02 iyun 2024 14:10
914

Səbirsizliklə gözlənilən tədbir - COP29 və...

Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın dünya miqyaslı siyasəti ona olan etimadı daha da gücləndirib. Hazırda ölkəmiz noyabr ayında keçiriləcək daha bir məsul beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon¬vensiyasının Tərəflər Konfransının 29-cu ses¬siyasına (COP29) ciddi hazırlaşır. Artıq dünyaya da bəllidir ki, ölkəmizdə mühüm əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hər cür şərait var, eyni zamanda, rəsmi Bakı bu sahədə kifayət qədər təcrübəyə malikdir.

Yeri gəlmişkən qeyd edək ki,  COP29 bu vaxta qədər ölkəmizdə keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Belə ki,  2015-ci ildə Avropa Oyunları 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonağın iştirakı ilə keçirilmişdi. Ancaq bu ilin noyabr ayında keçiriləcək COP29-da 70-80 min  xarici nümayəndənin ölkəmizə gəlməsi gözlənilir.  Şübhəsiz, belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi həm də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. 

Dövlətimizin başçısı qlobal məsələlərin müzakirə ediləcəyi bu tədbirin də uğurla başa çatacağına əminliyini ifadə edib. Elə 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı təbrik məktublarında da bu nüans xüsusi vurğulanıb. Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden məktubunda qeyd edib ki, ABŞ regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və "yaşıl enerji"yə keçid sahəsində Azərbaycanla qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə səy göstərəcək: “Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”. Kanadanın General-Qubernatoru Meri Saymon ölkəsinin bu ilin sonunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözlədiyini  vurğulamaqla yanaşı, Kanadanın Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazır olduğunu vurğulayıb. Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb da COP29-da iştirak etməyi səbirsizliklə gözlədiyini bildirib. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs bununla bağlı öz fikirlərini belə yekunlaşdırıb: “Əminəm ki, COP29 uğurlu olacaq və iqlimlə bağlı fəaliyyətlərə təkan verəcək”. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer  COP29 iqlim konfransına ev sahibliyi edəcək Azərbaycanın öz üzərinə xüsusi məsuliyyət götürdüyünü bəyan edib: “Mən buna görə Sizə və Sizin həmvətənlərinizə təşəkkür etmək və Sizi iddialı iqlim siyasətinə mühüm təkan verməyə təşviq etmək istərdim”. “İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram” deyən İsrail Dövlətinin Prezidenti İsxak Hersoq da bu mühüm tədbirdə iştirakını səbirsizliklə gözlədiyini vurğulayıb. Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux ölkəsinin COP29-a töhfə verəcəyinə əmin olmağımızı diləyib. Belə məzmunlu məktubların sayı olduqca çoxdur.
 Təbrik məktublarından aydın görünür ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Finlandiya Prezidenti Aleksandr Stubb, Polşa Prezidenti Ancey Duda, Latviya Prezidenti Edqars Rinkeviçs, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və digər ölkələrin başçıları da COP29-da iştirak edəcəklərini bildiriblər. Şübhəsiz, bütün bunlar hər şeydən əvvəl Bakıda keçiriləcək siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malik tədbirə, həmçinin Azərbaycana, onun Liderinə verilən yüksək dəyərdir.
Amma ölkəmizə qarşı qərəzli mövqe sərgiləməkdə davam edən Fransa  hələ də öz ampluasındadır. Belə ki, Fransa Prezidenti Emmanuel Makron və onun nazirləri, merləri, həmçinin bu ölkənin üzdəniraq siyasətçiləri Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək istiqamətində fəaliyyətlərini bir an belə dayandırmırlar. Onlar iddia edirlər ki, guya mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Şübhəsiz, bu onların  hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməmələrindən bir iddiadır. Amma görünən budur ki, dünya liderlərinin bu kimi açıqlamaları fonunda daha Fransanın səsi özündən başqa bir kimsəyə çatmır.

Qvami Məhəbbətoğlu, “İki sahil