01 iyun 2024 15:27
476

Bakı mina problemi ilə bağlı qlobal həll yolları təklif edir - ŞƏRH

COP29  mina probleminə daha çox diqqətin cəlb edilməsində mühüm rol oynayacaq

Uzun illər davam etmiş münaqişə nəticəsində Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. 1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlar insanlar üçün ciddi risklər yaratmaqdadır. Hətta mina qurbanlarının sayı gündən-günə artır. Təkcə bir faktı qeyd edək ki, Vətən müharibəsinin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib. Belə bir vəziyyət işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. Şübhəsiz,  elə minaları basdıran hayların da məqsədi mümkün qədər çox sayda azərbaycanlının qətlinə nail olmaq, azad etdilən ərazilərimizə əhalinin qayıdışını maksimum uzatmaqdan ibarət olub. 

Rəsmi Bakının dəfələrlə müraciətlərinə baxmayaraq Ermənistan müxtəlif bəhanələrlə Azərbaycanı mülki ərazilərdə qəsdən basdırılmış minalarla bağlı tam və dəqiq informasiya ilə hələ də təmin etməyib. Özünü dünyada sülhün və ədalətin tərəfdarı kimi göstərməyə çalışan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar bu bəşəri cinayətlə bağlı Ermənistanı sərt şəkildə qınamırlar, hələ də susurlar. Halbuki, mina xəritələrini tam şəkildə Azərbaycana vermək Ermənistanın,  bunu sərt şəkildə tələb etmək isə beynəlxalq təşkilataların  humanitar və mənəvi borcudur. Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsinə qədərki dövrdə heç bir erməninin minaya düşməməsi belə qənaətə gəlməyə əsas verir ki, basdırılmış minalarla əlaqədar Ermənistanda dəqiq və müfəssəl xəritələr vardır.

Bütün bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. 

Məlumat üçün bildirək ki, indiyədək Qarabağda minatəmizləmə prosesinə 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Bu gün bir sıra ölkələr və beynəlxalq təşkilatlar da Azərbaycan ərazilərinin minalardan təmizlənmə prosesinə dəstək verirlər. Lakin bu istiqamətdə ölkəmizə beynəlxalq dəstək yetərincə deyil. 

Bütün bu kimi faktlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə cari ilin 30-31 may tarixlərində Zəngilanda işə başlayan və Bakıda davam etdirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransında bir daha səsləndirilib. Bir sıra xarici ölkələrin dövlət və hökumət nümayəndələrinin, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin, yerli və beynəlxalq mütəxəssislərin, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsinin, bir sözlə, 75 ölkədən 300-dən çox nümayəndənin iştirakı ilə keçirilən konfransda həmçinin vurğulanıb ki, mina partlayışları təkcə insan həyatına təhlükə yaratmır, həm də ətraf mühitə ciddi ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır.  Hətta konfransda çıxış edən  “Sülhün kökləri” (“Roots of peace”) təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Haydi Kyun çıxı¬şında minaları insanların yer üzündə ya¬ratdığı xərçəng xəstəliyinə bənzədib. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamış sursatlarla çirklənib ki, bu da kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.

Beynəxalq konfransda bu il Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından  (COP29) da söz açılıb. Bildirilib ki,  bu konfransın həmin tədbirlə sıx bağlılığı vardır. Hətta  BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regio¬nal bürosunun direktoru İvana Jivkoviç vurğulayıb ki, bu əlaqə tədbirlərin ətraf mühit və iqlim dəyişikliyinin dayanıqlılığına nail olmaq üçün dəyişikliyə səbəb olan fəaliyyətlərə yönəldilməsindən qaynaqlanır. “Ətraf mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması”, "Təhlükəsiz və yaşıl gələcək üçün resurs səfərbərliyi və mina fəaliyyəti vasitəsilə inklüziv transformasiya" və “Yaşıl davamlı inkişaf üçün siyasət inteqrasiyası və təbliğat” mövzularında keçirilən panel sessiyalarda da minaların ətraf mühitə vurduğu ziyan xüsusi diqqət mərkəzində olub. Başqa sözlə desək, mina problemi ilə ətraf mühit arasında əlaqənin vəhdəti ön plana çəkilib. Yeri gəlmişkən, mayın 31-də “LINKS Europe təşkilatı” “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “İqlim dəyişiklikləri, sülh və təhlükəsizlik: COP29 və sonra” mövzusunda paralel tədbir də keçirib.

Prezident İlham Əliyevin “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də bu tədbirin Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıdığı vurğulanmışdı. Bu mənada COP29-un mina probleminə daha çox diqqətin cəlb edilməsində və problemin iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq diskursa daxil edilməsində mühüm rol oynayacağı şəksizdir. 

Qeyd edək ki, bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramı arasında niyyət bəyannaməsi imzalanıb. Niyyət bəyannaməsi, Azərbaycan Respublikası ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Bundan başqa tədbirin sonunda təhlükəsiz və yaşıl gələcək üçün minaların ətraf mühitə təsirinin azaldılması və resursların səfərbər edilməsi məsələlərini özündə əks etdirən Bəyannamə da qəbul olunub.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan mina probleminin həlli istiqamətində təkcə öz maraqlarına uyğun çalışmır. Rəsmi Bakı, həmçinin  problemin həlli istiqamətində qlobal səviyyədə də həll yollarını təklif edir. Bu məqamda hənin tədbirdə ölkəmizin  minatəmizləmə sahəsində böyük təcrübə əldə etdiyini diqqətə çatdıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanovun bu fikirlərini xatırlatmaq yerinə düşər: "Biz bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırıq. Həmin təcrübəni əldə etmək bizə baha başa gəldi”.

Qvami Məhəbbətoğlu, “İki sahil”