonialist siyasəti gizlədə bilmir ki, bilmir...

Bu gün 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirməkdə maraqlıdır. Nəticədə dünya Fransanın öz müstəmləkələrindən əl çəkmədiyinin, oradakı yerli xalqların azadlıq istəyini boğduğunun şahidi olur. Buna misal kimi Yeni Kaledoniyanı, Polineziyanı göstərmək olar.

Aksiyaların tüğyan etdiyi Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Aksiyaların əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir. Belə bir şəraitdə Prezident Emmanuel Makronun bölgəyə ordu və jandarm qüvvələri göndərməsi daim demokratiyadan, insan haqlarından dəm vuran rəsmi Parisin öz siyasətində güc və zorakılıq amillərinə üstünlük verdiyini təsdiq edir. Hadisələrin gedişatı göstərir ki, bu gün Yeni Kaledoniyada baş verənlər məhz Parisin müstəmləkəçilik  siyasətinə qarşı açıq mübarizədir.

Hadisələrin gedişi  həm də onu göstərir ki, getdikcə Fransanın daha çox müstəmləkə subyektlərində “Rədd ol, Fransa” şüarları səsləndirilir və onun hər hansı bir formada mövcudluğuna son qoyulur. Təkcə son vaxtlarda bir neçə keçmiş müstəmləkə ölkəsindən Fransanın hərbi kontingenti çıxarılıb və bu tendensiya onilliklər boyunca Fransanın ağır müstəmləkəçilik siyasətindən əziyyət çəkən əksər ölkələrdə geridönməz prosesə çevrilib. Yelisey Sarayına açıq narazılıq jestləri edən və müstəqillik qazanmağa çalışan belə ölkələrdən biri də Fransız Polineziyasıdır. Fransanın burada müstəmləkəçilik siyasətinə başlamasının uzun tarixi var. Polineziyanın yerli əhalisi səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib və 1957-ci ildə ilk yerli hökumətini qurub. Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris olunmayıb. Polineziya həm də bəzi epidemik xəstəliklərin (çikunqunya böhranı, Denge epidemiyası) yayıldığı ərazi kimi tanınır. Bu azmış kimi, 30 il ərzində - 1966-1996-cı illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sınağı həyata keçirilib. Belə ki, 1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə, bölgədə ətraf mühit üçün ağır fəsadlarla nəticələnib. Ümumilikdə, təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.

İşğal edib sahib olduqları əraziləri fransızlar onilliklər ərzində əsl fəlakət zonasına, nüvə poliqonuna çeviriblər. Fransızlar Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində 11-i yeraltı olmaqla 17 nüvə sınağı keçiriblər. Həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsindən və müvafiq kompensasiyanın ödənilməsindən boyun qaçıran rəsmi Paris bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir. Bu azmış kimi, işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Xatırladaq ki, Əlcəzair mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında birinci yeri tutur.Fransa ordusu Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insanı amansızlıqla qətlə yetirib. Fransız ordusunun Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələrdə işğalın ağır fəsadları bu gün də hiss olunmaqdadır. 

Sadaladığımız bu faktlar Fransanın müstəmləkəçi tarixindən, müxtəlif xalqların hüquqlarına laqeyd münasibətindən, həmçinin müstəmləkəsi altında olan ölkələrin sərvətləri hesabına varlanmaqda davam etmək niyyətindən qaynaqlanır. Maraqlıdır, öz aləmində  “demokratiya dərsi” keçməyə çalışan Emmanuel Makron hakimiyyəti Fransa müstəmləkə ölkələrində törətdiyi cinayətlərə görə nə vaxt üzr istəyəcək? Həm də Fransa məsuliyyətini dərk edərək Əlcəzairə təzminatlar ödəməlidir. E.Makron üzr istəməyə və təzminatlar ödəməyə tələsməsə də, bu, gec-tez baş verəcək. Parisin kolonializm siyasətindən əl çəkməkdən başqa çıxış yolu yoxdur. Əgər Fransa könüllü şəkildə etməsə, öz azadlıqları uğrunda mübarizəyə qalxan xalqlar rəsmi Parisi buna məcbur edəcəklər.

Qeyd edək ki, Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinin ifşası istiqamətində fəal siyasət aparır. Ölkəmizin irəli sürdüyü təkliflər əsasında Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Bu təsisat ayrı-ayrı ölkələrdə xalqların azadlıq mübarizəsinə dəstək verir. Partiya ötən il Qoşulmama Hərəkatının Azərbaycanda keçirilmiş nazirlər iclası çərçivəsində kolonializmlə mübarizəyə dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs Qrupunun yaradılmasında iştirak edən tərəflərdən biridir.

Görünən odur ki, bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir. Rəsmi Paris Azərbaycanı “diktatura” adlandırmazdan öncə,  yaxşı olar ki, dönüb öz tarixindəki  keçmiş və indiki reallıqları qəbul etsin.  Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”